Keçid linkləri

Oktyabr ayının əvvəlində Mərkəzi Avropa Bankının artıq keçmiş rəhbəri, fransız maliyyəçisi Jean-Claude Trichet (Jan-Klod Trişe kimi oxunur – qeyd) axırıncı mətbuat konfransını keçirdi. Trichet bankın siyasəti açıqlanan mətbuat konfranslarında həmişə iştirak etdiklərinə görə jurnalistlərə təşəkkür elədi və gözlənilən xəbəri – tutduğu vəzifədən getdiyini bildirdi:

«Bu, mənim sonuncu mətbuat konfransımdı. 8 il əvvəl, keçirdiyim ilk mətbuat konfransı yaxşı yadımdadı, adama dünən kimi gəlir».

BANKİRİN ÜRƏYİNDƏN KEÇƏNLƏR

Sonra Trichet Mərkəzi Bankın Avropa banklarına yardım tədbirlərini sadaladı, 40 milyard avroluq səhm almaq qərarını dedi, faizlərdən danışdı. Amma mənimçün maraqlı bu deyildi.

Bilmirəm bu an onun ürəyindən nələr keçdi? Amma Trichet vəzifədən əsl lider, sanballı, ləyaqətli, özünə hörmət edən insan kimi gedirdi. Çıxışını bitirdikdən sonra o, son dəfə şəkil çəkdirmək üçün bankın bir qrup əməkdaşına yaxınlaşdı. Mənə maraqlı gələn onun hərəkəti, şax yerişi-duruşu, zarafatla əlini-əlinə sürtməyi, birinci sırada dayanıb gülümsəməyi oldu.

Bəlkə də həmin gün, yaşı yetmişi haqlayan bankirin həyatındakı ən uğurlu-sevincli gün deyildi.

Amma burada faciəvi də heç nə yox idi.

ŞƏRƏF VƏ LƏYAQƏTLƏ GETMƏK

Trichet Parisdəki elitar Milli Administrasiya Məktəbinin məzunudur. Fransanın, Avropanın və ümumiyyətlə dünyanın tanınan, sözükeçən maliyyəçilərindən biridir. Dünya Bankının rəhbəri olub, Fransa Bankına iki müddət rəhbərlik eləyib.

İndi o, Mərkəzi Avropa Bankının İdarə Heyətinin sədri kimi yüksək və məsuliyyətli vəzifədən gedirdi. Sakit gedirdi, şərəf və ləyaqətlə...

AVROPA MƏDƏNİYYƏTİ


Onun hara gedəcəyini – növbəti məsul vəzifəyə, yoxsa təqaüdə, dincəlməyə – bilmirəm. Amma bilmədən də ona həsəd apardım. Bu gedişin, bu mətbuat konfransının, bankirin hərəkətlərinin arxasında bu günkü müstəqil və dünənki sovet Azərbaycanının böyük hissəsi üçün naməlum, yad olan Avropa mədəniyyətinin bütöv bir kəsimi dayanmışdı.

KÖHNƏ EVDƏKİ ZARAFAT


Azərbaycanda nəinki indi, SSRİ-də hələ 25 il, yarım əsr, 75 il əvvəl də, yüksək vəzifə tutan adamın vəzifədən getməyi, bir qayda olaraq, böyük faciə, imtiyazların və korrupsiya pullarının itirilməsi, bir sözlə, çox şeyi itirmək demək idi.

40 il yaşadığım Azneftdəki köhnə binamızda Sovet vaxtı bir çox rəhbər, “nomenklatur” vəzifələrdə işləyən adamlar da yaşayırdı. O vaxtlar belə bir zarafatımız vardı – kimisə işdən çıxaranda, kinayəylə soruşardıq – “Bəs «Təcili yardım» hanı?”

Əksər hallarda vəzifədən çıxarılan adamın yaşadığı blokun ağzında günün ikinci yarısı «Təcili yardım» maşını dayanardı. Ona görə ki, adətən «işdən çıxarılanın» halı pisləşir, ya ürəyi tutar, ya təzyiqi qalxardı, nə bilim, əsəbləri pozulardı.

Vaxtilə Qorbaçov Heydər Əliyevi SSRİ Nazirlər Sovetinin birinci müavinin vəzifəsindən azad eləyib, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan çıxaranda Heydər Əliyev infarkt keçirmişdi.

NÜFUZLU BİR ŞƏXSİN İSTERİKASI

Trichetin gediş səhnəsi tamam başqa, 20 il əvvəl Azərbaycanda baş verən bir hadisəni də yadıma saldı - ölkə çapında böyük vəzifəli, nüfuzlu bir şəxs vəzifəsini itirəndə gördüyüm isterika səhnəsini. Olay belə idi - Milli Məclisdə bütöv bir komitənin ləğv olunması barədə qərar çıxarıldı və zalda oturan komitə sədrinin vəzifəsi də o andaca yox oldu. Bunu eşidib-bilən kimi həmin adam ayağa qalxdı, nəsə demək istədi, amma özünü itirdi, yersiz əl-qol ata-ata, az qala ağlaya-ağlaya bir-iki qırıq-kəsik, mənasız-məntiqsiz cümlə dedi və oturdu. Onun hərəkətləri mənə sudan çıxarılmış balığın, başı kəsilib buraxılmış toyuğun mənasız çabalamalarını xatırlatdı. Televiziya bu kadrları canlı yayımda göstərirdi və hamı hər şeyi gördü…

MAAŞLA YAŞAYANLAR

Amma mənim ona yazığım gəlmədi. Niyə də gəlməli idi? O nəyi itirmişdi ki, hamının gözü qabağında belə qəhərləndi, ağlamağa yaxın idi? “Nomenklatur” vəzifəsini, imtiyazlarını, böyük rüşvət pullarını? Ac, işsiz ki qalmayacaqdı? Qalanda nə olar? Vəzifə beləmi şirin şeydi? Bəs insanın mənliyi, kişi qüruru? Bəs milyonlarla sadə, vəzifəlilərdən xeyli ləyaqətli insan vəzifəsiz-rüşvətsiz, imtiyazsız, adicə maaşla necə dolanırdı?

«TƏCİLİ YARDIM» MAŞINI

Bəs bizim ailə maaşla necə yaşayırdı? Bəs milyonlarla başqa ailələr? Bütün “nomenklatur” vəzifəlilər oğru, korrupsioner deyildi, heç də hamı vəzifəyə gəlmək arzusu ilə yaşamırdı. Bizim həyətdə az olsa da, elə qonşular vardı ki, müəllimliyi hər şeydən üstün tuturdu, rüşvət almırdı, qohum-əqrəbanı “çörəyə çatdırmamışdı”. Hətta elə “nomenklatur” vəzifəlilər vardı ki, vəzifədən çıxarılanda onların bloklarının ağzında «Təcili yardım» maşını dayanmamışdı…

SUALLAR

Avropa Bankının idarə heyətinin sədri Jean-Claude Trichetin gedişinin sualtı, gizli məqamları barədə heç nə bilmirəm. Bilmirəm, onun ürəyindən nələr keçdi-getdi. Amma Trichet öz qədir-qiymətini bilən mütəxəssis, müəssisə rəhbəri, ləyaqətli insan, kişi kimi getdi – “Təcili yardım”sız.

Maraqlıdır, nədir insanların vəzifəyə olan xəstə bağlılığının səbəbi - cəmiyyətin təbiəti, yoxsa onların kimliyi? Trichet Azərbaycanda böyüsəydi, eyni qürur sahibi olardımı? Olsaydı – vəzifəyə yüksələrdimi?

Necə bilirsiz?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG