Keçid linkləri

Rusiyanın Azərbaycanla Qəbələdəki radiolokasiya stansiyasının işlədilməsinə dair icarə müqaviləsi gələn il bitir. Ona görə də Moskva tələsir. Müqavilə yenilənməsə, stansiyanın ləğvi aktuallaşacaq. Bunun qarşısını almaq üçün də rusiyalı rəsmilərin və hərbçilərin Azərbaycana səfərlərinin sayı artıb. Ancaq «bu stansiya kimə lazımdır» və «ətraf mühitə vurduğu zərər hansı ölçüdədir» sualları hələ də açıq qalır.

SSRİ-DƏN MİRAS QALAN STANSİYA...

Qəbələ RLS vaxtilə SSRİ-nin raketlərdən müdafiə kompleksinin 8 əsas stansiyasından biri olub. İstismara 1985-ci ildə verilib. RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bu isə İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.
SSRİ dağıldıqdan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə qədər icarəyə verib. Stansiyada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərir. Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilər.

ZƏRƏRİ XEYRİNDƏN ÇOXDUR

Stansiya Azərbaycana lazım deyil, heç hərbi baxımdan Rusiyanın da buna ehtiyacı yoxdur. Çünki Rusiyanın Müdafiə Nazirliyi bir neçə il öncə Qəbələ RLS-dən texnoloji və hərbi cəhətdən daha müasirini Krasnodar vilayətində inşa edib. Buna baxmayaraq, Kreml Qəbələ RLS-dən əl çəkmir istəmir. Demək, bunun arxasında artıq siyasi səbəblər dayanır. Ən sadə izah ondan ibarətdir ki, Rusiya Azərbaycanda yeganə hərbi bazasının varlığını qorumağa çalışmaqla Cənubi Qafqazdakı hərbi çəkisini azaltmaq istəmir.

Vladimir Putin Rusiyanın prezidenti olduğu illərdə Vaşinqtona Qəbələ RLS-i birgə istifadəni təklif etmişdi. Ağ Ev təklifə görə Moskvaya minnətdar olduğunu vurğulasa da, RLS-in birgə istifadəsindən vaz keçdi. Çünki Pentaqon hərbi sirlərini heç müttəfiqləri ilə bölüşmür, o ki qala Rusiya ilə radiolokasiya sistemi sahəsində əməkdaşlıq edə.

Qəbələ RLS

Qəbələ RLS

Moskva RLS-lə bağlı indi də yeni planı hərəkətə gətirməyə çalışır. Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Qəbələ RLS-i tam şəkildə yenidən qurmağı və icarəyə götürülmüş ərazinin həcmini azaltmağı planlaşdırdıqlarını deyib. Serdyukov bildirib ki, yeni stansiya zavodda hazırlanacaq və Qəbələ RLS-in ərazisində montaj olunacaq: «Biz icarəyə götürülmüş ərazinin həcmini azaltmaq və icarə haqqını əvvəlki səviyyədə saxlamaq istəyirik. Yeni stansiya qurulduqdan sonra bizə bu qədər ərazi lazım deyil. O zaman bizə su və elektrik enerjisi də indiki qədər lazım olmayacaq».

«Kommersant» qəzetinin son saylarının birindəki məqalədə göstərilir ki, Azərbaycan icarə müddətinin uzadılacağı təqdirdə icarə haqqının bir il üçün 7 milyon dollardan 15 milyon dollara qaldırılmasını istəyir. Bu, Rusiya tərəfini qane etmir. Əslində hər il neft və qaz satışından yüz milyardlarla dollar qazanan Rusiya üçün 15 milyon dollar böyük rəqəm deyil. Sadəcə, Moskva bazarlıq etmək və qiyməti öldürmək istəyir. Ancaq 7 olmur, 15 milyon olsun, bu stansiyanın siyasi və ekoloji baxımdan Azərbaycana zərəri xeyrindən çoxdur.

15 MİLYON DOLLARA DƏYƏRMİ?

Qəbələ RLS-in ekoloji təsirləri haqqında dəqiq məlumat yoxdur. Müxtəlif illərdə bu problemlə məşğul olmaq istəyənlərə, araşdırma aparanlara əngəllər yaradılıb. Ancaq Qəbələ və ətraf bölgələrdə yaşayan insanlar xərçəng xəstəliyinin artmasını məhz bu stansiyanın fəaliyyəti ilə əlaqələndirirlər. Əlbəttə, bunun mütləq həqiqət olduğunu söyləmək çətindir, ancaq stansiyanın xərçəng xəstəlikləri və ya uşaq ölümlərinin artması ilə heç bir əlaqəsinin olmadığını deyənlərin də məntiqi əsaslandırılmış səslənmir.

Qəbələ

Qəbələ

Uşaqlıq illərimdə Qəbələdəki tanışlarımız bizə qızıləhmədi alma göndərərdilər, çox dadlı və içi qırmızı idi. Bu tip almalar artıq qeybə çəkilib. Yayda Qaxın Çinarlı kəndində idim. Bu kənd şabalıdı ilə məşhurdur. Ancaq yaşlı kişilər son illər məhsuldarlığın xeyli azaldığını və şabalıd ağaclarının kütləvi sürətdə quruduğunu deyirdilər. Səbəbini soruşduqda izah yenə eyni oldu: «Qəbələ RLS». Bu həftə Göyçayda idim. Yerli sakinlərdən biri son illərdə Göyçay narının qabığının rənginin dəyişdiyini deyirdi. Bəs buna səbəb nədir? Göyçaylı həmsöhbətim də RLS-in fəaliyyətinin Göyçay narının rənginə təsirini uzun-uzadı izah edirdi.

Əlbəttə, rayonlarda məhsuldarlığın azalmasının, populyar meyvə növlərinin az qala yoxa çıxmasının başqa səbəbləri də ola bilər. Ancaq bir-birindən uzaq məsafədə olan Göyçay və Qax sakini bəlalarının başında RLS-in fəaliyyətinin dayandığını bildirirlərsə, demək, bunun əksi isbat edilməlidir. Yox, bunu isbat etmək mümkün deyilsə, 15 milyon dollar və ya Rusiyanın xətrinə dəyməmək üçün bu RLS-ə nə ehtiyacımız var?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG