Keçid linkləri

ƏSATİRİN VERDİYİ BƏNZƏTMƏ
Əski yunan mifolojisində Sizif (yunanca «Sisif) Korinf şəhərini tikmiş padşahdır. Ağır suçlarına görə Tanrılar bu kişini o biri dünyada – Aiddə belə cəzalandırırlar: o. ağır daşı diyirlədə-diyirlədə dağın başına qaldırır və hər dəfə son nöqtəyə çathaçatda daş əlindən çıxıb aşağı düşür. Bundan sonra Sizif daşı yenidən yuxarı diyirləməyə məhkum edilir. Beləcə, sonsuz təkrar olur.
Dünya ədəbiyyatında Sizifin əməyi boş-boşuna ağır işlər görməyin metaforasına çevrilib. Həmin metaforaya görə yazarlar, publisistlər hətta bəzi dustaq evlərində dustaqların Sizif əməyinə məhkum olunduğunu yazıblar.
BAKINI SEVİB-SEVMƏYƏNLƏR
Mən Bakıda gedən tikintilərin yalnız pisinə danışan qələm əhlindən deyiləm. Sözsüz, mənim əski bakılı kimi yeni Bakı ilə psixoloji problemim var. On-on beş binanın, bir-iki körpünün estetikası xoşuma gəlsə də Bakını istilik və fəxr kateqoriyalarında mənimsəyə bilmirəm. Hərçənd bu, yenə deyirəm, mənim şəxsi problemimdir (ona görə vurğulayıram ki, çox adam şəxsi problemini yeni Bakının tənqidinə elmi arqument sayır). Çox güman ki, indiki Bakıda gəzən, əylənən, günlərini maraqlı keçirən yeniyetmələr yaşlananda bu Bakı onların sevimli xatirə məkanı olacaq.
BAKI YOLLARINDA SİZİF ƏMƏYİ
Mənim Bakı ilə ilgili daha çox öygü duyduğum, öyündüyüm bir xeyli yollardır. Bir vaxtlar asfaltın yeniləşdirilməsini, səkilərin, işıq dirəklərinin qoyulmasını, - yaratdıqları bütün çətinliklərə baxmayaraq, yaxşı, görüləsi işlər sayırdım. Ancaq zaman keçdi çaşqınlıqla gördüm ki, yenicə çəkilmiş yolu söküb bir də çəkirlər, yenicə qoyulmuş səki daşlarını çıxarıb başqasını qoyurlar, dirəkləri bir də dəyişirlər və o zaman Sizif əməyi yadıma düşdü. O biri Azərbaycan şəhərlərini deyə bilmərəm, ancaq Bakıda təkrar-təkrar yolu, küçəni söküb dağıtmaq əsl Sizif əməyi metaforasında açılır. Hərçənd bir nəsnə də var. Əziyyəti Bakının yiyələri çəkmirlər. Əziyyəti biz vergi verənlər, biz sürücülər, piyadalar çəkirik. Yeri qazanlar, asfaltı salanlar isə heç olmazsa, zəhmətlərinə görə haqq alırlar.
PULUN YEYİLMƏSİ, FIRLADILMASI, YA NƏ?...
Foto: Arxiv Sizif

Foto: Arxiv Sizif

Bakı küçələrində, yollarında Sizif əməyinin absurdu belənçi düşüncələr yaradıb ki, bu yolla pulu yeyirlər. Təkrar edirəm, şayiəni absurd yaradır!
Ancaq əslində səbəb pul yemək olsaydı, yəqin yolu gerçəklikdə yox kağızda «söküb-dağıdar», sonra elə kağızda da «düzəldərdilər». Yoxsa, sökməyə də pul xərcləmək gərəkdir, axı. Azərbaycan dövlət qurumlarında şəffaflıq olmadığı üçün yuxarıların razılığı ilə sənədlərdə tikilməmiş stadion, tikilməmiş xəstəxana ilğımını yaratmağa nə var ki?
HADİSƏ İLƏ BAĞLI SƏBƏB AXTARIŞI
Mən düşünürəm ki, həmişə olmasa da bir çox hallarla küçələrin, şəhər yollarının dəfən-dəfən yenidən düzəldilməsinin səbəbi çox vaxt pulu yemək deyil. Çünki bu olsaydı, Bakının əl dəyməmiş küçə və yollarını düzəldib orada pulu yeyərdilər. Yuxarılar da heç qoymazdı ki, israfcıl işlə pullar yeyilsin. Pulu yemək istəyəndə Əhmədlidə, Keşlədə, Yasamalda bərbad küçə və yolları düzəltmək yaxşıdır ki, AzTV-də dövlət qayğısı təbliğatına yeni material da olsun. Bakının yiyələrinin, merin, baş memarın və başqalarının böyük pulları daha yuxarılardan gizlədərək yeməsi isə mümkünsüzdür. Yuxarılar ha hərif deyillər. Onları xırda məbləğlərlə aldatmaq olar. Şəhərdən kimin cürəti çatar onlardan xəbərsiz böyük pulları yesin.
AZƏRBAYCAN SƏHLƏNKARLIĞI
Milli mentaliteti aşağıdan-yuxarıya sırıqlı kimi sırıqlayan vecsizlik, səhlənkarlıq «damarları» yuxarılaracan gedib çatır. Çox böyük zibilliyi təmizləmək böyük xərc tələb edir. Buradan çıxan sonuc: zibillik vaxtında və xırda olanda təmizlənməlidir ki, sonra göz dağına çevrilməsin. Mən görməmişəm ki, mənzil təmir edən ustalar işə başlamazdan öncə yeri öyrənsinlər, götür-qoy etsinlər, plan cızsınlar.
Bakıda sağ əlin sol əldən xəbərsiz olduğu görünür. Asfaltı salırlar, səkilərə daş döşəyirlər, sonra isə bəlli olur ki, su borusunu dəyişmək gərəkdir. Sökürlər, borunu dəyişib yenidən daşı döşəyirlər. Bir aydan sonra isə sökürlər ki, kanalizasiyanı dəyişsinlər. Daha düzgün olmazmı küçədə yol-səki işləri getməzdən qabaq kanalizasiya, su və s., idarələri həmin ərazidə nələr edəcəklərinin, hansı problemlərin üzə çıxacağının məlumatını versinlər və asfaltlama, döşənmə işləri bu məlumatdan doğan işlər görüləndən sonra aparılsın?!
Tikinti-təmir xaosu büdcəyə baha başa gəlir. Ancaq idarələr, xidmətlər arasında dediyim elementar uzlaşma, xəbərləşmə, bilgiləşmə olmaması göstərir ki, büdcə pullarına hakimiyyət orqanlarında israfcıl yanaşma var. Bu israfcıl psixoloji ilə, bu plansızlıq-sistemsizliklə necə ordunu güclü etmək olar, necə yaxşı nəyisə tikmək olar?! Bunu bilmirəm.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG