Keçid linkləri

Hazırda həbsxanada olan gənc fəal Bəxtiyar Hacıyev hökumətin gənclər siyasətindən bəhs edən fikirlərini jurnalistlərə göndərib. Onun həbsxanadan yazdıqlarını təqdim edirik:

Hazırda Prezident Adminstrasiyası gənclər arasında nüfuz savaşı aparır. Bu savaş əvvəlcə cəmiyyətdə kifayət qədər təhsilli gənci öz ətrafına toplamış AN şəbəkəsinin və yaradıcı yanaşması ilə effektiv fəaliyyət göstərən OL Gənclər hərəkatının rəhbərlərinin 2009-cu ildə həbsi ilə başladı.

Daha sonra Avropada təhsil alan gəncləri özündə birləşdirən FASE-nin neytrallaşdırılması, yeni yaranan FACE qrupuna süni əngəllərlə davam etdi. Adminstrasiya bir tərəfdə müstəqil, təhsilli gəncləri sıxmaqla yanaşı, digər tərəfdə özünün qurduğu təşkilatları maliyyələşdirməyə, gənclər üçün cazibədar etməyə çalışdı.

2007-ci ildə “Azərbaycan gənclərinin xaricdə təhsili 2007-2015”, 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları qəbul olundu. Bundan əlavə, gənclərə ipoteka verilməsinin şərtlərinin asanlaşdırılması, Gənclər mərkəzlərinin tikilməsi, gənclərlə bağlı tədbirlərin Bakıda keçirilməsi təklif olundu. Lakin bütün bunlara baxmayaraq, Prezident Adminstrasiyası gənclərin rəğbətini qazanmaq üçün gördükləri işlərdə ciddi nəticə əldə etməyib.
Bunun iki sadə səbəbi var. Birincisi, 2011-ci ildəki Azərbaycan gənci 2005, 2008-ci illərdəki gənc deyil. Bu gün xaricdə təhsil alan, daha çox özünün müstəqil mövqeyini qorumağa, ictimai maraqlara sahib çıxmağa çalışan yeni gənc nəsil yetişib, bu gənclərin sayı sürətlə artır. Həmin gənclərin qəlblərini və beyinlərini pulla, xüsusi ilə dövlət büdcəsi hesabına fəth etmək olmaz. Dövlət Proqramlarından faydalanmaqla yanaşı bu gənclər çox gözəl anlayırlar ki, bu proqramlar dövlət büdcəsi hesabına reallaşır, bu tədbirləri keçirməyə dövlət borcludur və dövlət büdcəsindən ədalətli, səmərəli istifadə hər bir Azərbaycan gəncinin haqqıdır.
İkincisi, Adminstrasiya sadə bir həqiqəti anlamır. İstər beynəlxalq aləmdə, istərsə də Azərbaycan gəncləri arasında müsbət bir fikir formalaşdırmağın yeganə yolu var – həqiqətən də müsbət olmaq.
Çox şadam ki, yeni Azərbaycan gəncləri bu iki məsələni çox dəqiq görə bilirlər. Dövlət büdcəsi hesabına həyata keçirilən Dövlət Proqramlarından bəhrələnməklə yanaşı, hakimiyyət ciddi islahatlar reallaşdırmadan hakimiyyətin dövlət büdcəsi ilə ictimai simpatiya qazanmaq tələsinə düşmürlər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

BŞ-ın Harvard universiteti məzunu olan, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev bu il mart ayının 4-də Gəncədə həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami Rayon məhkəməsinin qərarı ilə hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə həbs edilib. Gənc fəal özü və bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır.

Şərhləri göstər

XS
SM
MD
LG