Keçid linkləri


Bu günlərdə Sopotda (Polşa) Avropa Enerji Forumu keçirilir. Mən Avropanın enerji mənbələrinin müxtəlifləşdirilməsi ilə bağlı diskussiyalarda şərhçi kimi iştirak edirdim. Əvvəlcədən anons edilsə də, Nabucco Pipeline Co. Şirkətinin icraçı direktoru cənab Reinhard Mitschek nəinki məruzəçi kimi, heç iştirakçı kimi də tədbirdə görsənmədi.

Demək, onun “gizlənməsinin” bir səbəbi olmalıydı. Bunun səbəbinə BP şirkətinin aşıqlaması aydınlıq gətirdi.

BP, SOCAR və BOTAŞ strateji tərəfdaşlığı

BP, SOCAR və BOTAŞ Bakı-Tbilisi-Ceyhan əməliyyatları və nəhəng “Şah-dəniz” qaz yatağının tam işlənməsini dəstəkləyən 14 sazişdən ibarət paketi təsdiq ediblər. Noyabrın 25-də BOTAŞ və “Şah-dəniz” idarəetmə şuralarının bu sazişləri təsdiqləməsindən bir ay əvvəl sazişlər Türkiyənin baş naziri Recep Tayyip Erdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında İzmir şəhərində keçirilmiş görüş zamanı imzalanmışdı.

Bu sazişlər 2017-ci ildən başlayaraq “Şah-dəniz” qazının Türkiyəyə satışı və Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün hüquqi çərçivəni təmin edir. Elə buna görə də həmin sənədlər ilk dəfə olaraq Xəzər dənizindən Avropaya qaz çatdıracaq “Cənub Qaz Dəhlizi” adlandırılan nəql yolunun açılmasına yönəlmiş çox mühüm bir addımdır.

Bu sazişlər paralel olaraq iki alternativ boru xəttinə baxılmasına imkan verir. Onlardan biri BOTAŞ-ın mövcud boru xətti şəbəkəsinin yeniləşdirilməsi, digəri isə Türkiyə ərazisindən tamamilə yeni bir müstəqil boru xəttinin inşasını nəzərdə tutur. Bu yeni müstəqil boru xətti – ona Trans-Anadolu Boru kəməri və ya TANAB adı verilib – həm Türk və həm də qaz istehsalçısı şirkətlərindən ibarət yeni bir konsorsium tərəfindən işlənəcək.

Şuranın sənədləri təsdiqindən bir neçə gün öncə BP-nin prezidenti Bob Dadli həm neft, həm də qaz məsələlərini müzakirə etmək üçün Ankarada Türkiyənin baş naziri Recep Tayyib Erdoğanla görüşmüşdü. O həm də Türkiyənin prezidenti Abdulllah Gül, baş nazirin müavini Ali Babacan və energetika naziri Taner Yıldızla da görüşlər keçirmişdi.

BP Trans-Anadolu Boru-ya qoşulur

Əslində BP rəhbərinin yüksək səviyyədə rəsmi Ankara tərəfindən qəbulu çox şeylərə “işıq salmağa” kömək edir. Belə ki, BP şirkəti BTC Co.-nun operatoru kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə hissəsində nəqletmə məsələlərinin stabilliyini və effektivliyini artırmaq məqsədilə tranzit tariflərinin artırılmasına razılıq verdi və bunun elə bir həddə müəyyənləşdirilməsinə “hə” dedi ki, Türkiyə hökumətinin sadəcə heç bir texniki-iqtisadi məsələni ortaya qoyaraq etirazı mümkün olmadı.

İkincisi, Trans-Anadolu Boru xətti kimi dünya səviyyəli bir qaz kəmərinin müasir tələblər əsasında layihəndirilməsi və illər keçdikcə onun buraxıcılıq gücünün az qala 2 dəfə artırılmasına nail olunması heç də asan məsələ deyil. Burada lider şirkətin texniki dəstəyinə istər-istəməz ehtiyac duyulacaq.

Üçüncüsü, Trans-Anadolu Boru kəməri o yerdə qurtarmalıdır ki, oradan digər boru başlayacaq və onun layihəsini və ideyasını verən şirkətin adı BP-dir. Demək, Şərqi Anadoludan başlayacaq boru kəməri əslində Avropanın içərilərinə qədər uzanacaq və burada strateji maraqlardan çıxış edilirsə, onda BP, SOCAR və BOTAŞ-ı uzun müddətə bir-birinə bağlayacaq meqa bir layihənin təməlindən söhbət gedə bilər.

Elə buna görə də Bob Dadli Ankarada BP əməkdaşları ilə görüşündə maraqlı məqamlara toxunub: “Türkiyə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. BP-nin əməliyyatçısı olduğu BTC boru kəməri və “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsinin işlənməsi kimi layihələr bu məqsədi dəstəkləyə bilər. Bu ölkənin niyyəti regional enerji ötürücüsü mərkəzinə çevrilməkdir və mən fəxr edirəm ki, BP həmin məqsədlərin həyata keçməsinə kömək etmək üçün hökumətlə birgə işləmək imkanına malikdir”.

Necə deyərlər, artıq şərhə ehtiyac yoxdur – BP bundan sonra bütün gücünü Türkiyənin regional enerji tranziti mərkəzinə çevrilməsinə yönəldəcəkdir.

Bəs, BP-nin marağı nədir? Çox sadə - yaxın 40 il üçün BP Şərqdən Qərbə axacaq qaz və neft kəmərlərinə hansı şirkəti buraxmağı, hansını buraxmamağı məsələlərinə təsir imkanına malik olacaq. Bu isə ona tam başqa bir status qazandıra bilər.

“Nabucco” niyə gerçəkləşmədi

Bu layihə 2002-ci ildə doğulmuşdu və 2005-ci ildən Avropa Birliyinin dəstəyini almışdı. Ancaq praktikada realizə olunmağa imkan tapmadı. Nəyə görə? Bunun bir-neçə səbəbi vardı:

  • Onu inşa edən şirkətlərin əvvəlcədən hansı ölkələrdən qaz almaqla bağlı real təsəvvürləri minimal idi, elə zənn edirdilər ki, əsas məsələ infrastrukturun olmasındadır, bundan sonra qaz tapılması elə də problematik məsələ olmamalıdır;
  • Nabucco-da səhmlər onun iştirakçıları arasında bərabər bölünmüşdü, ona görə də orada lider şirkət yox idi, hamı hər şeyə cavabdeh idi, əslində isə görüləcək işlərin yükünü çəkəcək “ana şirkət” gözə dəymirdi;
  • Nabucco səhmdarları yarandıqları gündən siyasi dəstək hiss etdiklərindən, bunun tezliklə iqtisadi dəstəyə də çevriləcəyi ümidi ilə yaşayırdılar (ucuz kreditlər, hökumətlərin qrantları və sair, ancaq dünya maliyyə böhranı bu arzuların gerçəkləşdirilməsinə mane oldu), ona görə də onlar üçün layihənin kommersiya baxımından səmərəliliyi bir növ arxa plana keçmişdi;
  • Nabucco səhmdarları qazı Azərbaycan və Türkmənistan kimi ölkələrdən onların sərhədlərində ucuz almaq, Avropa Birliyinin dəstəyi ilə tranzit xərclərini minimum etmək və yerli bazarlarda mövcud qiymətlərdən ucuz satmamaq kursu (bunun hesabına infrastruktura çəkilən xərclərin ödənilməsinə nail olmaq istəyirdilər) götürmüşdülər;
  • Azərbaycan, Türkiyə və BP-nin (“Şah-dəniz”in operatoru qismində) kommersiya maraqlarının ortaya qoyulması və bunun gerçəkləşdirilməsi üçün yeni bir infrastruktur layihəsinin irəli sürülməsi faktiki olaraq Nabucco-nu “gedər-gəlməz”ə göndərdi.

BP niyə Amerika şirkətlərindən ağıllı çıxdı?

Soruşula bilər ki, BP niyə özünü bu qədər “oda-közə” vurur, Trans-Anadolu Boru kəmərinin və “Şah-dəniz” qazının Avropaya nəqli üçün 4-cü ixrac marşrutunun reallaşmasına çalışır?

Bunun BP üçün kommersiyadan əlavə, böyük bir ənənəvi əhəmiyyəti də var. Belə ki, Britaniyanın neft nəhəngi vaxtilə İrandakı layihələrinə görə həyata vəsiqə qazanıb və bu şirkət uzun illər Yaxın Şərqin karbohidrogen ehtiyatlarının işlənməsi hesabına dünyada məşhurlaşıb. Onun vaxtilə Rusiya bazarına ayaq açması da o qədər yetərli olmadı.

Ancaq BP üçün Xəzərdə, əsasən də Azərbaycandakı bütün layihələri uğurlu oldu, onun dünya üzrə ən məhsuldar neft və qaz quyuları məhz Azərbaycandadır. Amerikanın neft nəhəngi – ExxonMobil isə faktiki olaraq Xəzərdə bir-birinin ardınca səhv addımları ilə yadda qaldı və ən gülməlisi onun menecerlərinin BTC-yə kommersiya baxımından “uğursuz” rəyi vermələri oldu.

Nəticədə bu gün o boyda şirkət “Azəri-Çıraq-Günəşli”dəki payını dəmir yolu ilə daşımağa məcburdur. BP isə Türkiyənin TPAO şirkəti ilə birgə İraq Kürdüstanında artıq bir qaz yatağının işlənməsinə dair müqavilə imzalayıb (müqayisə üçün noyabrda ExxonMobil şirkəti İraq Kürdüstanındakı layihəni tərk etdi ki, İraqın cənubunda müqavilə imzalasın, ancaq hələ də qeyri-müəyyənlikdir).

Türkiyə hökuməti bütün gücünü ona yönəldib ki, İraq Kürdüstanı ilə əlaqələri gücləndirsin və vəziyyət stabilləşən kimi Trans-Anadolu Boru kəməri ilə həmin qazın ixraca başlasın. Bundan əlavə, Türkiyə hökuməti TPAO\BP alyansına Türkiyənin Qara dəniz şelfində kəşfiyyat işləri ilə bağlı lisenziya da verib. Beləliklə, strateji baxımdan BP üçün Türkiyə çox gözəl bir məkana çevrilir və Ankara da BP-nin imkanları və ambisiyalarından ölkənin enerji təhlükəsizliyinin davamlı təminatçısı kimi yararlanmağa çalışır.

Yadınızdadırmı, ötən yazıların birində yazmışdım ki, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə rəsmi nümayəndəsi Richard Morningstar əslində Bakıya ona görə gəlmişdi ki, Türkiyədə inşa ediləcək boru kəmərində Amerika şirkətləri üçün pay istəyirdi. Ancaq belə görünür ki, BP olan yerdə Amerika şirkətləri özlərini küncə sıxılmış hiss edirlər, baxmayaraq ki, bu ingilis şirkətinin səhmdarlarının bir hissəsi ABŞ vətəndaşlarıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG