Keçid linkləri

Bu il noyabrın 2-də «Azercell»ə görüntülü danışıq imkanı yaradacaq- 3G xidmətləri göstərmək üçün lisenziya verilib. Amma şirkətin bu xidməti göstərməsində problem yaranıb.

«AZERCELL» DƏN B&B TV-YƏ İTTİHAM

Lisenziya verilən gün şirkət prezidenti Ali Ağan keçirdiyi mətbuat konfransında deyib ki, onların istifadə edəcəyi tezlik hazırda rəqəmsal və kabel efir xidməti göstərən «B&B TV Communication» şirkətindədir. Və bu şirkət həmin tezliyi boşaltmır. Ali Ağan B&B TV şirkətini tezlikləri boşaltmaqla bağlı Radio Tezliklər üzrə Dövlət Komissiyasının (RTDK) qərarını yerinə yetirməməkdə ittiham edib.

«Azercell»in Korporativ Ünsiyyət Departamentin rəhbəri Ülviyyə Həsənzadə AzadlıqRadiosuna dediyinə görə, əslində 2 ay əvvəl adı çəkilən şirkət həmin tezliyi boşaltmalı idi:

«Bu səbəbdən də lisenziya verilsə də, biz heç cür 3G xidməti göstərə bilmirik»

«BİZ İNDİ ŞİRKƏTİMİZİ BAĞLAYAQ GEDƏK?»

B&B TV şirkətinin marketinq meneceri Samir Mahmudov isə hər hansı qanunu pozmadıqlarını və bu işin artıq məhkəmə yolu ilə həll edildiyini deyir. Samir Mahmudov hesab edir ki, bu səbəbdən də təmsil olunduğu şirkət «Azercell»ə görə tezlikdən imtina etmək fikrində deyil. Onun sözlərinə görə, şirkət bu il oktyabrın 25-də RTDK həmin qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib və məhkəmə də onların xeyrinə qərar çıxarıb:

«Məhkəmə həmin tezliklərin bizdə qalması barədə qərar verib. Biz şirkət olaraq o tezlikdən istifadə edirik. Biz indi şirkətimizi bağlayaq gedək? Bu ona oxşayır ki, maşın alıblar, «prava» almaq yadlarından çıxıb. Biz rəsmi qaydada məhkəməyə müraciət etmişik, məhkəmə də xeyrimizə qərar çıxarıb».

«AZERCELL» TEZLİKLƏ BAĞLI HANSI MƏLUMATA MALİKDİR?

Ülviyyə Həsənzadə

Ülviyyə Həsənzadə

«Azercell»in nümayəndəsi Ülviyyə Həsənzadə deyir ki, onlarda dəqiq məlumat var ki, B&B TV onların istədiyi radiotezliklərdən istifadə etmir və həmin tezliklər boşdur:

«Biz sübut edə bilərik ki, B&B TV-də olan tezliklər boşdur və şirkət o, tezliklərdən istifadə etmir. Bizdə bununla bağlı sübutlar var».

«ALİ AĞANIN XƏBƏRİ YOXDUR»

B&B TV-nin marketinq meneceri Samir Mahmudov isə bu məlumatları təkzib edir:

««Azercell» lisenziya istəyib, ona da həmin lisenziyanı veriblər. Tezlik də 2007-ci ildən 6 illik bizim istifadəmizdədir. Biz o tezlikdən istifadə edirik. Sadəcə Ali Ağanın xəbəri yoxdur. Gərək öyrənəydi ki, Dövlət Komissiyasının qərarı niyə yerinə yetirilmir? Maraqlansaydı ona deyilərdi ki, B&B TV bu işi məhkəmədə udub».

ÇOXDAN PROBLEMLƏRİ HƏLL OLUNAN 3-CÜ ŞİRKƏT

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi lisenziya verməklə işinin bitdiyini bildirir. Nazirliyin sözçüsü Müşfiq Əmirov deyir ki, 3G ilə bağlı lisenziyanı onlar veriblər, tezliyi də Radio Tezliklər Üzrə Dövlət Komissiyası (RTDK) verməlidir.
«Nar» mobil ticarət markasının sahibi «Azərfon» mobil rabitə şirkətinə isə 3G lisenziyası və tezlik çoxdan verilib. Noyabrın 4-də “Bakcell” şirkəti də 3G xidməti göstərmək üçün şirkətə lisenziya verilməsi ilə məlumat yayıb. Həm “Bakcell” həm də “Azercell”ə lisenziya verilməsi xeyli vaxt aparıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir neçə dəfə bu məsələni şirkət nümayəndələri ilə müzakirə edib, müəyyən çatışmazlıqlar olduğunu onların diqqətinə çatdırıb.

«BOŞ TEZLİK YOXDURSA, LİSENZİYA NECƏ VERİLƏ BİLƏR?»

Osman Gündüz

Osman Gündüz

«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə bu məsələdə bəzi anlaşılmazlıqların olduğunu düşünür. Osman Gündüz hesab edir ki, əgər «Azercell»ə belə bir lisenziya verilibsə, demək boş tezlik var.

Digər tərəfdən, mərkəz rəhbərinə görə, 3G xidməti göstərmədiyi halda 2007-ci ildə hansısa şirkətə həmin lisenziya və tezliyin verilməsi başadüşülən deyil.

Osman Gündüz yerli mediaya istinadən deyir ki, qeyri-rəsmi olaraq B&B TV-nin rabitə bazarında 3G xidməti göstərən «Azərfon» mobil rabitə şirkətinə məxsus olduğundan bu şirkət bazara eyni xidməti göstərən şirkətin daxil olmasını istəmir:

«Təbii ki, bu şirkətin marağına ziddir ki, bazara onun göstərdiyi xidməti göstərən digər şirkətlər daxil olsun».

B&B TV-nin marketinq meneceri Samir Mahmudov isə bu deyilənləri təkzib edir. Onun sözlərinə görə, «Azərfon»la B&B TV arasında da hər hansı bir əlaqə yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG