Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın başı üstündə duran iki pozucu cümlə


Niyazi Mehdi
Niyazi Mehdi

İki insan türündən (cüründən, düründən) biri

Heqel (ruslar «Hegel» deyirlər) fərdlə şəxsiyyəti belə ayırırdı: fərd, adətən, primitiv toplumlarda olur. O özünü bədəncə başqa bədənlərdən ayırır. Ən azı ona görə ki, başqasının ayağına tikan batanda ona acımırsa, bu tikanın ağrısını özündə duymur. Ancaq fərd özünü heç cürə yurddaşları ilə, içində yaşadığı toplumla konfliktdə duymur. Çünki sözəbaxanlıqla gələnəklərə, törələrə əməl edir, hamının geydiyini geyir, yediyini yeyir, sevdiyini sevir və heç birisinə qarşı da «axı, niyə» sorusu ilə çıxmır. «Axı, niyə belə olmalıdır, niyə belə olmalıyam» sorusu fərdin psixolojisi, mənəviyyatı üçün verilməsi imkansız suallardır.

Heqelin bu fərdi daha çox qəbilə insanıdır, qalıqları 21-ci yüzildə kəndlərdə qalır. Bu fərd dədə-baba dünyasını «məhkəməyə çəkmir», bu dünyaya qiyam etmir.

İki insan türündən ikincisi

Heqel o biri insan türünə «şəxsiyyət» deyir. Şəxsiyyət fərddən fərqli olaraq refleksiya edir. Fəlsəfədə refleksiya nəyisə necə düşünməyini düşünməkdir. Yəni özünü düşünməkdir, öz içində qurdalanmaqdır. Əxlaqlı adam nəfəs aldığı təbiilikdə yaxşı davranışlarını edir. Refleksiya edən adam isə sual qoyur: niyə yaxşı olmalıyam?!

Heqeldə bu sualı qoyan kəs fərd qatından çıxıb şəxsiyyət qatına qalxır.

Alman filosofunun bu bölgüsünün terminologiyası qalmadı. Yəni sonralar heç kim «fərd» və «şəxsiyyət» sözlərini onun anlamlarında işlətmədi. Ancaq əvəzində alman filosofunun bölgüsünün özü indi də aktuallığını saxlayır.

Çağımız böyük hərflə yox, kiçik hərflə yazılan şəxsiyyətlər çağıdır. Çoxları bir xeyli dəyəri şübhə altına alırlar, bir xeyli dəyərə sayğısız yanaşırlar və bununla sanki Niççelik, Froydluq (Freydlik), hippilik, anarxistlik edirlər. Ancaq elə bu adamlar da bir nəsnəni aydın edirlər. 20-ci yüziləcən şəxsiyyətlər dəyərlərə, dədə-baba dünyasına qarşı çıxırdılar ki, daha yüksək dünyanı yaratsınlar. 20-ci 21-ci yüzillərdə bu qiyamların yaratdığı «qarşı çıxmaq» mühitindən – artıq, qarşı çıxmaq asan olan, ərənlik tələb etməyən mühit oldu, - bax, bu mühitdən yüz minlərlə adam istifadə etdi ki, «mənə nə», «mən yox» fəlsəfəsinə cürət etsin. Haçanlarsa, belə düşünənlər olsa da, belə düşündüklərini gizlədirdilər. Dəyərlərə qarşı çıxan qiyamçılardan sonra belə düşünənlər dünyanın mahiyyətini bilən müdriklər qiyafəsində özlərini gördülər.

Özünü heçnələyən fəlsəfə

Məni bu yazıda iki deyim ilgiləndirir. Onlardan biri «bir mənlə nə olacaq»dır. Bu deyimdə riyaziyyatın, statistikasının guya ki, gerçəyi, düzü var. Adam bilir ki, filankəs deputat, ya prezident olsa, yaxşı olar. Ancaq seçki məntəqəsinə getməyə tənbəllik onu tutanda bəhanə edir: “bir mənlə nə olacaq?!” İşdə hamı haqsızlıq edib kimisə təkləyir. Vicdanlı olmaq istəyən “bir mənlə nə olacaq?! düşünüb vicdanını sakitləşdir. Hamı rüşvət alanda, yağmalayanda mənim belə düz olmağımın nə anlamı var? (Bir mənlə nə olacaq?)

O biri korlayıcı cümlə


Bu cümlə belədir, «birdən mən hərif yerində qalaram». Mən növbə tutsam və pəzəvənglər özlərini qabağa soxub axırıncı çörəyi aparsalar, hərif yerində qalmaram ki?! Hamı sağdan-soldan bir-birinə kəf, kələk gələndə mən belə olmasam, hərif yerində qalmaram ki?!

Mədəniyyətdə bu iki korlayıcı cümləyə qarşı duran mexanizmlər

«Mədəniyyət nə üçündür» sorusunun cavabında çox düdüləmə sözlər deyirlər. Nə bilim mədəniyyət mənəvi zənginlik üçündür, mədəniyyət incəsənəti, əxlaqı, insanı və s. birləşdirmək üçündür və s.

Ancaq bu sırada sadə nəsnələri də demək gərəkdir: mədəniyyət insanı korlayan «bir mənlə nə olacaq», «hərif yerində qalmaram ki?» deyimlərinin korlayıcı gücünü azaltmaq üçündür (hərçənd müəllim pul yığırsa, himn “işinə gedir”). Mədəniyyətdə vətən uğrunda ölümə getmiş, varından keçmiş adamlara sevgi yaradılırsa, bunun bir sonucu da gətirdiyimiz deyimlərin korlayıcı gücünü azaltmaqdır. Məktəblərdə himni öyrətmək də bunun üçündür.

Mənim gətirdiyim deyimlər hamımızı içəridən yeyir. Görürsən, adam gəncliyində onları yaxın buraxmır, sonra Qarabağ əlilinin ağlamalı vəziyyətini görüb yaxın buraxır. Görürsən, adam gəncliyində görəndə ki, birisi müstəqilliyin əleyhinə səs vermişdi, ancaq indi müstəqilliyin açdığı imkanlarda milyonlar qazanır, «hərif yerində qalmamaq» fəlsəfəsinin əsirinə çevrilir.

Düzü, o iki deyim hamımızı yeyib dağıdır. Bəzən psixi cəhətdən patologiyası olanlara gücü çatmır. Ancaq çox vaxt yüksək əxlaqı, düşüncəsi olanlara gücü çatmır – belə adamlar isə azdır. Bəs, nə etməli?

Əgər bir məmləkətdə «bir mənlə nə olacaq?!», «sonra hərif yerinə qalmaram ki?!» deyimləri yeni-yeni dəstələri, yeni-yeni sosial alanları fəth edirsə, deməli, orada din də aşağıdır, əxlaq da aşağıdır, incəsənət də aşağıdır, dövlət də aşağıdır.

O deyimlərin hələlik gücü çatmadığı nəsnələr

Ancaq niyə bir gün çox yaşamaq məsələsi gələndə çoxumuz «bir günlə nə olacaq?!» demirik?! Uşaqları ağır xəstə olanlar isə hətta ümidsiz vəziyyətdə də bu fəlsəfəni yaxın buraxmadan evlərini satıb pullarını həkimə verirlər.

Deməli, insan özü, doğmaları ilə bağlı o korlayıcı cümlələri yaxın buraxmaya bilər. Bəs, niyə ləyaqətli yaşamaq, kişi qalmaq məsələsi ilə bağlı o deyimləri yaxın buraxmayanlar belə azdır?

Gəlin, diaqnozumuzu bilək: Azərbaycan insanı «bir mənlə nə olacaq», «birdən hərif yerinə qalaram» «ağılındadır».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG