Keçid linkləri

2008-ci ilin mayından start götürən Azərbaycan-Türkiyə qaz danışıqları finiş xəttinə yaxınlaşdı. Bunun anonsunu jurnalistlərlə bölüşən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev hətta dolayı yolla dəqiq tarix də açıqlayıb. Bu haqda bir qədər sonra, ancaq Azərbaycan Türkiyəyə əliboş getmir...

$5.5 MLRD-LIQ YATIRIM

R.Abdullayev deyir ki, oktyabrın 25-də Türkiyənin İzmir şəhərində «Petkim» kimya kompleksinin ərazisində (bu müəssisənin 51% nəzarət paketi 2008-ci ilin mayından «SOCAR-Turcas» alyansına məxsusdur) illik istehsal gücü 10 mln ton olan yeni neftayırma zavodunun təməlqoyma mərasimi keçiriləcək. Yeni emal zavodu 2015-ci ildə işə düşəcək və onun ərsəyə gəlməsi üçün $5.5 mlrd-lıq yatırım həyata keçirilməsi nəzərdə tutulur. «Bizim araşdırmalarımıza görə, yaxın 5 ildə Türkiyənin enerji sektoruna bizim qədər investisiya qoyulacaq ikinci bir layihə gözlənilmir», - deyə SOCAR prezidenti vurğulayıb.

AVROPADAN TÜRKİYƏYƏ BOYLANAN SOCAR

R.Abdullayevin digər açıqlamasından bəlli olub ki, bu günlərdə SOCAR Avropa Birliyi bazarında ilk dəfə olaraq neft məhsullarının pərakəndə satışını həyata keçirməyə başlayacaq. Belə ki, şirkət SOCAR brendi (markası) altında bir-neçə yanacaqdoldurma məntəqəsini Rumıniyada açacaq və bu mərasimdə şirkət prezidenti özü şəxsən iştirak edəcək. Hələlik burada satılacaq yanacaq yerli bazardan treyderlərdən alınacaq. Ancaq gələcəkdə vəziyyət dəyişəcək... Belə ki, İzmirdəki neft emalı zavodu istifadəyə verildikdən sonra Şərqi Avropanın Qara dəniz boyu ölkələri və Aralıq dəniz hövzəsi boyunca SOCAR dizel və təyyarə yanacağı bazarında özünə əməlli-başlı bazar əldə etmək niyyətindədir. Rumıniyanın neft məhsulları bazarında kifayət qədər rəqabət olmasına baxmayaraq, SOCAR perspektivdə bu ölkədəki yanacaqdoldurma stansiyalarının sayını 300-dək artırmağı planlaşdırır.

Rövnəq Abdullayev

Rövnəq Abdullayev

QAZ SAZİŞİ İMZALANACAQMI?

R.Abdullayev gələn həftə Türkiyəyə səfəri zamanı Azərbaycan qazının bu ölkə vasitəsilə nəqliylə bağlı danışıqların yekunlaşa biləcəyini istisna etməyib. Jurnalistlərin qaz sazişinin imzalanması ehtimalı ilə bağlı suala isə diplomatikcəsinə «Azərbaycan tərəfi bunun üçün hazırlaşır» cavabını verib. Ancaq yenə də sualın ikinci tərəfi açıq qalıb – bəs Türkiyə tərəfi necə, buna hazırdırmı?

Məntiqlə çıxış etsək, artıq iki ölkə arasında paket qaz sazişi imzalanmalıdır. Faktiki olaraq aprel ayının ortalarına qədər məsələlərin əsas hissəsi öz həllini tapmışdı və rəsmilərin dediyi kimi, qalmışdı «texniki məsələlər». Sonradan məlum oldu ki, Türkiyə tərəfi beynəlxalq sazişdə mübahisəli məsələlərin yaranması zamanı iqtisad məhkəməsində Britaniya qanunvericiliyinin tətbiqinə qarşı çıxıb (Azərbaycan tərəfi isə əzəldən bunu daha əlverişli sayırmış, çünki vaxtilə «Şah-dəniz» yatağının işlənmə müqaviləsi, buradan çıxarılan qazın Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyə bazarına nəql etdirilməsi sazişi də həmin dövlətin qanunları əsasında hazırlanmışdı) və öz qanunları ilə tənzimləmək niyyətində bulunub. Bundan sonrakı dövrlərdə kompromis nəticəsində İsveçrə qanunvericiliyinin tətbiqi razılaşdırılıb. Avqustun sonundan başlayaraq tərəflər demək olar ki, intensiv danışıqlar keçiriblər. İş o yerə çatmışdı ki, sentyabrın 26-da artıq sazişin imza edilməsini Türkiyə mətbuatı anons da etmişdi. Yəni, faktiki olaraq çözüləsi elə bir ciddi şey qalmayıb.

Başqa bir tərəfdən Türkiyənin bəzi mətbu orqanlarının verdiyi məlumatlara görə, oktyabrın 25-də İzmirdəki mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Teyyub Ərdoğan da iştirak edəcəklər. Onların yazdıqlarına görə, iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı da keçirilməlidir. Və belə olan tərzdə, çox güman ki, qaz sazişi də imzalana bilər.

Xəzərdə neft platforması, 10 may 2011

Xəzərdə neft platforması, 10 may 2011

«OKTYABR SAZİŞİ» NƏYƏ TƏKAN VERƏR

SOCAR prezidenti R.Abdullayev faktiki olaraq qazla bağlı «yol xəritəsi»ni açıqlayıb. Deyib ki, Azərbaycan və tərəfdaşları «Şah-dəniz» yatağından çıxarılan qazın Avropaya nəqli ilə bağlı marşrutu noyabra qədər müəyyənləşdirəcəklər.

««Şah-dəniz» konsorsiumu Avropaya qaz nəqlinin marşrutu ilə bağlı oktyabr-noyabr aylarında qərar verəcək», - deyə Abdullayev bildirib.

Onun fikrincə, «Şah-dəniz»in ikinci mərhələsini əhatə edən işlərin 2012-ci il büdcəsində öz əksini tapması üçün gərək bu yaxınlarda qərar verilsin.

HANSI MARŞRUT? «NABUCCO» PLANDAN ÇIXARILIB!

Bu yaxınlarda Avstriya prezidenti H.Fişer Azərbaycana və Türkmənistana rəsmi səfər etdi və səfər öncəsi elan edilmişdi ki, burada başlıca məqamlardan biri «Nabucco»nun və «Transxəzər» qaz kəmərləri layihələrinin lobbiçiliyidir. Ancaq rəsmi Bakıdan birbaşa, nə də nə dolayısı ilə «Nabucco»nun dəstəklənməsi ilə bağlı vəd ala bilmədi c-b Fişer. Prezident İlham Əliyev ikitərəfli görüşdən sonra mətbuat üçün açıqlamasında bu mövzuya toxunarkən bir daha vurğuladı ki, «...üç layihənin kommersiya şərtləri, eyni zamanda, onların icra müddəti, texniki parametrləri əsas rol oynayacaqdır. Bu, elə bir qərar olmalıdır ki, vaxt itirməyək... Hər tərəf qələbə qazanmalıdır - Azərbaycan resursların sahibi kimi, tranzit ölkələr və istehlakçılar» (www.president.az). Bunun açması budur ki, «Nabucco» Azərbaycan prezidentinin açıqladığı tələblərə cavab vermir: onun meqalayihə olduğu hamıya bəllidir, yəni tikintisi vaxt aparandır (OMV şirkəti artıq elan edib ki, «Nabucco»nun istismara verilməsi 2018-ci ilədək təxirə salınır), layihənin kommersiya baxımından özünü doğrultması isə hələ də mübahisə predmetidir (bu günlərdə AB Enerji komissarı c-b Ottinger də razılaşdı ki, «Nabucco»nun tikintisi 7.9 mlrd avroya deyil 10-14 mlrd avroya başa gələ bilər. BP-nin hesablamalarına görə isə, 14-15 mlrd avro).

«Nabucco» layihəsi

«Nabucco» layihəsi

Mənim diqqətimi isə SOCAR prezidentinin son açıqlamasındakı bir məqam çəkdi. O bildirdi ki, «...yaxın 5 ildə Türkiyənin enerji sektoruna bizim qədər investisiya qoyulacaq ikinci bir layihə gözlənilmir». Təbii ki, Rövnəq müəllim Türkiyənin enerji sektoru deyəndə, qazı nəzərdə tutur (atom energetikasına ediləcək yatırımlar bəlkə $10 mlrd-a çatdı). Qaz sektorunda isə «Nabucco» həyata keçiriləcəksə, təkcə Türkiyə ərazisində onun ərsəyə gəlməsi üçün ən azı 5-6 mlrd avro vəsait gərək olacaq. SOCAR prezidenti bunu əminliklə dilə gətirirsə, demək artıq 1 oktyabrda boru kəmərləri iştirakçılarının (ITGI, TAP, «Nabucco») təqdim etdikləri layihələrin qiymətləndirmə prosesi başa çatıb və «Şah-dəniz» tərəfdaşları ilə müəyyən razılıq əldə edilib.

Ancaq «Nabucco»nun «Şah-dəniz» qazından məhrum olması çox güman ki, ilin sonuna kimi açıqlanmasın. Rəsmi Bakı Avropa Birliyi ilə əlaqələri müəyyən qədər səliqə-sahmana salmalıdır və «Nabucco»ya «Ümid», «Abşeron», «Babək», «Azəri-Çıraq-Günəşli»nin dərin qatlarındakı qazla ümid verməlidir. «Transxəzər» isə artıq öz işini görməyə başlayıb: 19 oktyabrı Türkmənistanla Rusiya arasında yeni «soyuq müharibə»nin başlanğıcı günü kimi tarixə daxil etmək olar. Rəsmi Aşqabad ad çəkmədən hətta Rusiya prezidentinə də toxunmaqdan belə çəkinməyib. Artıq bu, başqa bir mövzudur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG