Keçid linkləri

Təcili xəbərlər

Daha bir Marx'a ehtiyac varmı?


Foto: Arxiv
Foto: Arxiv
Sual Sizə qəribə gəlməsin. Bəlkə də artıq ikinci onillikdir ki, ölkənin müxalif qüvvələri bu sualla yaşayır. Üzücü böhran insanlara belə bir fikir təlqin edir ki, müxalifət düşərgəsində sözün əsl mənasında «beyin mərkəzi» çatışmır. Dəfələrlə müxalifətçi insanların gileyini eşitmişəm. Onlar deyir ki, təəssüflər ki, yeni bir Lenin yetişmir ki, bir daha «Nə etməli?» və yaxud da elə «Aprel tezisləri»ni yazsın.

Bəli, müxalifətçilər milli Lenin'lərin və ya milli Marx'ların olmamasından gileylənirlər. Bəlkə də başqa bir adam üçün bu sual mənasız görünür. Amma politoloqun və sosioloqun haqqı yoxdur ki, insanların ovqat və tələblərinə biganə yanaşsın, bunu araşdırmağa cəhd etməsin, ən azı ona görə ki, bu gileylərin içində bir liderlik böhranı da var.

Təbii ki, əski sovet quruluşu bütün başqa sahələrdə olduğu tək liderlik məsələsində də özünün stereotiplərini yaradıb. Belə bir zarafat da var ki, əski sovet respublikalarında hansı partiyanı yaradırsansa yarat, o, kommunist partiyasının surəti olacaq.

Marx'ın sevimli ifadələrindən biri «tarixin ironiyası» ifadəsi idi. Görünür, elə bu da tarixin ironiyasıdır. İndi «lider» deyəndə də insanların gözünün önünə keçmişdən qalma obrazlar gəlir, onlar lideri keçmiş kommunist liderlərinin obrazında təsəvvür edir: hamı üçün «instruksiyalar» yazan, hamıya nəyi və necə etməli olduğunu başa salan, hər şeyin nəticəsini irəlicədən bilən lider!

«MƏQSƏD» NƏDƏN REAL HƏDƏFLƏRƏ ÇATMAĞA İMKAN VERMİR?

Bəli, bu, ciddi problemdir. Amma əvvəlcə bir detalı xatırlayacam. Moskvada kvant kosmologiyası ilə bağlı seminar keçirilirdi. Orada həmin istiqamətin yaradıcılarından biri, hazırda ABŞ-da yaşayan A.Linde çıxışını belə sözlə başladı ki, indi deyəcəyim fikirləri mən özüm də yaxşı başa düşmürəm! Bu fikir seminardakı alimlərə qəribə gəlmədi, çünki söhbət elmin, sözün elə əsl mənasında sərhədlərindən gedirdi. Lakin siz siyasət aləmində belə səmimi etiraf etsəniz sizi qeyri-ciddi,
Moskvada kommunistlərin nümayişi, 2007
Moskvada kommunistlərin nümayişi, 2007
necə deyərlər, hələ «yetişməmiş siyasətçi» hesab edəcəklər. İnsanlar istəyir ki, siyasətçi onlara görüləcək işin tamam təfərrüatlarını danışsın. Ağzından söz çıxmamış qayıdırlar ki, bəs bunların nəticəsi nə olacaq?! Utanırsan deməyə ki, mən bilmirəm, heç kim də bilmir! Təəssüf ki, siyasətdə insanlar belə səmimi etirafları sevmirlər. İstəyirsən lap insanlara yalan danış, vədlər ver, qəbul edirlər, çünki sən «konkret şeylər» danışırsan! Amma səmimi etiraf edəndə, zəif və hətta savadsız görünürsən.

«MƏQSƏD PROBLEMİ»Nİ ARADAN QALDIRMIŞ ŞƏXS

Bəlkə də ən cəsarətli liderlərdən biri E.Bernstein olub. İndi çox adam bilmir ki, o kimdir. Amma bu adam müasir sosial-demokratiyanı yaradıb. Bəli, bir gün o, özünün növbəti yazılarının birində belə tezis irəli sürdü ki, məqsədlər heçdir, əsas hərəkətdir! İndi bu məntiqdən yanaşanda, demokratiya uğrunda dayanmadan mübarizə aparmaq lazımdır: yazmaq, danışmaq, müsahibələr vermək və insanlara izah etmək! Amma nəticəsi məlum deyil, heç kim dəqiq deyə bilməz ki, bütün bu işlərin axırı necə olacaq.

Bir məsələ də var. İnsan hər şeyin nəticəsi, «son məqsədi» haqda düşünəndə bu fikirlər onun üçün sözün əsl mənasında buxova çevrilir, əl-qolunda zəncirə dönür. O, heç nə edə bilmir, sadəcə bütün vaxtını «götür-qoy etməyə» sərf edir. Hamının da analitikə və yaxud da ideoloqa çevrilməsi də yaxşı hal deyil. Təbii ki, insan ona çatdırılan qərarları düşünməlidir, hətta götür-qoy etməlidir, lakin bunu patologiyaya da çevirmək olmaz. Bir çox hallarda mübariz insanlar okeanda cəhətləri itirmiş gəmiyə bənzəyirlər.
Müsavat Partiyasının aksiyası, 2007
Müsavat Partiyasının aksiyası, 2007
Burada əl-qolunu yanına salıb «onsuz cəhəti itirmişik» də demək olar, üzmək də, çünki üzməklə bəlkə sonda hansı bir torpaq parçasınasa gəlib yetişmək mümkündür.

TOTALİTARİZM VƏ DEMOKRATİYA

Prinsipcə, «İnstruksiya» da yazmaq olar. Hətta onları qeyd-şərtsiz icra edən iki-üç adam da tapmaq olar. Amma nəticəsi nə olacaq? Təbii, beş illik, ya yeddiillik plan! Böyük insan resurslarına və təbii sərvətlərə baxmayaraq bu yol 70 ildən çox çəkmədi. İndi bunu təkrar etməyə ehtiyac varmı? Mənə elə gəlir ki, müxalifət düşərgəsindəki ən böyük problem odur ki, onlar azadlıq və demokratiya uğrunda mübarizə aparırlar, amma hələ də demokratiyanın fəlsəfəsini, ən başlıcası isə psixologiyasını qəbul etməyiblər. Bu, edilsəydi, indi milli Marx axtarışı olmazdı, ən başlıcası isə özünü bu statusda təqdim edənlərin sayı azalardı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG