Keçid linkləri

Yenə vurdular! Bu dəfə bıçaqla.
Nə fərqi var? Məqsəd eynidir.

Bu, sözə atılan bıçaqdır.

Bu, sözə açılan güllə də ola bilərdi.
Sözə tuşlanan yumruq da.
Sözü yer üzündən silən atom bombası da.
Sözü heçə sayan gülüş də.
Seçim belə oldu.
Doktor Rafiq Tağı -- minləri ölümün caynağından alan Rafiq həkim özü bir həkimə möhtac qaldı…
Onu lap serial qəhrəmanları kimi ağzı dəmir-dümürlü görmək ürəyimizi ağrıtdı, gözümüzü yaşartdı…
Neçə illik həbs həyatı bəs eləmədi. Bu dəfə birdəfəlik nəfəsini kəsmək istədilər.
Amma Rafiq bəy o qədər canayaxın adamdır ki, ona uzanan əllər titrədi.
Nə yaxşı ki, titrədi.
Yoxsa bizlər Rafiq Tağısız qalacaqdıq.

Bu əllər nələr yapmamışdı?!

Bu əllər ötən əsrlərdə Nəsimini diri-diri soymuşdu.
Molla Pənah Vaqifi oğluyla birgə edama göndərmişdi.
Mirzə Fətəlinin meyitini dinsiz deyib götürməmişdi.
Həsən bəy Zərdabini İçərişəhərdə daşa basmışdı.
Sabiri çərlədib öldürmüşdü.
Seyid Əzimi izdihamda əzmişdi.
Hüseyn Ərəblinskini güllələmişdi.
Əliqulu Qəmküsarı evinin qarşısında vurmuşdu.
Mirzə Cəlili ömrünün sonlarında acından ölməmək üçün hamamda xəzinədar işləməyə məcbur etmişdi.
Səməd Bəy Mehmandarova ahıl yaşında nazir işlədiyi binanın qarşısını süpürtdürmüşdü.
Nəsib Bəy Yusifbəylini cavan yaşında yer üzündən silmişdi.
Əliağa Şıxlinskini -- adı dillərdə gəzən “top tanrısı”nı ömrünün sonlarında kimsəsiz, tək-tənha buraxmışdı.
Cavidi Sibirdə dondurmuşdu.
Müşfiqi ilim-ilim itirmişdi.
Əhməd Cavadın nəfəsini kəsmişdi.
Elmarı evinin kandarında qanına qəltan eləmişdi.

Allahım! Siyahını istədiyin qədər uzatmaq olar!
Bu nə vaxtacan davam edəcək?

Bu yolun sonu yoxmu?!

Nə qədər can qorxusu içində yola çıxmaq olar?
Nə qədər qan qorxusu çəkə-çəkə sonsuzluğa getmək olar?
Yoxsa bizlər tarix boyu Rüstəm Behrudinin “Yollar”şeirində deyildiyi kimi qan qorxusu, can qorxusu çəkə-çəkə yaşamağa məhkumuq?

Göydə bircə bulud yox,
Üst-başım su içində
Bu nə yoldur gedirəm,
Can qorxusu içində?…

Yol gedirəm mən dəli
Bu yol dəli, mən dəli…
Bu nə yoldur əvvəli,
Nə sonrası içində?..

Bədən cana yükdür-yük,
Yenə də onu sevdik.
Sonsuzluğa gedirik
Qan qorxusu içində…

Siz deyin, bu yolun sonu yoxmu?!

Şərhləri göstər

XS
SM
MD
LG