Keçid linkləri

Qəbələ RLS haqda yazmaq bir o qədər də maraqlı məşğuliyyət deyil. Bir neçə il bundan əvvəl müəyyən qədər maraq vardı, çünki obyektlə bağlı elə də tam təsəvvür yox idi. Hətta onun nə qədər ziyanlı olub-olmaması, daha çox elmi, yoxsa hərbi-siyasi obyekt olması mübahisəli idi.

İndi çox şeylər aydınlaşıb və RLS daha çox iki dövlət arasında müzakirələr gedərkən yada düşür. O, özünün məşhurluq pikini bir-iki il bundan əvvəl, V.Putin ABŞ-a ondan birgə istifadə etməyi təklif edərkən yaşadı. Mən isə ona həmişə süqut etmiş SSRİ-dən qalma abidə kimi baxmışam.

İndi həmin «abidə» ətrafında müzakirələr yenə də canlanıb. İlin sonuna qədər Azərbaycan və Rusiya yeni icarə sazişini imzalamalıdırlar. Çox qəribədir - Qəbələ özü indiki hakimiyyəti daha çox bir kurort və mədəni tədbirlər mərkəzi kimi cəzb edir. Son illər bu bölgədə bir neçə beynəlxalq musiqi festivalı keçirilib. Etiraf edin ki, musiqi festivalı və hərbi obyekt o qədər də uyuşmur. Amma Azərbaycan rəsmiləri hələ burada elə bir kontrast görmürlər.

Rusiyanın bu obyektdən umacağı və ondan möhkəm yapışmasının səbəbləri nisbətən aydındır – Cənubi Qafqaz bölgəsində hərbi iştirak bu ölkə üçün mühümdür. Amma mənə elə gəlir ki, bu da daha çox metafizik mahiyyət kəsb edir, çünki Rusiyanın kənarlardakı siyasəti real arqumentlərlə əsaslandırılmır. Çox şey real həyati maraqlar və hədəflər prizmasından deyil, əksinə, siyasi konyunktura nəzərindən çözülür.

RLS haqda düşünəndə yadıma onların məşhur «Ruslar müharibə istəyirmi?» mahnısı düşür. İndi bu haqda fikirləşəndə mənə elə gəlir ki, onlar hər halda bu perspektivi istisna etmirlər. Bir ölkənin rəsmi siyasətində və idarəçiliyində təmsil olunan şəxslər «rus əsgərlərinin nə vaxtsa Hind okeanı sularında çəkmələrini yuyacağı» haqda yazırsa, bu ölkənin hərbçilərinin 6000 km cənubda baş verənləri izləmək istəməsi o qədər də təəccüblü Putinin seçki plakatı, 8 sentyabr 2011

Putinin seçki plakatı, 8 sentyabr 2011

görünmür.

BİR NEÇƏ MİLYONA GÖRƏ RİSK ETMƏYƏ DƏYƏRMİ?

İndi Azərbaycan diplomatları RLS-in icarə haqqını artırmaq üçün arqument axtarırlar. XİN rəsmiləri bildiriblər ki, Rusiya «RLS-in Azərbaycan üçün nə qədər riskli olmasını» nəzərə almalıdır. Burada «risk» deyəndə, söz heç də onun zərərli şüalanma mənbəyi olmasından getmir. RLS uzaqmənzilli raket uçuşlarına nəzarəti həyata keçirir və təbii ki, belə imkanlara malik olan ölkə ilk nəzəri hədəflərdən biri kimi də Qəbələ RLS-i nəzərdə tutur. İcarə pulu cəmi 15 milyon dollar ətrafında dövr edir. Neft gəlirlərinin bu qədər bol vaxtı 15 milyon dollara görə risk etməyə dəyərmi? Güman etmirəm, ölkə rəsmiləri üçün bu 15 milyon dollar müstəsna əhəmiyyət kəsb edir.

Bəs onda problem nədədir? Azərbaycan rəsmilərinə elə gəlir ki, onlar Rusiyanın ölkədə hərbi iştirakının ən optimal formasını tapıblar: bəli, RLS-in yeri və divarları ölkə mülkiyyətindədir, texnikası isə Rusiyaya məxsusdur və Rusiya bu obyektin icarəsi üçün pul ödəyir. Rusları belə variant qane edir, onlar Azərbaycanın ərazisində kiçik də olsa, bir «tutacaq» istəyirlər. Normal məntiqə söykənən siyasət adamı üçün bu «tutaca»ğın heç bir mənası yoxdur. Ruslar isə belə hesab edir ki, RLS onların hərbi-siyasi çəkisini artırır. Bu hal o vaxta qədər davam edəcək ki, Rusiyanın vergiödəyiciləri öz pullarını saymağa və onun xərclənməsinə nəzarət etməyə başlayacaqlar. Hələliksə nə Rusiyanın, nə də Azərbaycanın vergiödəyiciləri bu haqda düşünmür. Deməli, hələ bir müddət Rusiya özünün metafizik hərbi planlarını, Azərbaycan isə geosiyasi «balanslaşdırma siyasəti»ni davam Azərbaycan-ABŞ təlimləri - 2009

Azərbaycan-ABŞ təlimləri - 2009

​etdirə bilər.

NATO İLƏ MÜNASİBƏTLƏR NƏDƏN DURĞUNLAŞIB?

Bəlkə də bu sual Qəbələ RLS ilə bağlı yazıda bir qədər kontekstdən kənar görünür. Amma bu, ilk baxışda belədir. Məsələ bundadır ki, RLS-lə bağlı açıqlama verən XİN rəsmiləri NATO-Azərbaycan münasibətlərinə toxunmağı da yaddan çıxarmayıblar. Belə fikir səsləndirilib ki, son dövrlərdə Alyansla ölkə arasındakı münasibətlər bir qədər durğunlaşıb!.. Əslində Azərbaycan diplomatları bunun səbəbini ölkənin xarici siyasətində axtarmalı idilər. Təbii ki, özünü neytral dövlət elan etmiş, hətta bu bloka qoşulmuş ölkə ilə NATO arasındakı münasibətlər bir qədər səngiməli idi, çünki ölkə NATO üçün öz prioritetliyini itirir və münasibətlər də daha çox texniki-taktiki əməkdaşlıq zəminində qurulur. Ona görə də diplomatların məhz elə bu ərəfədə Alyansla bağlı açıqlama verməsini mən Rusiyanı yüngülcə narahat etmək və onu öz maraqlarına uyğun icarə müqaviləsi imzalamağa təhrik etmək cəhdi kimi də yozardım.

Hər halda, bir sıra arqumentlər bunu düşünməyə sövq edir, çünki Azərbaycan heç vaxt NATO ilə dərin və intensiv əlaqələrə can atmayıb, ona görə ki, bu əlaqələr həmişə özündə ciddi siyasi islahatlar paketini nəzərdə tutub. Sonuncu isə heç vaxt ölkə rəsmilərini qane etməyib...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG