Keçid linkləri

Nobel ödüllü Gabriel García Márquez də aralarında olmaqla, jurnalistikanın ictimai missiyasına ayrıca önəm verən insanlar illərdir haray salırlar ki, media get-gedə xalqdan qopur. Ən ilginc orasıdır ki, söhbət təkcə postsovet ölkələri və bütün digər avtoritar və totalitar özəllikli dövlətlər üçün xarakterik əngəllərdən getmir. Söhbət daha çox ondan gedir ki, yeni informasiya texnologiyaları bilgi əldəetmə prosesini sürətləndirdiyi və şaxələndirdiyi qədər də jurnalistlərin xalqla birbaşa təmasını arxa plana atır (daha dəqiq desək, bu ehtimalı artırır). İndi kim iddia edə bilər ki, jurnalistlər arasında ünsiyyət, lap elə redaksiyaiçi ünsiyyət, tutalım, 1910-cu, 1930-cu, yaxud 1970-ci illər səviyyəsində qalıb.

Bir yerdə çay içib, çörək yeyən, yazılarını, problemlərini bölüşən, ertəsi gün qəzetdə və ya efirdə gedəcək materialları birgə götür-qoy edən, yardımlaşan və hər zaman oxucu-dinləyici-seyrçini göz önündə tutan və ən başlıcası, sadə insanı bütün jurnalist fəaliyyətinin mərkəzində saxlayan, yalnız onun fikrinə ayrıca önəm verən jurnalistlər çoxmu var? Telefon bağlantısı canlı insanı əvəzləməyibmi? Texnika göz təmasını, anlayış və qarşılıqlı güvəni, üzbəüz görməyin, üzbəüz dinləməyin verəcəyi bilgiləri sanki arxa plana atır və jurnalist öncə müsahibindən və tədrricən də auditoriyasından uzaqlaşır. Başqa sözlə, geyim, davranış və «bədən dili», görüntü ilə intonasiyanın – səs tonunun vəhdəti, məkan özəllikləri «mesaj»ı dolğunlaşdırıb-dəqiqləşdirmir. Beləcə, sadə insanlar – ictimai önəmli bilgilərdən təsirlənən vətəndaşlar deyil, birbaşa müdirlər, vəzifəli şəxslər, qərar və reklamvermə yetkisi olan insanlar, bilərəkdən, ya bilməyərəkdən, ön plana çıxırlar.

HANSI MEDİA SARALIR VƏ HANSI MEDİA QARALIR?

Özəlliklə Azərbaycandakı durumu gözə alsaq, Söz və mətbuat azadlığına yaranan əngəlləri, ilk növbədə siyasi və maliyyə əngəllərini «xalqdan qopma»nın başlıca səbəblərindən saymalıyıq. Çox güman, məhz bu səbəblərdən ölkə mediası sürətlə saralmağa və ya bulvarlaşmağa məhkumdur. Başqa sözlə, ilginc olanı toplum yaşamı baxımından faydalı və önəmli olandan üstün saymaq, toplum üzvlərini duyğularla doyurmaq, onları hisslər burulğanında çabalatmaq, təqdimatı məzmundan önə çəkmək sarı medianın danılmaz özəllikləridir. Bulvar mediası da, görünür, insanın bioloji varlıq olduğunu qabartmaq, erotika, seks və porno simptomlarını toplum yaşamına da pərçimləmək, hətta siyasətə belə cinslərarası ilişgilər kimi yanaşmaq hesabına zaman-zaman auditoriyasını genişlətməkdədir. Sarılaşan və bulvarlaşan MassMedia kütlə virusunu yoluxdurur və bu virusdan yararlanmaq yolunu tutur. Beləcə, bir yandan maliyyə problemlərinin çözülməsinə, o biri yandan sanki həmişəyaşar və həmişəçəkici mövzuları diqqətdə saxlamaqla qarışıq və təhlükəli siyasi gündəmdən yayınmağa yol açılır. Bənzər media aktual siyasi olayları da siyasi dedi-qodu və söylənti biçiminə salır və bu yolla gərnəşib ayılmaq, yaşadığı toplumu tanıyıb-anlamaq istəyənləri də yenidən kütlə adamına çevirir. Azad və ədalətli seçkilərin keçirilmədiyi, təhsilin problemlər içində qurcalandığı və min cür səbəbdən liberallaşmadığı, korrupsiya bataqlığının dərinləşdiyi toplumda düşünmək, birgə çıxış yolu aramaq, ortaq məxrəcə gəlmək və dəyişib-dəyişdirmək qaçılmazlığı yerini kütlənin ya könlünü oxşayan, ya da gözünü qorxudan əsatirlərə buraxır. Jurnalistika öz auditoriyasına siyasi təcrübə qazandırmaq əvəzinə onsuz da bilgisiz və çarəsiz cəmiyyətdə yağışsonrası göbələklər kimi çoxalan uydurmalar, dedi-qodular üyüdücüsünə çevrilir.

Təbii ki, istər sarı, istərsə bulvar mediası insan hüquq və azadlıqlarının «keşik köpəyi» rolunu oynaya bilməz. Beləcə, göz önündə olan və anlaşılan şərtlər tənqidi medianı (müstəqil və müxalifət mediasını) «sarı»laşmağa, hökumətyanlı (o sıradan dövlət) medianı «bulvar»laşmağa meylləndirir. ​«Sarı» üçün öz varlığını saxlamaq naminə «xəbər»in alınıb-satılması, «bulvar» üçün toplum insanının «kütlələşməsi» və toplum insanına çevrilmə yolunun qapanması çox əlverişli olur. Belə medialardan ötrü «xəbər» yalnız alınan və satılan «mal»dır. Ucuz, ya baha satılsın, doğru-dürüstlüyünə və gərəkliliyinə heç bir təminat Foto: Arxiv

Foto: Arxiv

verilməyən «mal».

KEŞİK KÖPƏYİ NİYƏ HÜRƏ BİLMİR?

Medianın xalqdan qopmasının səbəbi kimi başqa arqumentlər də səslənir. Məsələn, problemə sırf peşəkarlıq kontekstində də yanaşılır. Biz də bənzər cəhddə bulunmaq istəyirik, çünki bu halda təkcə başqalarının uğurlarından (və azadlıqlarından) deyil, həm də yanlışlarından faydalanmaq mümkündür.

Bu məqalədə toplum yaşamına önəm verən, daha doğrusu, bunsuz öz fəaliyyətini sürdürə bilməyən siyasi jurnalistikanın durumuna göz gəzdirəcəyik. Sözsüz ki, Azərbaycan mediasında yer alan müxtəlif şərh və köşə yazıları, istər-istəməz, diqqət hədəfimizdə qalacaq.

Öncə burasını bildirək ki, Azərbaycan mediasında siyasi jurnalistikanın durumunu dəyərləndirərkən, öncə dünyaya göz atmaq – sərbəst bazarın çoxdan oturuşduğu ölkələrdə özünü göstərən neqativ özəlliklərə toxunmaq qaçılmazdır. Yalnız bu halda hansı neqativ halların «yerli» və hansılarının «gəlmə» (ifadə, təbii ki, dəqiq deyil, ancaq əsas fikrimizi açıqlamaq üçün yetərli sayıla bilər) olduğunu üzə çıxarmaq mümkündür.

Elə Márquez də aralarında olmaqla, əksər araşdırıcılar MassMedianın ictimai önəmini azaldan və beləliklə onu xalqdan qoparan gerçəkləri göstərməyə və «xalqdan qopmanın» əlamətlərini -- göstərgələrini bəlirləməyə çalışırlar. Diqqəti dərhal çəkən bu göstərgələr hamılıqla sadalanır:

Xalqdan qopma əlamətləri:

a) Xəbərlər maqazinləşir;
b) Jurnalistlərarası öcəşmələr baş alıb gedir;
c) Siyasi informasiya bombardmanı yayılır;
d) Şərhçi və köşə yazarlarının sayı durmadan artır;
e) Siyasi mədəniyyət aşınır

Xəbərlərin maqazinləşməsi deyərkən, toplum yaşamını təsir dairəsinə salan ciddi jurnalistikanın, özəlliklə siyasi jurnalistikanın öz yerini dedi-qodulara, stresssilici (ovundurucu) və ya stressgətirici (rahatsızlaşdırıcı) məqamlara verməsindən gedir. Diqqətçəkici, amma olayın mahiyyətindən yayındırıcı görüntü və səslər, bilgisayarda işlənmiş fotolar, yazılı effektlər ön plana keçərək siyasi reportaj və şərhləri, dartışmaları, auditoriyanı mahiyyətcə bilgiləndirən peşəkar jurnalist materiallarını gözardı etdirir. Buna çox səbəb gətirmək olar, amma sırf siyasi və iqtisadi səbəbləri istisna etsək, önəmli səbəblərdən biri və bəlkə də birincisi – siyasi reportyor, şərhçi, icmalçı və köşə yazarlarının öz üzərində çalışmaması, peşəkarlığını yüksəltməməsi, araşdırma aparmaması, özünə və məlum çevrəsinə qapanması və sonuc baxımından xalqdan və ictimai media mühitindən qopub-uzaqlaşmasıdır. Maqazin ağırlıqlı proqram və yazılar heç də az pul gətirmədiyindən media menecerləri (və təbii ki, sahibkarlar) siyasi mövzuda yazan jurnalistlərin peşəkar səviyyəsinə ayrıca önəm vermirlər.

Jurnalistlərarası öcəşmələr baş alıb gedir deyərkən, ABŞ-da siyasi xəbər reportyorları arasında yayılmış «at yarışı» (horse racing) zehniyyəti nəzərdə tutulur. Müxtəif siyasi baxış və çözüm yollarını açıqlayıb-dartışmaq əvəzinə «filan siyasətçi filankəsdən güclüdür», «mən haqlıyam, filankəs yalan danışır» məntiqinə dayanan xəbərçilik tərzi bir növ yarış jurnalistikası təsiri bağışlayır və oxucu-dinləyici-tamaşaçı auditoriyasını da həmin «yarış»ın seyrçilərinə Foto: Arxiv

Foto: Arxiv

çevirir.

Siyasi informasiya bombardmanı yayılır deyərkən, insanları bilgiləndirməkdən daha çox, ya onların başını qatmağa, ya da çaşdırıb yönləndirməyə xidmət edən aşırı dərəcədə çox və qatma-qarış xəbərlər nəzərdə tutulur. Belə «bombardman»lardan sonra insanların siyasi olaylara marağı azalır və onların siyasətə biganəlik hissi artır.

Şərhçi və köşə yazarlarının sayı durmadan çoxalır deyərkən, faktlara dayanan xəbərçiliyin get-gedə azalması, fikir-şərh-rəy jurnalistikasının ağır basması nəzərdə tutulur. Subyektiv və şəxsi yozumlara söykənən belə jurnalistika «mediaya inamsızlıq» virusunun başlıca qaynaqlarındandır.

Siyasi mədəniyyət aşınır deyərkən, hər hansı siyasət və ya siyasi baxışın açıqlanma gərəyinin gözardı edilməsi, bilgi yerinə siyasi reklamın verilməsi, siyasətin özündən çox onun təqdimatına yer ayrılması nəzərdə tutulur. Beləcə, bilgiləndirmə yönləndirmə ilə -- piarla əvəzlənir. Bu neqativ özəllik çox yayıldığından onun üzərində ayrıca dayanmağa dəyər.

JURNALİSTİKANIN 3 GERÇƏKLİK FENOMENİ

Siyasi jurnalistikanın 3 gerçəklik fenomeninə dayanması düşüncəsi çox yayılıb. Söhbət «obyektiv siyasi gerçəklikdən», «subyektiv siyasi gerçəklikdən» və «pərçimlənmiş siyasi gerçəklikdən» gedir.

Siyasi jurnalistika gerçəkliyin bu fenomenlərinə -- adiliyəsığmaz olaylarına dayanır:

1. Obyektiv siyasi gerçəklik – söhbət doğrudan da baş verən olaylardan gedir;
2. Subyektiv siyasi gerçəklik; -- jurnalistlərin, oxucu-dinləyici-seyrçilərin və digərlərinin qavradıqları gerçəklik nəzərdə tutulur;
3. Pərçimlənmiş (və ya quraşdırılmış) siyasi gerçəklik – medianın baş verən olaylar barədə xəbərlərindən söhbət gedir

Bax, bu 3-cü fenomen gerçəkdən baş verənlərlə MassMedianın oluşdurduğu «gerçəkliyin» müqayisəsinə yol açır. Media təhsil nazirinin işdən çıxarılacağından və bu barədə əmrin artıq hazırlandığından söz açır, amma bu, baş vermir. Jurnalistlər öz peşəkar işini görmək, yəni Azərbaycanda təhsilin problemlərini daha anlaşıqlı, tutumlu, müqayisəli biçimdə açıqlamaq, idarəçiliyin sırf inzibati rıçaqlara dayanmasının fəsadlarını araşdırmaq, təhsilin liberallaşdırılmasına nələrin əngəl törətdiyini incələmək və bu fonda təkcə kadr dəyikliyinin çözüm olmayacağını əsaslandırmaq əvəzinə «saray dedi-qoduları»na və ya «saray»dakı qaynaqlara dayanaraq oluşdurulan subyektiv təsəvvürlərə üstünlük verirlər. Nəticədə mediaya inam daha bir zərbə alır.

Jurnalistlərin subyektiv gerçəkliyə söykənən xəbər və şərh anlayışı informasiya cəmiyyəti – bilgi toplumu düşüncəsini də kökündən çürütməyə qadirdir. Axı bilgi toplumu deyərkən, əslində hər sahədəki bilgiləri işlətməkdən, bu bilgiləri yaradıb-toplamaqdan və yaymaqdan söhbət gedir. Təbii ki, həmin bilgilər şəxsi və özəl, milli və millətlərarası, fərdi və toplum, iqtisadi, hərbi və kommersiya və s. xarakterli ola bilər. Peşə standartlarına əməl edən jurnalistika ictimaiyyətə doğru-dürüst bilgilərin çatdırılmasında maraqlıdır. Yanlış bilgiləndirilən xalq kütləsi sosial və siyasi olaylara necə hazırlıqlı ola bilər? Yanlış bilgilər yayan medianın xəbəri öz auditoriyasına nə verəcək? Azərbaycanda oxunan qəzet və ya baxılan TV-lər də ən yaxşı halda maraqlı bilgiləri yayır. Başqa sözlə, sanki dünya ilə Azərbaycan bir nöqtədə birləşir: hər ikisində media önəmli olanı deyil, ilginc olanı xəbərləyir.

Foto: Arxiv

Foto: Arxiv

Azərbaycan siyasi jurnalistikasının xəbər siyasəti açıq-aşkar yanlış yönləndirilir. Hökumətyanlı media (rəsmi qəzetlər, TV və radiolar, saytlar da daxil ) toplum yaşamı baxımından dəyərli xəbərləri gündəmdə saxlamır və xəbər dəyəri daşımayan və sırf yönləndirmə və hökumətə yarınma amaclı önəmsiz olaylarla gündəmi doldurur. Önəmli xəbərlər də ya ürkək və yarımçıq, yaxud siyasi təbliğat yönümü ilə diqqətə yetirilir. Mənzərə o qədər göz önündədir ki, ayrıca misal gətirməyə də ehtiyac yoxdur. Sırf subyektiv və peşəkarlıq bir yana, plüralizmdən çox uzaq siyasi yozumlar auditoriyanın üzərinə təbliğat bombaları kimi yağdırılır və nəticədə oxucu-dinləyici-seyrçilər (qəzet və radioların çox dar auditoriyasını gözə alsaq, ancaq seyrçilər də demək olar) siyasətə qarşı həssaslığını itirir və tam biganələşir.

Müxalifət və müstəqil media isə (artıq olsa-olsa, bir neçə qəzetdən və İnternet saytlarından söhbət gedə bilər), ilk baxışda xəbər dəyəri olan və önəmli olaylara yer ayırır. Başlanğıc üçün gərəkli bilgilər verilir və xəbər-şərh sərhədləri xeyli bilinməz və qaranlıq qalsa da, insafən, ayrı-ayrı şərhlər, yanaşmalar və rəylər də açıqlanır. Sonra... Bəlalar sonra gəlir.

Bizim media vətəndaşa öz «bilmək hüququ»ndan yararlanmağa yol açırmı? Bizim media gizli qalmış önəmli olayların üzə çıxarılmasında nədən becid davrana bilmir? Bizim media əslində bilinən olayları niyə bir göz qırpımında gizlədə bilir?
Medianın bənzər davranışları nədən qaynaqlanır və bu davranışlar kütlələrə hansı siyasi təcrübə qazandıra bilər?

Bu barədə 2-ci yazıda.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG