Keçid linkləri

Təcili xəbərlər

Kovatia müxalifətinə


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Gənc fəal Bəxtiyar Hacıyev həbsdən göndərdiyi yazıda növbəti dəfə Kovatia müxalifətinə məsləhətlərini bölüşüb. Həmin yazını diqqətinizə çatdırırıq.

Kovatiada prezident seçkilərinə iki ilə yaxın vaxt qalsa da, artıq hakimiyyətin namizədinə qarşı bir neçə şəxs mübarizə aparacağını elan edib. Məhsul və xidmətlərdə seçimin çox olması müştərinin qərar vermə mexanizmini dayandırdığı kimi, seçkilərdə də namizədlərin çoxluğu seçimi çətinləşdirir, seçici aktivliyini azaldır və motivasiyanı aşağı salır. Seçimin çoxluğu bəzən seçimin yoxluğuna gətirib çıxara bilər. («The Economist», «The tyranny of choice», Dec.18-31,2010). Buna görə müxalifət seçicilərə sadə seçim təklif etməlidir: hakimiyyətdən razıların namizədi narazıların namizədinə qarşı.

3-5 il əvvəldən müxalifət partiya rəhbərlərinin prezidentə namizəd olacağı bilinir. Bu isə partiyalar daxilində iddiası və nüfuzu olan, lakin partiyaların və ya müxalifətin namizədi olmayacağından əmin olan şəxslərin partiyalara resurs cəlb etməsinin qarşısını alır. İlkin seçkilərdə belə şəxslər qalib olmaq üçün öz resurslarını səfərbər edə bilərlər ki, bu da nəticədə müxalifətin güclənməsinə gətirər. Liderlərin müsbət keyfiyyətlərinə görə partiyalara yaxınlaşan vətəndaşlar kimi, mənfi keyfiyyətlərinə görə uzaqlaşanlar da var. İlkin seçkilər partiyaların, müxalifətin daxili dinamikasını da dəyişər.

2012-ci ili bütövlükdə bu prosesə həsr etmək lazımdır. Hər ay bir neçə regionda, seçki dairəsində ilkin seçkilər keçirilməlidir. Bununla həm rəsmi təbliğat-təşviqat müddətindən əvvəl təbliğat imkanı əldə oluna, həm seçicilərin rəyi, həm də onların müəyyən şəxslərə və məsələlərə yanaşması öyrənilə bilər. İlkin seçki bülletenləri vasitəsilə ölkə üzrə sorğu keçirilərək əsas seçkinin mesajları müəyyənləşdirilə bilər.

İlkin seçki keçirməklə müxalifət Kovatiada tələb etdiyi demokratik, şəffaf və azad seçki nümunəsini də göstərə bilər. Bundan əlavə, seçicilərin qalib görmək istədiyi şəxsin qalib obrazı da ilkin seçkilərdə formalaşdırıla bilər.

Təbii ki, ilkin seçkilərin riskləri də var. Hakimiyyətin müdaxiləsindən tutmuş, ilkin seçkinin qalibinin müəyyən elektorat tərəfindən qəbul edilməməsinə qədər. Lakin imkanlar risklərdən çoxdursa, müxalifət 2012-ci ili ilkin seçkilərə həsr etmək barədə düşünə bilər.

Qeyd: Kovatia - ABŞ-ın IRI və NDI təşkilatlarının Avropa və Avrasiya Gənc Siyasi Liderlər Şəbəkəsi üçün 2008-ci ildə İstanbulda təşkil etdiyi prezident seçkilərinin simulyası zamanı istifadə olunmuş bir xəyali dövlət adıdır.

Gənc fəal, ABŞ-ın Harvard Universiteti məzunu Bəxtiyar Hacıyev bu il martın 4-də həbs edilib. May ayında barəsində hərbi xidmətdən boyun qaçırma ittihamı ilə 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. «Amnesty International» onu «vicdan məhbusu» sayır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG