Keçid linkləri

Dağlıq Qarabağla bağlı danışıqların Soçi formatı bərpa olunur. Bu formatda bu il üçün ilk görüş bu ayın 23 – də keçiriləcək. Bir vaxt daha çox Rusiyanın siyasi isteblişmentinin piar kampaniyasının bir elementi olan bu görüşlərdə hələ ki, heç bir nəticə əldə olunmayıb. Amma Rusiya hətta belə vəziyyəti də tərəflər üçün böyük irəliləyiş hesab edir. Bir dəfə prezident D.Medvedev bu məsələ ilə bağlı demişdi ki, Gürcüstan hadisələrindən sonra Azərbaycan və Ermənistan prezidentləri başa düşdülər ki, hərbi əməliyyatlardansa üzücü danışıqlar prosesi daha məqbuldur. Elə bu səbəbdən də danışıqların indiki raundu da ciddi nəticə vəd etmir. Bunun bir neçə səbəbi var.

1. Ötən müddətdə tərəflərin vəziyyətində hansısa dönüş müşahidə olunmadı və yeganə dəyişiklik Azərbaycanın TŞ-nın qeyri- daimi üzvü seçilməsi və bir də döyüş bölgələrinə yaxın ərazilərdə mülki əhalini qorumaq məqsədilə daş hasarların çəkilməsi oldu. Çox qəribədir ki, demək olar, hər ay atəşkəs vəziyyətinin monitorinqi keçirilir. Amma bu da Azərbaycanı öz ərazilərini və insanlarını qorumaq üçün hündür hasarlar çəkməkdən xilas etmədi. Nə hər vaxt təkrar olunan hərbi ritorika, nə Azərbaycanın analoqsuz inkişafı, nə də Ermənistanın analoqsuz tənəzzülü haqda söhbətlər münaqişənin strukturu ilə bağlı hiss olunacaq dəyişikliyinə gətirib çıxarmadı.

2. Daha bir məqam onunla bağlıdır ki, D.Medvedevin səlahiyyət müddətinin bitməsinə çox az vaxt qalıb. Adətən belə dövrlərdə, ciddi siyasi keçidlərdə nəticə əldə olunmur. Ola bilsin, Medvedevdən sonra format Rusiyanın yeni prezidentinin iştirakı ilə davam etsin. Bunu istisna etmək olmaz. Amma o da bəllidir ki, Rusiyanın növbəti prezidenti böyük ehtimalla V.Putin olacaq. Bu isə ümidverici bir şey vəd etmir, çünki bu siyasi tandemin Qarabağla bağlı fikirləri və münasibəti artıq hamıya bəllidir. Rusiyada prinsipial, əvvəlkindən tamam fərqli bir situasiya yaransaydı bəlkə də nəyəsə ümid etmək olardı. O situasiyanın yaranması isə ən azı yaxın dövr üçün yalnız fantastik romanın mövzusu ola bilər.

3. Azərbaycan rəsmiləri o qədər ehtiyatlı və «ütülənmiş» siyasət yürüdür ki, onların bəyanatından hətta media adamları bir sensasiya yarada bilmir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, son vaxtlar hərbi ritorika səngiyib. Amma onun əvəzində ermənifobiya üstünlük təşkil etməyə başlayıb ki, onu da Ermənistan rəhbərləri ermənilərin Azərbaycanın tərkibində heç bir halda yaşaya bilməyəcəyinin sübutu kimi əllərində bayraq ediblər.

4. İndi iki ölkə arasında daha çox «soyuq müharibə» modeli işləyir. SSRİ ilə ABŞ arasında bir güllə də atılmamışdı, amma yarış SSRİ – nin çökməsilə və süqutu ilə bitdi. İndi bu modeli sözü gedən iki ölkəyə də şamil etmək olardı.
Amma Ermənistan yarışmaq fikrində və əzmində deyil. O, sadəcə Rusiyanın təmənnasız yardımı əsasında özünün minimal militarist ehtiyacların ödəyir və bu minvalla da münaqişədə özünün hərbi üstünlüyünü qoruyub saxlayır.

AH, BU PARİS, PARİS...

Yanvarın 23-də Fransa Senatı da məşhur qanun layihəsinə münasibət bildirmək üçün toplaşacaq. Artıq senatorlar arasında bir çaxnaşma hiss olunur, bəzisi qanun layihəsinə səs verməyəcəyini və bu qanunun insan haqlarına tamam zidd olduğunu bildirir. Çox maraqlıdır. Fransa dünyada bəlkə də ilk dövlətdi ki, insan haqları ilə bağlı böyük bir sənəd qəbul edib. Güman ki, hamı bunu çox yaxşı xatırlayır. Bəli, İnsan və Vətəndaş Haqları Bəyannaməsi də fransız siyasi təfəkkürünün məhsuludur. Amma indi bu ölkədə insanların başqa cür düşünməsini yasaq etməyə cəhd edirlər. Təbii ki, bunun siyasi tərəfləri var. Lakin siyasət də müəyyən özüllərə və ənənələrə söykənməlidir. Maraq kəsb edən başqa detal isə budur ki, Azərbaycan bu məsələdə o qədər ehtiyatla və hətta qorxaraq hərəkət edirlər ki, sanki böyük bir prosesin taleyi Fransadan asılıdır. Hətta nəzəri cəhətdən olsa belə Fransanın həmsədrlikdən istefasını müzakirəyə çıxarmaq istəmirlər. Fransa isə dəfələrlə tərəflərə münasibətdə balansı və simmetriyanı pozub. Azərbaycanın bir bəyanatı, kəskin çıxışı ilə qeyri – adi heç nə baş verməyəcəkdi. Lakin ola bilsin, bu bəyanat fransızlar üçün bir «soyuq vanna» olacaqdı. Fəqət, bunu etmədilər. Burada bir məsələ haqda da qeyd etmək istəyirəm. Avropada iki dövlət, İngiltərə və Fransa, bu Şərq deyilən məkanı çox gözəl bilir. Elə ona görə də N.Sarkozi Ermənistana konkret siyasi vədlərlə, Azərbaycana isə başqa sovqatla gəldi, çünki Şərqə baxışda həmişə bir fikir üstünlük təşkil edib: «dövlət mənəm» tezisi Qərbdə, elə Fransanın özündə peyda olsa da əsl təcəssümünü həmişə Şərqdə tapıb.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG