Keçid linkləri

Hər halda bu sual da özünü tükəndirmədi. Nə Prezident Administrasiyasının şöbə müdiri Ə.Həsənovun açıqlamaları, nə də ki, görüşün yekunları ilə bağlı müsahibə verən İran səfirinin fikirləri məsələyə elə bir aydınlıq gətirmədi və daha çox vəd xarakterli bəyanatlar səsləndi. Azərbaycan hökuməti bu dəfə özünü İranla danışıqlarda yeni bir biçimdə - BMT TŞ-nın qeyri-daimi üzvü olan ölkə kimi təqdim etmək istədi. Bunu ona görə deyirik ki, İran kanalları birinci dəfə deyil ki, Azərbaycanın efir sərhədini pozur. İran mətbuatı birinci dəfə deyil ki, Azərbaycanla bağlı öz prizmasından açıqlamalar verir. İran dövlət xadimləri ilk dəfə deyil ki, Azərbaycanın ən yüksək çinli məmurları və hətta vətəndaşları haqqında hədə xarakterli bəyanatlar verir. Bunlar həmişə olub.

Yalnız ən «optimist» insanlar deyə bilər ki, Azərbaycanla İran arasında münasibətlər çox «rəvandır». Bu münasibətlər heç vaxt nəinki normal, hətta orta stabil xarakter də daşımayıb. Bunun səbəbi də odur ki, İran çox ideoloji dövlətdir, onun hətta xarici siyasəti ideoloji ştamplar və ehkamlar üzərində qurulub. Dövlət rəsmiləri bu haqda yüksək tonda danışmağa ehtiyat edir və bunun da səbəbi tək diplomatiyanın və siyasətin diktə etdiyi etik sərhədlər deyil. Azərbaycan məmurları yalnız və yalnız öz müxalifətləri ilə danışıqlarda «yüksək ton»dan istifadə edirlər...

CƏNUBLU MÜHACİRLƏR İRANDAN NİYƏ EHTİYAT EDİRDİ?

Bölünməz məsələlərə gəldikdə, onların sayı bir deyil, iki deyil, çoxdur. Ən çox narahatlıq yaradan məqam da elə budur ki, Azərbaycanın vətəndaşları, xüsusən də mətbuat işçiləri, sözün əsl mənasında İrandan ehtiyat etməyə başlayıblar. Hansısa vətəndaşı təhdid etmək və onu ölümlə hədələmək ciddi hüquqi nəticələrə aparıb çıxaran əməldir. Amma ki, İranın ruhani dairələri belə incəliklərə məhəl qoymur. Onları dinləyəndə adamın beynindən dərhal bir fikir Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası, 8 aprel 2011

Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası, 8 aprel 2011

keçir: məgər dünyada dini müharibə gedir? İnsanlar hərəkətlərini və əməllərini necə korrektə etməlidir? Dövlətin dünyəvi qanunları ilə, yoxsa ki, İran mollalarının fətvaları ilə? Bəlkə də bunlar bölgədən uzaq insanlar üçün bir qədər ekzotik görünür, amma Azərbaycan, necə deyərlər, İrana yaxındır, onun bir addımlığındadır və insanlar ölkələrində özlərini heç də təhlükəsiz hiss etmirlər.

Mən bir neçə il bundan əvvəl bir hadisəni müşahidə etmişdim. Müvəqqəti olaraq Bakıda məskunlaşan cənublu mühacirlər İran dövlətindən çox ehtiyat edirdilər və bu ehtiyatlılıq təkcə onların İranda qoyub gəldikləri yaxınlarının və qohumlarının taleyi ilə bağlı narahatlıq deyildi. İndi, üstündən bir neçə il keçəndən sonra bu narahatlığın səbəbini daha yaxşı anlayırsan. Dünyada yəqin ki, bunun analoqu yoxdur. Belə bir şeyə rast gəlmək mümkün deyil ki, bir dövlətdən başqa dövlətin vətəndaşları ehtiyat etmiş olsun. Təbii ki, nəinki bir görüşlə, bəlkə heç yüz görüşlə problemi tam çözmək mümkün deyil, çünki İran dövlətinin xarakteri belədir və bu hal yalnız həmin dövlətin ciddi transformasiyasından sonra dəyişə bilər.

BİR İLLÜZİYA HAQQINDA

Azərbaycanın siyasət adamları, hüquq müdafiəçiləri və mətbuat işçilərinin arasında İran informasiya vasitələrinə meyl edənlər, orada çıxış edənlər olur.

İran-Azərbaycan sərhədi

İran-Azərbaycan sərhədi

Çox yaxşı olardı ki, yerli hakimiyyət bunun obyektiv səbəbləri haqqında bir ciddi düşünsün. Bir çox hallarda belə insanların hansısa bir məkrli məqsədi olmur, onlar, sadəcə özlərinin tənqidi fikirlərini səsləndirmək üçün tribuna axtarırlar. Ölkə daxilində belə bir tribuna yoxdur, ancaq bəzi qəzetlərdə belə fikirlər səsləndirmək mümkündür. Etiraz da su kimidir, o da gec-tez özünə bir çıxış tapır. Mən hələ belə halların yaratdığı illüziyanı demirəm. Bəzilərini belə illüziyalar çaşdırır. Amma insanların söz demək üçün İranın kanallarını seçməsi, daha ucuz müalicə üçün İrana yollanması hansısa abstrakt hissin, simpatiyanın nəticəsi deyil, bir çox hallarda insanlar buna məcbur olur.

İndi hansısa kanalı qapatmaqla və yaxud da insanların yolunu bağlamaqla belə problemləri həll etmək mümkün deyil. Daha yaxşı olardı ki, bəzi suallara bir cavab verilsin. Niyə insanlar ölkələrinin informasiya vasitələrindən istifadə edə bilmirlər? Niyə İranda, tutaq, səhiyyə daha keyfiyyətli, həm də ucuzdur?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG