Keçid linkləri

Təcili xəbərlər

Tarixin sonu, yoxsa davamı?


Nyu-Yorkda etiraz aksiyası, 15 noyabr 2011
Nyu-Yorkda etiraz aksiyası, 15 noyabr 2011
«Şahidi olduğumuz hadisələr, sadəcə olaraq «soyuq müharibənin» və ya müharibədən sonrakı dövrlərin növbəti mərhələsinin sonu deyil, özlüyündə tarixin sonudur. Bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin təkmil forması kimi Qərb liberal demokratiyasının ümumdünya xarakter almasının başa çatmasıdır».

Bu sətirləri düz 22 il bundan əvvəl F.Fukiyama yazmışdı. Hələ də insanlar bu fikirlə bağlı mübahisə edir: dünyanın arxitekturası başa çatıb, yoxsa hələ də irəlidə görüləsi böyük işlər var? Yaşlı nəsil bu sətirləri bir qədər təmkin və vüqarla qarşılasa da, gənclər ondan müsbət impulslar ala bilmədiyini deyir, çünki bu yazıdan bir nəticə hasil olurdu: böyük işlərin hamısını böyük atalar və analar görüb qurtarıblar, siz gənclərə isə, sadəcə yaşamaq və yaşamaq lazımdır.

Etiraf edək ki, bir qədər pessimist ovqat və ətalət aşılayan fikirdir. Amma 22 il bu sətirləri tam təsdiq etmədi. Dünyanın müxtəlif kəsimində baş verən rəngli və rəngsiz inqilablar, bu gün inkişafda olan ölkələrdəki iqtisadi böhran və bununla bağlı etirazlar. Bir sözlə, dünya o qədər də darıxmır və darıxdırmır. Bəs onda nə baş verir? Yunanıstanda və hətta ABŞ – da insanlar nəyə etiraz edir? M.Qəddafinin çöküşü təkcə siyasi hadisə idimi? Bu gün biri – birinin ardınca çökən despotik ərəb rejimləri bu haqda nə deyir? İnkişaf etmiş ölkələrin vətəndaşları daha nə istəyirlər? Bu suallar tək ilk baxışda ritorik görünür, əslindəsə onlar ciddi siyasi polemika mövzusu olmağa layiqdir.

SOSİAL KAPİTALİZMİN BÖHRANI

Sosialist ölkələrində sosializm təsbit olunmuşdusa, kapitalist aləmində o təsdiq olunmuşdu. Təsadüfi deyil ki, mənim «ABŞ-da indi nə baş verir?» sualıma bir amerikalı «ABŞ sosializmdən kapitalizmə keçmək istəyir» deyə çox qısa cavab verdi. Bəli, ilk baxışda bir qədər qeyri-ciddi görünür. Lakin bu, yalnız ona görə belədir ki, biz bir çox mətləblərə vaxtında bir az etinasız yanaşmışıq. Məsələn, Almaniyanın konstitusiyasında oxuyanda ki, bu ölkə sosial ölkədir, biz bu «sosial» sözünün fərqinə varmamışıq və düşünmüşük ki,
Yunanıstanda polislə qarşıdurma
Yunanıstanda polislə qarşıdurma
1991-ci ildə sosializm dünyanın siyasi və iqtisadi həyatından birdəfəlik çəkildi.

Amma belə deyil, bu gün müşahidə etdiyimiz böhran əslində ifrat və ifrat dərəcədə sosiallaşmış kapitalizmin böhranıdır. Bir vaxtlar A.Saxarov iki sistemin-kapitalizmin və sosializmin sintezindən yazanda bəlkə heç özü də bilmirdi ki, bu proses artıq inkişaf etmiş kapitalist ölkələrində baş verib. Bu tezisi təsdiq etmək üçün onlarla misal gətirmək olar, amma buna o qədər də ehtiyac yoxdur, çünki hamı «çürüməkdə olan kapitalizm»in sosial möcüzə və qeyri – adilikləri haqda çox eşidib. Müasir kapitalizm sosial hüquqlara və haqlara çox böyük önəm verirdi.

Bir qədər ovqatı açmaq üçün və yazının da tonunu aşağı salmaq üçün kiçik bir epizodu qeyd edim. Bir dəfə Avropanın inkişaf etmiş ölkələrində həbsxanada olan bir asiyalını göstərirdilər. Bəli, o, özünü evdəkindən qat-qat rahat hiss etdiyini deyirdi. Sözsüz ki, bu qədər sosial xərclər, hətta deyərdim ki, sosial israfçılıq bir gün böyük bir böhrana gətirib çıxarmalı idi. İndi kapitalist ölkələri nə təklif edir? Qayışları azacıq və lazım gələrsə, bir az da çox bərkitmək. Təbii ki, bu da etiraz yaradır.

Lakin bu prosesin mahiyyətinə varmaq lazımdır. 20 il bundan əvvəl dünya sosializm adlı fenomenə sosialist düşərgəsində yekun vurdu, ondan imtina etdi, indi bunu kapitalist ölkələrində edir. Bundan sonra daha çox insan təşəbbüskar olmalı və öz həyatının böyük hissəsi üçün məsuliyyəti öz üzərinə götürməli və bununla barışmalıdır. Əks təqdirdə təkcə varlı insanlara tətbiq edilən, bir qədər etiraz doğuran yüksək vergilərlə hamının yüksək rifahını təmin etmək mümkün olmayacaq.

İranda ABŞ əleyhinə nümayiş, 27 fevral 2011
İranda ABŞ əleyhinə nümayiş, 27 fevral 2011
LİBERAL DƏYƏRLƏR İSLAM ÖLKƏLƏRİNƏ DOĞRU

Digər ərəb diktatorlarından fərqli olaraq M.Qəddafinin hətta öz ideologiyası vardı. Bu islamla sosializmin sintezi idi. Ümumiyyətlə, «soyuq müharibə» hər iki siyasi sistemə nəzərən mərkəzdə dayanan daha bir cəbhə yaratmışdı. Bu, guya öz «inkişaf yolu» olan üçüncü ölkələr idi. Ərəb rejimləri də həmin bu üçüncü cəbhəyə aid idi. Bu ölkələrlə SSRİ-nin və daha sonra isə Rusiyanın «qohumluğu» məhz bu prinsip üzərində qurulmuşdu. İndi bu ölkələr ciddi transformasiya ərəfəsindədir. Bir çox hallarda biz sadəcə Qəddafinin, Əlinin və yaxud Mübarəkin diktaturasının çökdüyünü konstatasiya edirik. Lakin bu ölkələrin inkişaf əqrəbi hara tuşlanacaq? Növbəti utopiyaya doğru, yoxsa ki real məntiqə doğru?

Narahatedici məqam budur ki, indi islam aləmində bir utopik model var – bu, İrandır, bəli, özünü nə kapitalist, nə də sosialist ölkə hesab edən İran. 21-ci əsr 20-ci əsrin yaratdığı utopiyalardan qurtulmaq istəyir. Bu utopiyalar hələ də var. Deməli, tarix bitməyib, o, davam edir. Yol şərti də olsa bəllidir: demokratiya, bazar iqtisadiyyatı və beynəlxalq hüquq.

Bu yolda dünya hələ nə qədər addımlayacaq, bunu heç kim bilmir, ən azı da ona görə ki, son nəticə – açıq cəmiyyət daim özünü təftiş etməyi tələb edir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG