Keçid linkləri

Ötən həftəsonu V.Havel də vəfat etdi. Elə xəbərlər olur ki, onlar təhlil və analiz üçün deyil. Onları eşidib sadəcə susmaq lazımdır, təbii ki, ehtiram və hörmət əlaməti olaraq. İnsanlar toyda və yasda təmtəraqlı ibarələri sevir.

Kimsə öləndə başlayırlar ki, dünyadan böyük alim, yazıçı və yaxud siyasətçi getdi. Mən belə sadalamaları sevmirəm. Bunları o adamlar haqqında demək lazımdır ki, onlar bir alim, yazıçı və yaxud da siyasətçi kimi unudulublar! Bu, bəlkə də mübahisəli görünəcək, amma mən belə düşünürəm. V.Havel haqda düşünən kimi mənim yadıma dərhal bir söz düşdü: Absurdistan! Məhz o, ilk dəfə olaraq bütün sosialist düşərgəsini belə adlandırmışdı. Ona görə də bu böyük insan haqdakı qısır, kasıb cümlələri bir tərəfə qoyub, başqa bir xəbəri təhlil etmək istəyirəm. Mənə elə gəlir ki, onun özü də məhz belə edərdi, ona görə ki, bu dünyada hələ də Absurdistanlar qalıb, onlar çoxdur...

DÜNYANIN İKİ TƏRƏFİ

Bəli, ötən həftə dünyanın bir ucunda V.Havel, o biri ucunda isə Koreya lideri Kim Jong-il dünyasını dəyişdi. Koreya diktatoru Kim Jong-il dekabrın düz 17-də ürək tutmasından keçinmişdi. Mən sovetlər vaxtında koreyalıları görmüş və hətta onlarla bir-iki kəlmə (təbii ki, rusca) söz də kəsmişdim. O vaxtlar onlar bizə o qədər də qəribə görünmürdülər. Onlar yaxalarında Kim Il Sung'un, biz isə Leninin surətini gəzdirirdik. Koreyalılar elə indi də mənə çox qəribə görünmür, çünki mən də elə ölkədə yaşayıram ki, burada da avtoritar liderin doğum və ölüm günü böyük təntənə ilə qeyd edilir. Tək bir fərq var. Yanlış olsa da, onların ideyası var, bizim isə elə bir ideyamız yoxdur, biz elə-belə, necə deyərlər, milli ideyasız yaşayırıq. Kim Jong-il

Kim Jong-il

Düzdür, Prezident Administrasiyası çox çalışır ki, bizim üçün bir milli ideya tapsın, biz boş-boşuna yaşamayaq və nəyinsə uğrunda yaşadığımızı düşünək. Hətta bu «ideya»ya ad da tapılıb və onu «modernləşdirmə» adlandırıblar. Amma əhalinin böyük hissəsinin o haqda xəbəri yoxdur.

Mən bunun əsl səbəbini bilmirəm: ola bilsin, camaatı bu ideya maraqlandırmır, ya da rəsmi qəzetlər az oxunduğundan bu haqda çoxunun məlumatı yoxdur. Hələ onu demirəm ki, Koreyada ata hakimiyyəti oğluna, oğul da öz növbəsində öz oğluna, yəni ki, böyük rəhbərin nəvəsinə verdi. Azərbaycanda da belə oldu-hakimiyyət atadan oğula keçdi. Gələcək keçidlər haqqında da müxtəlif söhbətlər gəzir, amma mən bu haqda heç nə bilmirəm.

İndi Koreya Kim Jong-Un'un gəlişini gözləyir. Bu adamın, vur-tut 29 yaşı var. Cəmi bircə il bundan əvvəl general rütbəsi alıb...

KOREYALILAR HANSI HAKİMİYYƏTƏ LAYİQDİR?

Belə bir fikir var ki, hər bir millət öz hakimiyyətinə layiqdir. Amma ortalıqda iki fərqli Koreya var. Ona görə də mən çaşıb qalıram: koreyalılar bunlardan hansına layiqdir? Bir tərəfdə demokratiya, bazar iqtisadiyyatı və beynəlxalq hüquq, o biri tərəfdə isə totalitar idarəçilik! Şimali koreyalılar Kim Jong-il'ə yas tuturlar, 19 dekabr 2011

Şimali koreyalılar Kim Jong-il'ə yas tuturlar, 19 dekabr 2011

Burada bir mübahisəli fikir deyib öz mövqeyimi bir qədər əsaslandırmaq istəyirəm. Elə ölkələr var ki, onların heç bir düşərgədə yeri yoxdur, nə demokratların cərgəsində sayılırlar, nə də avtoritarların! Amma Cənubi Koreya sayılan ölkədir, buna söz yox. Ən əsası isə Şimali Koreya da, necə deyərlər, özünə görə deyil: yeməyə bir şey tapa bilməsələr də silah-sursat sarıdan bolluqdur! Ona görə də mən kəskin bir nəticəyə gəlmək istəmirəm. Üstəlik, yadıma düşür ki, təxminən 20 il bundan əvvəl almanlar da bu aqibəti yaşamışdılar: bir AFR vardı və bir də ADR!

İndi özünüz deyin: almanlar bu sistemlərdən hansına daha çox layiq idilər? Hələ onu demirəm ki, AFR kapitalist ölkələri arasında nə qədər sayılan idisə, ADR də sosialist düşərgəsində bir o qədər sayılırdı! Ona görə də birmənalı tərz özünü bir çox hallarda doğrultmur. Ümumiyyətlə, xalq iki üsulla səfərbər olur: bu ya totalitar qaydalarla baş verir, ya da fərdi təşəbbüslər şəklində öz mahiyyətini büruzə verir. Milli səfərbərliyini bu iki üsulunu biz iki Koreyanın timsalında görürük. Bəla onda olur ki, millət ətalətə yuvarlanır: nə fərdiyyət kimi özünü büruzə verir, nə də kollektiv kimi. Nə fərdi təşəbbüs göstərir, nə də kollektiv...

Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
XS
SM
MD
LG