Keçid linkləri

Azərbaycanda ziyalı zəlzələsi


Noyabrın 4-də keçirilmiş Ziyalılar Forumu Azərbaycanın durğun siyasi həyatında kiçik zəlzələ sayıla bilər.

Uzun illər Azərbaycan hökumətinin qayğısı ilə razı və susqun saxlanan bir təbəqə dilə gəldi. Həmin forumda çıxış edənlərdən bir çoxunun zaman-zaman öz siyasi fikirlərini açıq ifadə edə bilmiş adamlar olduğunu, təbii ki, bilirik. Lakin forumun əhəmiyyəti onda indi ki, cəmiyyətə belə bir mesaj göndərdi: danışmayanlar da danışmalıdır və danışmayanlar da danışacaq…

“18 ildir ki, susan” ziyalı təbəqəsinə Rüstəm İbrahimbəyovun emosional bir müraciəti oldu və bu müraciətdə səslənən fikirlər forumda iştirak edənlərin ümumi fikrini əks etdirmiş kimi görünürdü.

Bəzilərinin cəsarətli, bəzilərinin də ürkək formada da olsa iştirak etdiyi bu aksiya Azərbaycan hökumətinə göstərdi ki, “dövlət qayğısı” ilə bəslənən və susqun saxlanan ziyalı təbəqəsi sükutu pozur və… xalqın adından 18 illik hökumətdən hesab sorur.

Hadisəni təsvir edərkən “zəlzələ” ifadəsini işlətməkdə bir məqsəd var.

Bu “texnika” indiyə qədər hökumət tərəfindən müxalifət üzərində sınaqdan çıxarılırdı. Vaxtaşırı medianı bürüyən “şok açıqlamalar” göstərirdi ki, daha bir ünlü müxalifətçi öz siyasi səngərini dəyişib, “satılıb”.

Bu zəlzələlər müxalifəti titrədə-titrədə ona az zərbələr vurmayıb. Noyabrın 4-də isə həmin proses iqtidar düşərgəsində yaşandı.

Daha kimlər danışmağa başlayacaq? Bu çat hansı dərinliyə qədər işləyəcək? Hələ ki, cavabı bəlli olmayan suallardır, bunlar. Lakin tərpənişin baş verdiyini inkar etmək çətindir.

Tərpənişlər hələ ki, miqyasca kiçik ola bilər. Lakin cəmiyyətdə tanınmış insanlar arasında susmayanların əmələ gəlməsi, onların kiçik sürətlə də olsa artması davamlı tektonik təkanlara bənzər. Nəticəsi əvvəl-axır özünü göstərəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG