Keçid linkləri

Rusiya öz daxili siyasi etirazları ilə tez bir zamanda siyasi gündəmə gəldi. O qədər də tələsik siyasi nəticələrin tərəfdarı olmasaq da, hər halda əsas bir fikri biz də təkrar etməyə məcburuq: «Rusiya qışı»na olan siyasi maraq heç də «ərəb baharı»ndan geri qalmır.

Amma indi əsas məsələ ifrat optimist və eyforik bəyanatlar səsləndirmək deyil, növbəti aksiyaların gedişinə baxmaq və yalnız onların əsasında nəticə çıxarmaqdır. Təbii ki, Rusiya müxalifəti öz aksiyalarına mütəmadi xarakter verə bilsə, onda V.Putinin siyasi perspektivi mürəkkəbləşəcək, çünki aksiyalar bu ilin sonuna və növbəti ilin əvvəllərinə təsadüf edəcək. Amma Rusiya müxalifəti ilə bağlı müəyyən tərəddüdlər də səslənir və bu tərəddüdlər «Vahid Rusiya» Partiyasının şanslarının o qədər də az olmadığını deməyə əsas verir.

Bu tərəddüdlərə keçməmişdən öncə bir detalı qeyd edək: aksiyalara maraq ölkənin xaricində heç də daxildəkindən az deyil, çünki ən azı son 15 ildə bu ölkədə ciddi bir siyasi aksiya və ya təşəbbüs diqqəti çəkməyib. Bunun əsas səbəblərindən biri təbii ki, Qafqaz müharibəsi olub. Çeçenistanla aparılan bir neçə illik müharibə ictimaiyyəti daha çox bu səmtdə düşünməyə vadar edirdi. İndi müharibə səngiyib, ölkə özünün nisbi də olsa, sabit bir dövrünü yaşayır. Bir növ insanların daxildəki proseslərə daha çox diqqət ayırması üçün imkan yaranıb.

MÜXALİFƏT BU GÜNÜN PRİZMASINDA

Rusiya müxalifəti də maraqlı fenomendir. İndi bu haqda əvvəlki dövrlərdən xeyli az yazılsa da, son hadisələrin fonunda mövzuya maraq yenidən artıb. Ən çox diqqət çəkən detal budur ki, düşərgədə demək olar ki, yeni adamlar çox azdır. Əsasən o adamlardır ki, ruslar bir çox bəlaları – eləcə SSRİ-nin dağılmasını, ədalətsiz özəlləşməni, sosial bərabərsizliyi bu adamların adı ilə bağlayırlar. Putinin üstünlüyü nədə idi? O, bu «günahlar»dan kənarda idi və onlarla o qədər də bağlı deyildi. Harri Kasparov və Boris Nemtsov, 2011

Harri Kasparov və Boris Nemtsov, 2011

Amma Yavlinski, Nemtsov... eləcə də adını çəkmədiyim digərləri bu işin içində olublar. Məsələn, çoxu düşünür ki, rus siyasətçiləri arasında ən ağıllı adamlardan biri A.Çubaysdır. Lakin nə qədər ki, rus ictimai şüurunda ədalətsiz özəlləşdirmə, «vauçer» siyasəti ilə əlaqəli xatirə yaşayır, A.Çubaysın böyük siyasətə yolu bağlı olacaq.

Artıq Putin də yeni adam deyil. O da özünün bu üstünlüyünü itirib. Həmişə təkrar seçilən adam üçün bir qədər çətin olur, çünki onun arxasında konkret əməllər durur və hamı da şüarlara, səslənən fikirlərə deyil, elə məhz konkret əməllərə səs verirlər. İndi Putinə də əməllərinə görə səs verəcəklər. Bu isə həmişə çətin olur.

Müxalifətin bir cəhəti odur ki, onlar, ola bilsin, son dövrün gəncləri və tələbələri üçün siyasi baxımdan anlaşılan adamlardır, amma elektoratın bir böyük kəsimi onları başa düşmür. Ruslar üçün bu müxalifət «elitar Harvard gəncləri», «romantik qərbçilər»dir. Düzdür, bu müxalifətin içində E.Limonov kimi ekzotik siyasi baxışların təmsilçisi də var, lakin çox güman ki, bu şəxs özü belə öz siyasi perspektivinə inanmır. Üstəlik, belə aqibəti tək o yaşamır və B.Nemtsov, Q.Kasparov, eləcə də Q.Yavlinski də təxminən eyni bir dərdi bölüşür. Təbii ki, həmin siyasətçilər bu haqda xeyli əvvəl, öz davranışları ilə orta statistik rus adamını xeyli qabaqlayanda düşünməli idilər. Yada salaq ki, B.Nemtsov daha çox MDB prezidentlərini cins şalvarda və gödəkcədə qarşılaması və bir də Belarusdan qovulması ilə, Yavlinski isə ictimai şüuru hələ də qıcıqlandıran monetarist «500 gün» proqramının müəllifi kimi yadda qalıb.

AZƏRBAYCANA NƏ LAZIMDIR?

Moskvada kommunistlərin nümayişi, 2007

Moskvada kommunistlərin nümayişi, 2007

Ən asanı «Demokratik Rusiya!» - deməkdir. Amma demokratik Rusiya hələ uzun müddət bir xəyal olacaq. Bəli, ilk baxışda zəif, başı özünə qarışan və öz daxili problemləri içində qovrulan Rusiya Azərbaycan üçün daha məqbul görünür və çoxu düşünür ki, belə situasiyada daha yaxşı baş çıxarmaq olar. Lakin Rusiyanı sadəlövh hesab etmək lazım deyil, başı özünə qarışan anda o, öz ətraflarının da başını qarışdırır. Azərbaycana gələk. Rus imperiyasının üç zəif dövrünü götürək:

1.1903 – 1905,
2.1914 – 1920,
3. 1987 – 1994-cü illər.

Bu dövrlərdə o, çətinliklər yaşayıb. Amma ətraflarda nə baş verib? Konkret Qafqaza gəlsək, bu dövrlərdə erməni-azərbaycanlı müharibələri olub və Azərbaycan böyük itkilər verib! Bu savaşların hamısının ssenarisi Rusiyada cızılıb. Ona görə zəif Rusiyanın Qafqaz, əsasən də Azərbaycan üçün hansı ssenarilərə gətirib çıxara biləcəyini azca da olsa irəlicədən təsəvvür etməyə dəyər. Hələ birmənalı şəkildə demək çətindir ki, Azərbaycana hansı Rusiya lazımdır: güclü və stabil, yoxsa zəif? Hər halda, özünün daxili strukturlarına nəzarət etmək iqtidarında olan, bir mərkəzdən idarə olunan Rusiya Qafqaz üçün daha təhlükəsiz görünür...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG