Keçid linkləri

Qazaxıstanda etirazlar qığılcım kimi tez alışdı, elə də tez də söndü. Təhlil və analiz həvəskarları etirazların belə impulsiv xarakter daşımasını onun digər əhali qruplarından dəstək almaması ilə deyil, daha çox hakimiyyətin kəskin reaksiyası ilə izah edirlər. Çünki yerli hakimiyyət etirazçıları nə az, nə də çox silahlı müdaxilə ilə hədələdi.

Bu etirazın hərə bir detalını qabardır və təbii ki, bunun obyektiv səbəbləri var. Amma mənim diqqətimi cəlb edən ilk cəhət o oldu ki, etiraz edənlər neftçilər idi. Məsələ bundadır ki, indi hamı yeni neft və qaz ölkələrinin milyardlarını sayır və paytaxtlarda tikilən uca binaları nəzərə çarpdırır. Amma bu nefti və qazı hasil edən fəhlələri heç kim yada salmır. Əslində isə onların vəziyyəti ədalətli sosial bölgünün və ölkədə aparılan sosial siyasətin aynasıdır. Neft bumu yaşanılan ölkələrdə neftçilər də etiraz edirsə, əhalinin digər kateqoriyaları haqda heç danışmağa dəyərmi?!

Bir detalı da qeyd etmək istərdim. Mərkəzi Asiya heç də düşünülən qədər primitiv deyil. Bəli, ötən 20 il ərzində Qazaxıstanda ciddi v yadda qalan etiraz olmayıb. Lakin onu da qeyd etmək lazımdır ki, bu ölkədə yenidənqurmanın ilk vaxtlarında keçmiş İttifaqda ilk etiraz aksiyalarından və etiraz cəhdindən biri olmuşdu. O vaxtlar reallıq hissini tamam itirmiş İttifaq rəhbərləri Qazaxıstana rusəsilli birinci katib təyin etmişdilər, amma tez bir zamanda necə səhv etdiklərini başa düşdülər. Məlum oldu ki, ötən 70 il ərzində ən çox rusəsilli insanların yaşadığı respublikalardan birinin yerli əhalisini ruslaşdırmaq mümkün olmayıb. Elə indi də baş vermiş etirazda ən çox geosiyasi faktor qabardılır.

NAZARBAYEVLƏ VƏ NAZARBAYEVSİZ

Qazaxıstanda etirazların mərkəzi - Janaozen şəhəri, 18 dekabr 2011

Qazaxıstanda etirazların mərkəzi - Janaozen şəhəri, 18 dekabr 2011

N.Nazarbayev bütün parametrlər üzrə olmasa da, Rusiyanın maraqlarına cavab verən siyasətçidir. MDB özünün hətta bugünkü durumuna görə belə ilk növbədə Ukraynaya və Qazaxıstana borclu olmalıdır. N.Nazarbayev geosiyasi manevrlərin mahir oyunçularından biridir və özü də həmişə ilk gedişi etməyi sevir. Öz siyasi karyerasında o, bir neçə böyük geosiyasi alyansın və təşəbbüsün müəllifi olub. Bəzi hallarda Rusiya rəhbərliyini qabaqlamağa müyəssər olan Nazarbayev ilk təşəbbüsü özü irəli sürməyi sevir. Bu təşəbbüslər bir çox hallarda baş tutmaq üçün nəzərdə və planda tutulmur. Amma onlar öz müəllifinə siyasi xallar qazandırır. Kimdən soruşsan ki, MDB-nin əsl işlək quruma çevrilməsi və keçmiş ittifaq respublikalarının əsl inteqrasiyası üçün ən çox cəhd edən siyasətçi kimdir, dərhal hamı iki-üç nəfər siyasətçinin sırasında məhz N.Nazarbayevin adını çəkər.

Rusları o, qane edir. Amma ortalıqda bir problem var. Əlahəzrət vaxt özü Nazarbayevdən sonrakı dövr haqda düşünməyə vadar edir, çünki qazax prezidenti geosiyasi tryuklar sahəsində gözəl mütəxəssis olsa belə, zamanı saxlamaq iqtidarında deyil. Rusiyanı həm də belə bir detal narahat edir ki, o, prosesləri öz nəzarətində saxlaya bilməz, «ərəb baharı» Qazaxıstana da yol tapar. Bir detalı da nəzərə almaq lazımdır ki, inqilab təcrübəsi keçmək üçün Qazaxıstana çox da uzağa getmək lazım deyil, qonşuluqda Qırğızıstan var! İndi Rusiya həm də ondan ehtiyat edir ki, Əfqanıstanı tərk edəndən sonra ABŞ silahı – sursatı Mərkəzi Asiya ölkələri arasında paylaşdırılacaq. Bu, isə həmin ölkələrin Rusiyadan və onun silah bazarından asılılığını kəskin şəkildə azalda bilər. N.Nazarbayev və İ.Kərimov

N.Nazarbayev və İ.Kərimov

Elə ona görə də Nazabayevlə nə qədər çətindirsə, onsuz ikiqat çətindir...

DAXİLİ AMİLLƏR NEYTRALLAŞDIRILSA DA...

Mərkəzi Asiyanın avtoritar liderlərini bir ümumi cəhət birləşdirir: onlar rəqib hesab etdikləri adamların hamısını ölkə xaricinə qovublar. Lakin bu siyasəti də heç də ən uğurlu bir gediş hesab etmək mümkün deyil, çünki siyasət deyilən fenomenin bir xüsusiyyəti var: insan onunla bir dəfə məşğul olursa, ömürlük olaraq bu «bəlaya» mübtəla olur. Xaricdə olan opponentlər də təbii öz saatlarını gözləyirlər. Elə bu səbəbdən də onları tam neytrallaşdırılmış və xüsusən də zərərsizləşdirilmiş hesab etmək olmaz.

Yadımdadır, keçmiş İttifaq ölkələri arasında «ərəb baharı»na ilk reaksiya özbək mühacir təşkilatlarından gəldi. İ.Kərimov hakimiyyətinə qarşı mübarizə aparmaq üçün özbək mühacir qrupları hətta bir təşkilatda da birləşdilər. Qazaxıstan siyasi fəalları haqda belə şey eşitmədim. Lakin şərait olmasa belə, zaman diktəsini edir: Nazarbayev erasının sonu onların da «ulduz saatı»nı yaxınlaşdırır. O, hakimiyyəti ya öz yaxınlarına, ya da etibar etdiyi məmurlara ötürməlidir. Bu isə daxili amilləri hərəkətə gətirməyə bilməz, çünki söhbət hakimiyyətdən gedir. Şərqdə isə hakimiyyət hər şey deməkdir: o, həm səlahiyyət və həm də mülkiyyət deməkdir...

Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
XS
SM
MD
LG