Keçid linkləri

Bu yaxınlarda maraqlı hadisə eşitdim. Almaniyada bir qrup adam prezidenti istefaya göndərmək tələbi ilə çıxış edib. Səbəb də budur ki, o, aşağı vəzifədə çalışarkən yaxın adamların birindən borc pul götürüb və bu haqda məlumat verməyib! İlk baxışda Qərb üçün, Avropa ölkələri üçün elə də qeyri-adi bir hadisə deyil. Başqa ölkələrdə H.Kohl kimi kansleri bəlkə də müqəddəs elan edərdilər, amma həmin Almaniyada onu korrupsiya ilə bağlı xeyli çək-çevir etdilər.

Elə fransızlar da geridə qalan deyillər, mən hələ italyanları demirəm. Eks-prezident J.Chirac da korrupsiya ittihamlarının sayəsində bir neçə il şərti cəza aldı.

Mən bu detalları ona görə qeyd edirəm ki, bunlar bizim üçün azca belə olsa da adi görünmür, biz hətta buna inana bilmirik. Çünki öz şərqli və asiyalı təcrübəmizdə tamam başqa şey görmüşük – prezidentlər özlərini bu kimi hadisələrdən sığortalamaq üçün ya ömürlük vəzifədə qalırlar, ya özləri üçün toxunulmazlıq statusu əldə edirlər. Bizə nisbətən inkişaf edən dövlət Rusiyadır. Lakin bu ölkədə də B.Yeltsin vəzifədən gedərkən ölkənin birinci prezidenti kimi cinayət məsuliyyətindən və təqibindən azad edildi. Maraqlı sual yaranır: Bu, nəyin nəticəsidir? Siyasi sistemlərdəki fərqlərin yoxsa ki, mədəniyyətlərin və ənənələrin müxtəlifliyinin?

M.F.AXUNDOV NİYƏ PESSİMİST İDİ?

Şərqi fəlsəfi cəhətdən araşdıran ilk adamlardan biri M.F.Axundov olub. Mən həmişə onun «Kəmalüddövlə məktubları»na müraciət edirəm. Axundov bir özəl cəhətə hamıdan çox diqqət yetirib. O, qeyd edir ki, Şərqdəki qədər heç bir yerdə bu qədər nəcabətdən, əxlaqdan, nəsihətdən danışmayıblar. Şərqin bütün ədəbiyyatı nəsihətdir, öyüddür. Lakin müstəbid hakimiyyətlərin uzun ömürlü olmasına görə Şərq birinci yerdədir. Səudiyyənin kral ailəsi

Səudiyyənin kral ailəsi

Axundov da bunu görərək sadə bir dildə qeyd edirdi ki, nəsihətlə dünya düzəlsəydi,onda gərək iranlılar çoxdan islah olaydılar. ​Çünki hər bir iranlının oxuduğu bir şey varsa da, elə o da S.Şirazinin «Bustan»ı və «Gülüstan»ıdır. Deməli, F.Axundov ilk olaraq başa düşmüşdü ki, məsələ heç də nəsihətin bolluğunda deyil.

Eyni sözləri bizim əski hakimiyyətlər haqda da demək olar. Nizami çox çalışdı ki, şahları bir qədər islah etsin. Amma üstündən bir neçə yüz il keçəndən sonra yenə də M.Fizuli yazdı ki, salam verdim, rüşvət deyildir deyə, almadılar! Qəribədir, üstündən bir neçə yüz il keçsə də, yenə də azərbaycanlı ziyalısı rüşvətin baş alıb getməsindən gileylənir! Bəzən belə fikirlər səslənir ki, guya ki, teokratik Şərq ölkələrində vəziyyət bir qədər başqa cürdür. Bu fikri daha çox siyasətə dini qatanlar, dini-siyasi qrupların təmsilçiləri iddia edirlər. Amma vəziyyət belədirmi?

İRANDA HAKİMİYYƏTDƏ KİMLƏRDİR?

Əfsus ki, İran dünyanın korrupsiyaya məruz qalmış ölkələrindən biridir. Bu ölkədə hakimiyyət adamlarının, xüsusən də dini liderlərin fetişə çevrilməsi, müqəddəsləşdirilməsi praktikası daha geniş yayılıb, nəinki onlar haqda tənqidi fikirlər səsləndirmək, onları hansısa formada təftiş etmək! Bu ölkə milli sərvətin bəlkə də ən nəzarətsiz bölgüsünün və paylaşdırılmasının hökm sürdüyü ölkələrdən biridir. Lakin ilk baxışda guya ki, əksinə olmalı və fərqli təəssürat yaratmalı idi, çünki ölkə dini idarəçilikdədir, teokratik ölkədir.

Əli Xameneyi və Mahmud Əhmədinejad

Əli Xameneyi və Mahmud Əhmədinejad

Vaxtaşırı bir də görürsən ki, Vatikanın nəzarətində olan katolik kilsələrdə və monastırlarda baş verən neqativ hallar gündəmə gəlir. Amma İranda bir dəfə belə olsun bu cür təftiş keçirilməyib! Niyə belə vəziyyət yaranıb? Maraqlı bir detal qeyd olunur. Müsəlman dünyasında iki böyük cərəyan olub: «üsulilər» və bir də «əxbarilər». Məlum olur ki, əxbarilər mübahisəli məsələlərlə bağlı yalnız Qurana və hədislərə istinad etməyi qəbul ediblər. Üsulilərsə belə bir qaydanı qəbul edir ki, mübahisəli məsələlər zamanı xüsusi adamların hökm verməsi məqbul sayılmalıdır. İndi İranda da sonuncu cərəyanın təmsilçiləri, üsuli qaydalarının davamçıları hakimiyyətdədir.

SİYASƏTİ DƏYİŞMƏK OLARMI?

Olar. Amma təkcə nəsihətlə yox. Axundov məhz buna görə pessimist idi. O da dərk edirdi ki, bunun üçün siyasi sistem dəyişməlidir, siyasət adamlarını başqa cür qəbul etmək lazımdır. Tutaq, Avropa Məhkəməsinin qərarlarının birində deyilir ki, siyasət adamları onlara qarşı tənqidi qəbul etməlidirlər. Amma bəzi ölkələrin praktikasında nə baş verir? Bir tendensiya kimi bunun əksi müşahidə olunur: bəli, bu, dövlət və hökumət adamıdır, onunla xüsusi ehtiyatla davranmaq lazımdır!... Tamamilə əks məntiq irəli sürülür. Eyni haldan əks-nəticələr çıxarılır. Əslində demək lazım idi ki, bəli, bu, dövlət və hökumət adamıdır, ona qarşı daha diqqətli olmaq və hər addımını təftiş etmək lazımdır. Çünki onun verdiyi qərarlar, nə az, nə çox, bizim hər birimizin taleyini həll edir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG