Keçid linkləri

YARADICI ADAMLARIN STİMULLARINDAN

Mən istəyirəm bizdə istedadlı, fədakar yazı-pozu və düşüncə adamlarının necə ağır rejimdə işləməsinin «anatomiyasını» açım. İnanmayın ki, onlar ad-san üçün, pul üçün yazmırlar, camaatın sayğı və heyranlığını qazanmaq onlara stimul deyil. Ona görə inanmayın ki, sadaladıqlarımın hər biri mədəniyyətdə adamı kefə yox, masa arxasına itələyən, havaya yox, otağın havasızlığında səhərdən-axşamacan oxumağa, yazmağa vadar edən ən güclü zorunlayıcı, sürükləyici aracdır, yəni mexanizmdir. Bunları yazanda Ağalar Məmmədovun «Portretlər» məqaləsi yadıma düşdü. Orada yazarın şöhrət, tanınmaq ləzzətini boynuna alması məni kövrəltdi. Paxıllıq etdim ki, niyə bu səmimiyyət birinci mənim ağlıma gəlməyib.

MƏNƏVİYYAT ÜÇÜN PUL, AD-SAN, NÜFUZ İCTİMAİ MARAQ

Bəs, görəsən, bizdə belənçi səmimi etirafa nə əngəl olur? Mənəviliyi umacaqsızlıqla, fədakarlıqla, maddi çıxarıları güdməklə bağlamaq. Bağlayanlar tarixdən buna çoxlu örnəklər də tapırlar. Sufilərin bir qırağa çəkilib (üzlətdə) yaşaması… Modilyani kimi rəssam və yazarların səfillikdə ölməsi…

Biz bu yanlış düşüncədən qurtulmalıyıq. Niçşe sayağı desək, hər varlıq iradəsinin (istəminin, yəni istədiyini etməsinin) təsir dairəsini genişləndirməyə can atır. Ona görə də dünyaya düşüncə, ideya vermək istəyənlərin öz potensiallarını gerçəkləşdirmək istəməsi təbiidir. Pul, ad-san, geniş kütlənin sənin sözünə marağı həmin potensialı gerçəkləşdirməyin araclarıdır. Həm də olur ki, pul, ad-san, nüfuz (reputasiya) bir-birinin sinoniminə çevrilərək bir-birinin yerinə işləyir. Pul çatmayanda yaradıcı kəslərin (kreativ adamların) potensialını reputasiya gerçəkləşdirməyə başlayır, reputasiya çatmayanda, sənə olan maraq dada çatır (çünki hər ikisi də pul gətirə bilər).

Ona görə də gəlişmiş ölkələrə baxanda görürsən ki, yaxşı yazarlar, bəstəçilər həm də ya yaxşı menecer olmağa məhkumdurlar, ya da menecer, nə bilim prodyusser, köməkçi saxlamalıdırlar.

Bu gün yazar və intellektuallardan özlərinin Piar (PR) meneceri olması da tələb olunur. Hərçənd əlləri pula çatanda onlar, adətən, mühasibatlarını və Piar işlərini ayrıca adama tapşırırlar. Mənəvi insanla ilgili gələnəksəl baxış isə yaradıcı adama bu bacarığı yaraşdırılmırdı. Ona görə də, tutalım, Sovet toplumunda bəzi yazar və sənətkarların hətta bu işə bicliyi çanda belə bu işi boş buraxmış vecsiz adamlar kimi görünməyə çalışırdılar.

TİRAJLA BAĞLI BİR ƏSAS MƏSƏLƏ

Hərçənd əsas məsələ təkcə bu da deyil. Bir düşünün! Yazıçı romanını yazanda onun mənəvi ləzzətinin içində maddi ləzzət də olmalıdır ki, bu kitabın böyük tirajı olacaq, deməli, böyük də qazanc gətirəcək.

«Kitabımı, məqaləmi çox adam oxuyub mənim bacarığıma valeh olacaq» düşüncəsi də yazarların yaradıcılıq ləzzətini artırır. İndi baxın bizim ən yaxşı satılan romanların, ən yaxşı satılan dərgilərin, qəzetlərin tirajına və tutuşdurun Türkiyədə, İranda, Rusiyada olan oxşar yazıların tirajını. Bizim yazarların bu kiçik auditoriya ilə bağlı nə keçirdiyini düşünmək çətin deyil. Göz qabağına gətirin 100 nəfərin qarşısında çıxış etməli olan alovlu siyasi xadimi və onun 50-60 min qarşısında çıxışını.

DİLLƏRİN EKSPANSİYASINA BİR SƏBƏB

Bu kontekstdə dillərinin daha çox adamın, daha çox ulusların bilməsini istəyən Rusiyanın, Fransanın, Almaniyanın, Türkiyənin dövlət siyasətinin bir amacını da anlamaq olar: hansısa dilin çoxlu bilicisi daha böyük tiraj, daha böyük oxucu kütləsi, daha böyük auditoriya, daha böyük pul deməkdir.

Onu da deyim ki, bu məsələdə bizim durum gürcülərə, ermənilərə baxanda toya getməlidir. Bizim üçün Güney auditoriyası var, Türkiyə, Kərkük auditoriyası var. Ortaq türk dili ideyasının bir anlamı bu kontekstdə açılır. Hərçənd onun bir çatışmazlığı var. Əgər təşəbbüslə çıxış edənlərin istədiyi kimi bu dil o türkcədən, bu türkcədən yığılmış qurama, süni dil olsa, esperanto kimi olacaq və onu çox az adam öyrənəcək. Əgər bu dil Anadolu türkcəsi olsa, onu da böyük miqyasda öyrənməyin çoxlu problemi olacaq (niyə başqa dili öyrənməliyəm?!) .

1991-ci ildə Türkiyədə bir görüşdə ünlü dilçi Əhməd Ərcilasuna söylədiyimi bir də deyim: bütün türk dilləri düşünməklə, mədəniyyətlə ilgili ortaq sözləri ədəbi dillərinə götürsə, türk dilləri böyük çevrə əmələ gətirən ortaq leksikonda birləşər. Ortaq dilə yox, məhz ədəbi dillərində «önəmli», «dəyər», «ulus», «bilinc», «konu», «anlayış» kimi çoxlu ortaq sözləri olan yüz cür türk dillərinə çatmalıyıq. Özü də hər dil həmin sözlərdə öz tələffüz özəlliyini saxlaya bilər. O vaxt Ərcilasun söylədi ki, o da oxşar düşüncəyə gəlib.

DÖVLƏT DİL SİYASƏTİNİN ÇATIŞMAZLIĞI

Bu kontekstdə Azərbaycan hakimiyyətinin bir nöqsanını göstərməliyəm.

(Hakimiyyətin tənqidi və hakimiyyətin bu tənqidə ağıllı cavab axtarması, daha yaxşısı, bu tənqiddən nəticə çıxarması ulusun siyasi mədəniyyətini gəlişdirir. Ancaq yazıqlar olsun ki, bizdə nə ağıllı tənqiddən nəticə çıxarılır, nə də müxalifət, artıq, stereotipləşmiş tənqiddən qırağa çıxa bilir).

Bu situasiyanı nəzərə alaraq bir iradı söyləyim. Kitab, qəzet, dərgi çapı və satışının vergisindən büdcəyə gələn pullar çox azdır (bu vergi Şahbaz Xuduoğlunun dəfələrlə dediyimi kimi hətta Gürcüstan kimi nefti olmayan ölkələrdən də yuxarıdır). Ən azı ona görə ki, verginin yüksək olması kitab və qəzetləri baha edir. Bu isə alışı aşağı saldığı üçün tirajı da azaldır. Bu isə oxu mədəniyyətini aşağı saldığı üçün kütləvi savadsızlığı artırır. Adamlar kitab və qəzet oxumayanda yazıya yadırğayırlar. Savadsız ulusun din, düşüncə baxımından nə günə düşməsini isə geridə qalmış ölkələrin örnəyində yaxşı görmək olar. Buradan bizim çıxardığımız sonuc: Azərbaycan hakimiyyəti kitab və qəzetlərlə bağlı, yaradıcı adamları ağır rejimə salması ilə bağlı məsuliyyətini anlamalıdır. Milli Məclis bu problemi ciddi müzakirə etməlidir ki, qanunvericiliyi kitab mədəniyyətini zənginləşdirmək üçün dəyişsin. Yoxsa bu hakimiyyəti kitab və yazı mədəniyyətini bilərəkdən dağıtmaqda, yazarlara gəlməli olan oksigen axınını Təpəgöz kimi kəsməkdə suçlasaq, tam haqlı olarıq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG