Keçid linkləri

Bir sual məni rahat buraxmır. Azərbaycan getdikcə dünyanın adi ölkələrinə bənzəməyə və onlar kimi olmağa başlayır, yoxsa onlardan tamam fərqlənir? Hər halda, son vaxtlar qəribə hadisələr baş verir. Onları sadalamayacağam. Bir cəhəti qeyd edəcəm: dünyada intellektual insanlar kriminal qruplar üçün o qədər də maraq kəsb etmir. Eşitməmişəm ki, hansısa ölkədə akademik və yaxud da yazıcı kriminal qrupların qəzəbinə tuş gəlsin. Amma M.Gandhi kimi insanı ekstremist qətlə yetirmişdi. Deməli, bir halı ən azı ehtimal etməliyik.

İstisna deyil ki, bu ölkədə də ekstremizm zəmin tapır və ekstremist insanlar formalaşır. Bu, heç də ürəkaçan hal deyil. Belə nəticə hasil olur ki, ziyalılar və intellektuallar bundan sonra ehtiyatlı olmalıdır, çünki hər hansısa yazı və yaxud da çıxış onlara həyatları bahasına başa gələ bilər. Belə insanlar - onlar həqiqətən bu ölkədə varsa - adi qatillərdən onunla fərqlənir ki, onların özlərinin ideyası, ideologiyası olur, necə deyərlər, bunlar ideyalı qatillərdir. Nahaq yerə demirlər ki, fanatizmlə cinayət arasında məsafə gözlə qaş arası qədədir. Fanatizm həm də müxtəlif motivlərə malik olur, müxtəlif səbəbdən yaranır.

Qeyd etmək yerinə düşər ki, F.Dostoyevski də tipik rus terroristinin obrazını və ümumiyyətlə, terrorizmin mənzərəsini yaratmağa cəhd etmişdi. Sanki bütün millətlər eyni yolu keçirlər və bəzən elə olur ki, bir millət başqa bir millətin on illər, bəlkə də yüz illər əvvəl keçdiyi yolu təkrar etməyə, onu bir daha təkrar keçməyə başlayır. Bir müddətdir bu sosial-siyasi fenomen öz lövbərini Şərqə salıb...

ŞƏRQ FENOMENİ

Şərqdə onlar çoxdur, elə hansı Şərq ölkəsinə baxırsan, belələrini görürsən. Bu, Şərq ölkələrinin əsl problemidir. Onların ucbatından insanlar on illərlə despotik rejimlərə dözür ki, təki belələri hakimiyyətə gəlməsin və onların ucbatından insanlar demokratik seçki keçirə və özlərini ifadə edə bilmirlər. Məhz buna görə bir çox analitiklər, politoloqlar Şərqlə ehtiyatlı davranmağı tövsiyə edirlər. Onlar, ekstremistlər və fanatlar, ən müxtəlif siyasi cərəyanı təmsil edirlər – millətçilikdən tutmuş dini ekstremizmə qədər...

Misir, Təhrir meydanı, 23 noyabr 2011

Misir, Təhrir meydanı, 23 noyabr 2011

İndi hamımız ərəb ölkələrindəki prosesləri maraqla izləyirik. Lakin artıq müəyyən vaxt da keçib, bu vaxt ərzində bu ölkələrdə demokratik addımlar atılmalı idi, fəqət, onlar yubanır. Etiraf edək, hamımızın ürəyində bir narahatlıq var. Bu ölkələr dünyəvi, demokratik inkişaf yolu tutacaq, yoxsa bəzilərinin iddia etdiyi ki, «özünəməxsus inkişaf yolu» axtarmağa başlayacaqlar? Ötən bir il bu suala artıq aydınlıq gətirməli idi. Lakin hələ də intizarla həmin bu sualların cavabını gözləyirik.

Bilirsiniz, əslində liviyalıların Qaddafi'ni, misirlilərin isə Mubarak'i devirməsi qeyri-adi hal deyil, çünki dünyada indiyə qədər onlarla despot devrilib. Qeyri-adi hadisə o vaxt baş verəcək ki, silahlı liviyalılar silahı yerə qoyub seçki məntəqələrinə gedəcək, seçkili hakimiyyət formalaşdıracaqlar. Ərəb ölkələrində nisbətən stabil dövlət hesab edilən Misirdə Mubarak'dan sonra dini qruplar arasında toqquşmalar baş verir və təbii ki, bu, yaxşı hal deyil. Misir də demokratik potensialını o vaxt təsdiq edəcək ki, demokratik atmosfer meydanlardan parlamentə köçəcək, seçilmiş şəxslər də məhdud zaman intervalını qəbul edərək Mubarak kimi on illərlə hakimiyyətdə olmaq sevdasına düşməyəcək.

VƏTƏNDAŞ SÜLHÜ OLMAYAN ÖLKƏDƏ...

Qərəz, Şərqin problemi çoxdur, mən hətta deyərdim ki, dərdi çoxdur. Bunu etiraf etməmək qeyri-mümkündür. Passionarlıq və fəallıq hər yerdə bir cür təzahür edir. Bəli, bir vaxt əfqanların sovetlər qarşısında sınmaması, sona qədər mübarizə aparması çox adamda simpatiya yaradırdı. Amma bəs indi? İndi görəndə ki, əfqanlar bomba partlatmaqdan və «Kalaşnikov» avtomatı ilə davranmaqdan savayı bir şey bilmir, adam sadəcə, peşmançılıq keçirir və bu ölkəyə yalnız sülh və sabitlik arzulayır. Çünki bir ölkədə vətəndaş sülhü yoxdursa, o ölkədə heç nə yoxdur, o ölkədə heç nə bərqərar ola bilməz, ona görə ki, mülki və siyasi həyat dialoq və kompromis tələb edir. Şərqlilər də mütərəqqi, sözün əsl mənasında 21-ci əsrə layiq vərdişlərə yiyələnməlidir, «Həmas» döyüşçüləri, 18 oktyabr 2011

«Həmas» döyüşçüləri, 18 oktyabr 2011

çünki biz dünyagörüşümüzün və hətta mentalitetimizin sülh və əməkdaşlıq aşıladığını iddia edirik. Belədirsə, onda konfliktlərin də həllinin yolunu dialoqda və kompromisdə axtarmaq lazımdır.

EKSTREMİZMİN MOTİVLƏRİ

Bütün fanatlar – ekstremistlər kimi Şərq ekstremistinin də motivləri bir çox hallarda anlaşılmaz olur: kimsə tarixə və kimi də «cənnət»ə düşmək istəyir, bəzi hallarda onlar hətta konkret bir siyasi məqsəd də güdmürlər. ABŞ-da 11 Sentyabr hadisəsini törədənlərin, yaxud da bu il Norveçdə 70-dən çox insanı qətlə yetirən terrorçunun (özü də qərbli!) siyasi məqsədi nə idi?!

Bir detala diqqət yetirmək istəyirəm. Təsəvvür edin, insan hələ uşaq çağından eşidir ki, «ABŞ şeytan dövlətidir!», «Dünyadakı bütün bəlaların səbəbi ABŞ və onun əlaltılarıdır!». İnsana bütün həyatı boyu bu fikirlər aşılanır və o, hara gedirsə yalnız bunu eşidir. Bu insan nə edəcək? O, fanata çevriləcək və bir gün ABŞ-a, heç olmasa, kiçik bir ziyan vurmaq fikrinə düşəcək. Çünki ona bütün ömrü boyu təlqin ediblər ki, bu dünyada olmasa da, o biri dünyada bu cür əməllərin mütləq mükafatı olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG