Keçid linkləri

Təcili xəbərlər

Fransanın yerinə Avropa Birliyi həmsədr olsun(mu?)


Həmsədrlər Yerevanda, 9 sentyabr 2010.
Həmsədrlər Yerevanda, 9 sentyabr 2010.
ATƏT-in Minsk Qrupunda növbəti yerdəyişmə həyata keçirilib. Fransalı həmsədr Bernard Fassier'i həmkarı Jacques Faure əvəz edəcək. 2007-2008-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəhbəri vəzifəsində çalışan Jacques Faure son təyinata qədər ölkəsinin Ukraynadakı səfiri olub. Beləcə, həmsədrlər dəyişir, münaqişənin həllindəki durum isə dəyişmir. İndi də yeni mövzu gündəmə gətirilib: Bəlkə Minsk Qrupunda Fransanı Avropa Birliyi nümayəndəsi ilə əvəzlənməsinə ehtiyac var?

AVROPA BİRLİYİNDƏN İKİ ÖNƏMLİ MESAJ VAR

Avropa Birliyinin ATƏT-in Minsk Qrupunda fəallaşması istəyinə dair iki önəmli mesaja diqqət yetirmək lazımdır.

Birinci mesaj Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Catherine Ashton'dan gəldi. Avropa Birliyinin rəsmisi əvvəlcə Xarici İşlər naziri Elmar Məmmədyarovla birgə düzənlədiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən belə bir ifadə işlətdi: «Müəyyən mərhələdə tərəflər arasında etimadı artıran tədbirlərin təşkil edilməsi lazım gələcək. Biz bugünkü görüşdə bunu da müzakirə etdik».

Catherine Ashton’un bu cümləsi Brüsselin danışıqlar prosesinə fəal qatılmaq istəyindən xəbər verirdi. C. Ashton daha sonra «APA» agentliyinə müsahibəsində məsələyə daha konkret münasibət bildirdi: «Biz Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından narahatıq və ATƏT-in Minsk Qrupuna daha dolğun dəstək vermək üçün daha fəal və yardımçı rol oynamaq istərdik. Bu məsələ ilə məşğul olması üçün Philippe Lefort'u AB-nin xüsusi nümayəndəsi təyin etmişəm. Bu tendensiyanın istiqamətini dəyişmək üçün necə yardım edə biləcəyimiz haqda düşünmək istərdik».

Foto: Arxiv
Foto: Arxiv
Bu yöndə ikinci mesaj Avropa Parlamentinin deputatı Kristian Vigenin'dən gəldi. K. Vigenin Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək, maraqlı açıqlamalar dilə gətirdi. Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması zərurətini bildirən avropalı deputat Minsk Qrupunu tənqid etməyi də unutmadı: «ATƏT-in Minsk Qrupu formatı illərdir fəaliyyət göstərməsinə rəğmən, hər hansı nəticəyə nail olmayıb». Vigenin buna görə də Minsk Qrupunda Fransanın Avropa Birliyinin nümayəndəsi ilə dəyişdirilməsi mövzusunun Avropa Parlamentində müzakirə edildiyini dedi.

«YENİ» HƏMSƏDRİN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİ

Göründüyü kimi, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynaması mövzusu qurumun bütün qurumlarında müzakirə predmetinə çevrilib. Bunun üçün əsas da var. Birincisi, Cənubi Qafqaz ölkələri Şərq Tərəfdaşlıq Proqramına üzv olduqlarından onlar rəsmən «Şərqi Avropa ölkələri» adlandırılıb. Demək, Şərqi Avropanın problemləri Brüsseli də narahat etməlidir. İkincisi, Avropa Birliyi bölgənin zəngin enerji resurslarının daha iri həcmdə köhnə qitəyə daşınması üçün qollarını çırmalayıb. «Nabucco» və «Transxəzər» boru xətlərinin inşaatları mövzuları gündəmdə ağırlıqlarını qoruyurlar. Enerji resurslarının Avropaya davamlı daşınması üçün isə bölgədə sabitlik vacibdir. Bölgə sabitliyinə ən böyük təhlükə isə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması və müharibə ehtimalının yüksək olmasıdır.

Foto: Arxiv
Foto: Arxiv
Ancaq Avropa Birliyinin Fransanı əvəz etməsi və ya hansısa şəkildə danışıqlar prosesinə fəal qatılmasına birmənalı baxış yoxdur. Yerli ekspertlərin bununla bağlı iki rəyi ilə tanışam. Birinci rəy ondan ibarətdir ki, Avropa Birliyinin bölgədə özəl maraqları olduğu üçün Brüssel münaqişənin həllində Fransadan fəal ola bilər. Digər tərəfdən, Avropa Birliyi ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünə önəm verən ölkələr az deyil və bu amil münaqişənin ədalətli həllini sürətləndirər. İkinci rəy isə ondan ibarətdir ki, əksinə Avropa Birliyində 27 ölkə təmsil olunduğundan bu münaqişənin həlli prosesinə diametral fərqli baxışları və bürokratik əngəlləri əlavə edə bilər.

20 İLLİK YUBİLEYƏ HAZIRLAŞAN MİNSK QRUPU

Hələ ki, Fransa öz yerindədir və fransalı yeni həmsədr digər həmkarları ilə birgə bölgəyə səfərə hazırlaşır. Bir gün onun da bu vəzifədə müddəti bitəcək və biz növbəti diplomatın səfər və açıqlamalarına alışacağıq. Necə ki, Minsk Qrupunun 20 illik nəticəsiz fəaliyyətinə alışmışıq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG