Keçid linkləri

F.Zaxarianın eyniadlı bestsellerindən sonra belə mövzuda yazmaq çətindir.
Belə yazarlar olur. Onlar sanki götürdükləri mövzulara özlərinin möhürlərini vururlar. Amma bir məsələ də var ki, azadlıq kimi mövzulara qeyri-azad və avtoritar ölkələrin insanları daha həssas olurlar. Dünyada nələr baş verir? O hansı istiqamətdə inkişaf edir? Tarixin əqrəbi nələri göstərir? Bunlar elə bir suallardır ki, onlar haqda düşünmək nəinki kiçik ölkələrin vətəndaşlarının da haqqıdır, bəlkə də borcudur.

Budur, artıq bir ildən çoxdur ki, dünyanı bir qlobal böhran təqib edir. Bu böhranın arxasında nə dayanır? Bəlkə insanlar cavabı K.Marksın, nə qədər təəccüblü olsa da, yenidən bestsellerə çevrilmiş «Kapital»ında axtarmaqla düz etmirlər? Nədən biz bu böhran haqqında əsl iqtisadçı sözü eşitmirik? Təəssüf, son illərdə iqtisadçılar da adi bir brokerə çevriliblər, onları yalnız qiymətlər - neftin və qazın qiyməti maraqlandırır. Bu təkcə iqtisadi məsələlərlə bağlı baş vermir.

Liviyada qiyamçılar M.Qəddafini devirəndən sonra şəriətdən və şəriət qaydalarından danışmağa başladılar. Bu, isə yeni İran təhlükəsi deməkdir. Proses necə bitəcək? Liviya hansı bir istiqamətə üz tutacaq? Bəli, bunlar hamısı azadlığın gələcəyi və onun dərki ilə bağlı suallardır. Ya da bir də görürsən ki, nisbətən təcrübəli Misirdə belə dini icmalar arasında toqquşma baş verir və elə dərhal sual yaranır: əcəba, dünya doğrudanmı hələ diktatorlarsız keçinmək iqtidarında deyil? Bəlkə elə doğrudan da Aristotel demişkən, azadlıq və tiraniya əkiz qardaşlardır?

Hər halda, bütün bunlara baxmayaraq dünya ümidsiz deyil. Amma bir məsələ də var ki, NATO-nun təyyarələri hansısa diktatorun devrilməsinə təkan verə bilər, fəqət, bu təyyarələr də əsl azad və demokratik rejim bərqərar etməkdə acizdir, çünki insanlardan çox şey asılıdır. Liviya, 23 avqust 2011

Liviya, 23 avqust 2011

İnsanlar azad bir rejim bərqərar etmək iqtidarında deyillərsə, onda bir qütbdən başqasına adlamaq təbii olur və bəzi politoloqlar artıq indidən belə ssenarini hiss edirlər. Burada «Tütək səsi» filminin qəhrəmanlarından birinin dediyi söz yada düşür: «Gəl, ümidini itirmə, a Qurban!»...

DÜNYANIN İKİ ƏN QƏDİM PARTİYASI

Deyilənə görə, partiyaların tarixi çox qədimdir. İlk siyasi institut-hakimiyyət meydana çıxandan partiyalar da formalaşmağa başlayıb. Təbii ki, onlar indi olduğu kimi olmayıblar. Amma məsələ bunda deyil. İndi də dünyanın hansı səmtinə baxırsan partiyalar görürsən – müxtəlif ideologiyalı, müxtəlif səmtli və müxtəlif strukturlu. Amma mən bu spektrdən cəmi iki partiyanı ayırardım və onların üstündə dayanardım: tərəqqiyə inananlar və inanmayanlar... Siz bütün filosofları, tarixçiləri, sosioloqları yada salın. Onların hamısını bu iki qəlibə yerləşdirmək olar. Eləsi olub, bütün ziqzaqlara, geriləmələrə rəğmən tərəqqiyə inanıb, eləsi də olub ki, əvvəldən çarəsiz pessimist olub, hər şeyi yalnız mənfi prizmada görüb, hər şeyin yalnız pisləşməsini, tənəzzülə və bir də reqressə doğru istiqamət almasını iddia edib.

İndi azadlığın gələcəyinə münasibətdə də insanları iki qrupa ayırmaq olar: tərəqqiyə inananlar və onu qəbul etməyənlər. Elə insanlar var ki, deyirlər ki, bu adamlara azadlıq, haqq verməyin, onlar bundan ancaq pis işlər üçün istifadə edəcəklər. Qahirə, 11 fevral 2011

Qahirə, 11 fevral 2011

Elələri də var ki, bunun əksini deyirlər: insanlara azadlıq verin və azad insan gec-tez doğru istiqaməti tapacaq...

BİR BAYRAMIN ƏSL FƏLSƏFƏSİ

Mən teoloq deyiləm. Bir çox mətləbləri bilmirəm. Amma azadlıq haqqında yazmaq qərarına gəldiyimdən bu mövzuya da toxunmaya bilmədim. Qurban bayramının əsl fəlsəfəsi nədədir? Bəlkə bu bayramda da ən qədim vaxtlarda olduğu kimi, insanlar Tanrıya qurban verməklə günahlarının bağışlanmasını istəyirlər? Yəqin bu da var, amma mən həmin bayramın fəlsəfəsini tamam başqa şeydə görürəm. Lap əvvəllər insanı Tanrıya qurban vermək düzgün sayılırdı. Amma sonradan insanlar, təbii, Tanrının köməyilə, insan əvəzinə heyvanları qurban vermək qərarına gəldilər. Bu, əsl sıçrayış idi. Bəlkə elə həmin vaxt humanizmin başlanğıcı sayılmalıdır.

Bunları nədən xatırladım? Tərəqqiyə inanmaq lazımdır. İnsanlara azadlıq vermək lazımdır. Onlar azadlığı itirsə belə, bu da faciə deyil, 5 ildən, 10 ildən sonra onlar təzədən «Azadlıq! Azadlıq!» - deyərək küçələrə və meydanlara axışacaqlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG