Keçid linkləri

“Vətən” deyən böyük bir kişi dünyadan köçdü

Təəssüf! Min təəssüf!!!

Son müsahibim mənə “insan xatırlanırsa, təəssüflənməyə dəyməz” demişdi.
Amma onsuz olmur, axı.

Söhbət tarix yazmış bir kişidən gedirsə?

Söhbət 88 illik (!) həyatını mücadiləyə həsr etmiş gerçək bir qəhrəmandan gedirsə?

Söhbət Vətən sevdalısı bir şəxsiyyətdən gedirsə?

Söhbət Rauf Denktaşdan gedirsə?

Həyatda üzbəüz gördüyüm böyük liderdən gedirsə?

Onda necə təəssüflənməyəsən? Necə acımayasan?

Tale elə gətirdi ki, ölkə jurnalistlərinin tərkibində mən bu böyük şəxsiyyətlə Kıbrısda--Lefkoşadakı çalışma ofisində iki dəfə görüşə bildim.

1999-cu ildə və 2007-ci ildə.

Birinci görüşdə hətta özünün çəkdiyi “Fotoqraflar” albomunun təqdimat mərasimində də iştirak etdim.

Onun “Fotoqraflar” albomu evimin ən gözəl guşəsində indi də durur.

İkincu görüşdə ondan müsahibə də aldım.

Kıbrısdan “Sərbəst insanlar ölkəsində” adlı radioveriliş də hazırladım.

Onun “evimizin səssiz bəkçisi” adlandırdığı Lassi köpəyini ikinci dəfə tumarladım.
Bizə çox bənzəyən kıbrıslılarla təkrar qucaqlaşdım.

Kıbrısın quşlarının cıvıltısını bir daha duydum.

“Mənim üçün quşlar yücə Allahın biz insanlara ən böyük ehsanlarından biridir”—deyən Rauf bəyin sözlərini xatırladım.

Onun 1963-1974-cü illərdə-- Kıbrıs davası dönəmində adada quşların ötmədiyinə dair fikirlərini yada saldım.

Bu müşahidəni bir alman ornitoloqu Rauf bəyə söyləyibmiş.

Kıbrısa növbəti gəlişində--1975-ci ildə artıq quşların ötməyə başladığını xəbər vermişdi həmin alman ornitoloq.

Və Rauf bəy “pisliklərin və pislərin dünyasında quşların səssiz qalıb ötmədiklərini” o alman mütəxəssisin dediklərindən sonra anlamışdı.


Rauf Denktaş

Rauf Denktaş

Nələr görməmişdi Rauf bəy bu uzun və şərəfli yaşamında?

Dili söz tutmamış anasını itirmişdi.

“Ana “ bildiyi Vətənin yolunda nə davalardan, nə həbslərdən keçmişdi?!

6 övladından üçünü məzara gömmüşdü.

Atasının adını qoyduğu Raifi 30-lu yaşlarda avtomobil qəzasında itirmişdi.

Amma sınmamışdı. Qürurunu, insanlığını, gerçək bir türk lideri imicini qoruyub saxlamışdı.

İstər zindanlarda yatanda, istər Kıbrısa başçılıq edəndə, istərsə də Lefkoşadakı hamıya məlum ofisində son illərini keçirəndə.

Hətta ona edilən son haqsızlıqlara dözəndə belə...

Heç nəyə alınmadan əlində fotoqraf makinəsi yenə bütün şəhəri dolaşmışdı, evlərdə qonaq olmuşdu, kıbrıslıların şəklini çəkmişdi.

Lefkoşalılar da onu belə xatırlayırlar.

Təkcə böyük lider kimi yox, özlərindən biri kimi!

Nə xoşbəxdi kıbrıslılar!

Əlini uzadırsan və ona çata bilirsən—Rauf bəy belə lider idi.

Tarixdə belə qəhrəmanlar olur.

Amma nə yazıq ki, az olur.

Belə az qəhrəmanların şərəfinə dua edək.

Ruhu şad olsun deyək!

Bütün türk millətinin başı sağ olsun söyləyək!

Amin!

Şərhləri göstər

XS
SM
MD
LG