Keçid linkləri

BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçiləndən sonra rəsmi Bakı hələ bir müddət «analoqu olmayan diplomatik uğur»dan danışacaqdı. Bunu irəlicədən hiss etmək elə bir siyasi fəhm tələb etmirdi.

Təbii, uğur vardı. Cəmi 20 il müstəqil olan bir dövlətin TŞ-da təmsil olunmasını təqdir etməmək mümkün deyil, lakin bununla bağlı gözləntilər necə olmalıdır, bu, ayrı və ciddi bir söhbətin mövzusudur.

Məqsədinə çatmaq üçün Bakı irəlicədən bir neçə addım atdı və onların hər biri özünün davamını tələb edir. Ölkə özünün Yaxın Şərqdəki siyasətinə ciddi korrektələr edərək İslam Əməkdaşlıq Təşkilatının dəstəyini aldı. Yaxın Şərq də elə məsələdir ki, o, daim BMT-nin gündəliyindədir. Bu məsələdə ciddi ardıcıllıq tələb olunur.

İSRAİL VƏ İRANLA MÜNASİBƏTLƏR NECƏ OLACAQ?

Amma ortalıqda İsraillə münasibətin də necə olacağı məsələsi var. Azərbaycan İsrail-Fələstin problemində, necə deyərlər, «qızıl orta»nı saxlaya biləcəkmi? Nəzərə alsaq ki, Türkiyə də bu münasibətlərdə ciddi bir dönüş umur, məsələnin çətinliyi dərhal aydın olar.

BMT-də tez-tez, xüsusi bir gərginliklə müzakirə olunan məsələlərdən biri də İrandır. Bu məsələ mütəmadi olaraq BMT TŞ-da qaldırılır. Amma məlum olduğu kimi, Azərbaycan İranla çox ehtiyatla davranır. Bəs Bakı BMT-də az qala mütəmadi problemə çevrilən İrana qarşı sanksiyalara səs verəcəkmi?

TŞ-da təmsil olunmaq müəyyən mənada böyük siyasətə bir çıxışdır. Amma böyük siyasətin böyük də problemləri var. İndiyə qədər ölkə özünün diqqətdən kənarda olmasından istifadə edərək bu problemləri müəyyən qədər özündən sovuşdururdu. İsrail prezidenti Şimon Peres və İlham Əliyev, 28 iyun 2009

İsrail prezidenti Şimon Peres və İlham Əliyev, 28 iyun 2009

Lakin artıq belə olmayacaq, bütün mühüm məsələlər üzrə Azərbaycan da digər ölkələr tək səs verməli olacaq. Burada neytrallığı qorumaq elə də asan bir məsələ deyil.

Neytrallıqdan söz düşmüşkən, ölkənin TŞ-a yolunu açan addımlardan biri də onun neytral dövlətlər blokuna üzvlüyü oldu. Ölkə neytrallıq mantiyasını öz əyninə geyinsə də, yenə də ara-bir NATO ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edir. Düzdür, burada ölkə özünün «modernləşmə» taktikasından yararlanır, NATO-dan daha çox öz ordusunun texniki-taktiki göstəricilərinin yaxşılaşdırılması üçün istifadəyə cəhd edir. Lakin bütün bu məsələlərdən də ümdə olan gözləntilərdir və həmin məsələ bu gün rəsmi Bakını da, cəmiyyəti də heç də az məşğul etmir.

ERMƏNİSTANIN ADINI SƏNƏDƏ SALMAQ MÜMKÜN OLACAQMI?

Təbii ki, ən böyük gözləntilər Qarabağla bağlıdır. İlham Əliyev Avropa Şurasında çalışdığı vaxt da cəhd edirdi ki, təşkilat Qarabağla bağlı sənəd qəbul etsin.
Lakin bütün bu sənədlərin, o cümlədən BMT-nin qəbul etdiyi 4 qətnamədə Ermənistanın adı çəkilmir. Ən yaxşı halda «etnik ermənilər» ifadəsindən və dolaşıq ibarələrdən istifadə olunur.

Bu vaxta qədər rəsmi Bakı təcavüz faktı ilə, necə deyərlər, Ermənistanın əlini-qolunu bağlaya bilmir, təcavüzün elə onun tərəfindən edildiyini sənədləşdirə bilmir.

Bunun özü də çox təəccüblü faktdır. Düz 19 ildir ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gedir, üç böyük dövlət də buna vasitəçilik edir. Amma Ermənistanın işğalçı olması faktı hələ heç bir beynəlxalq sənəddə öz əksini tapmayıb.

Dağlıq Qarabağda erməni hərbçiləri

Dağlıq Qarabağda erməni hərbçiləri

​İ.Əliyev özünün siyasi ritorikasını bəzən olduğundan artıq qiymətləndirməyi sevir. Amma bu bir faktdır ki, siyasətdə heç də hər şey ritorika ilə həll olunmur. O, Avropanı məlumatlandırmağa cəhd edərkən, Avropa Şurasının seyrək zalında işğalla bağlı faktları açıqlamaq istəyərkən Ermənistanın prezidentləri elə həmin bu zalda deputatlara Qarabağ müharibəsi ilə bağlı xatirələrini danışırdılar. Məhz bu səbəbdən rəsmi Bakının iki il müddətində TŞ-da öz istəyinə çatması da bir qədər problemli görünür.

ŞƏRQİ AVROPANIN TƏMSİLÇİSİ

Bu missiya elə də asan deyil. Bəlkə bu, siyasətin ironiyasıdır. BMT bəzi xüsusiyyətlərinə görə Avropa strukturlarından fərqlənir. Burada «üçüncü» dövlətlər geniş təmsil olunub. Elə BMT baş katiblərini götürün, hamısı əsas etibarilə Asiya və Afrika ölkələrinin təmsilçiləridir. Bəzi hallarda Avropanın problemlərini afro-Asiya mənşəli müşahidəçilər və ekspertlər çözürlər.

Bu aspektdən yanaşanda, Azərbaycanın BMT-də Şərqi Avropanı təmsil etməsi bir o qədər də qeyri-adi görünmür və özünə səbirlə yanaşmağı tövsiyə edir.
Lakin bir məsələ bütün hallarda özünün tragikomik çalarları ilə adamı sözün əsl mənasında güldürür: Bakıdan Avropa İnsan Haqları Məhkəməsinə ərizə və şikayətlər daxil olmaqda davam edərkən Azərbaycan TŞ-da Avropanın bir hissəsini təmsil edəcək... Doğrudan da siyasətin məntiqi qəlizdir, özü də olduqca...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG