Keçid linkləri

Formal məntiq baxımından 2012-ci il ölkə içi siyasət üçün adi illərdən biri olmalıdır, çünki bu il hansısa seçki, ya başqa ciddi siyasi tədbir gözlənilmir. Amma nəzərə alanda ki, seçkilər də ölkənin siyasi həyatında hər hansı bir dəyişiklik törətmir, dəyişikliyi həm də qeyr-seçki illərində araşdırmaq lazım gəlir. Çünki belə ölkələrdə dəyişikliklər təkcə seçki illərində baş vermir. Bir məsələ var ki, siyasi mübarizə həmişə gedir və bir çox hallarda o, ölkənin və cəmiyyətin siyasi fəaliyyət üçün nə qədər açıq olmasından asılı olmur. Sadə bir resept var: hakimiyyətin taleyi seçki qutularında həll olunmursa, siyasət hakimiyyət dəhlizlərinin gizlinlərinə köç edir.

Prosesə seçki aspektindən və formal proseduralar baxımından yanaşanda, hakim partiyanın sərəncamında hələ 2 il vaxt var. Bu 2 il ona partiya yetkililərinin dediyi kimi, qəti qərarlar qəbul etmək üçün kifayətdir. Amma indi ölkədə bir hakimiyyət piramidası və iyerarxiyası mövcuddur. Bəlkə onlar siyasi – sosial dəyişikliklərdən özlərini sığorta ediblər. Amma siyasət adamlarının bir bioloji həddi də var. Bu hədd seçki-təyinat gözləmir, öz qanunları ilə inkişaf edir. Ona görə də siyasətin «X günü» heç də vacib deyil ki, mütləq seçki vaxtına təsadüf etsin. Bu ölkə həmin günü hər an yaşaya bilər.

HAKİMİYYƏTİN SİYASİ GÜCÜ NƏDƏDİR?

Bəlkə də bu suala həqiqətə bənzər cavab vermək üçün bir qədər də əvvəllə getmək lazımdır. Çünki İ.Əliyevin hakimiyyətinin dayanıqlığını təmin edən və onu bu vaxta qədər hifz edən amillərin bünövrəsi məhz H.Əliyevin vaxtında qoyulmuşdu. Çox qəribədir, ölkə müxalifəti bunu çox gec qəbul etdi, onlar üçün bu hakimiyyətin finalı 2003-cü il olmalı idi. Onlar hətta belə bir detalı nəzərdən qaçırdılar ki, ömrünün axır illərində H.Əliyev faktiki olaraq ölkəni özü idarə etmirdi. O, aylarla xarici klinikalarda müalicə keçirdi, amma ölkənin idarə olunmaq problemi yaşanmırdı. Bəli, o, idarə olunurdu. Bunu yalnız bir amillə izah etmək mümkündür: Bakıda Heydər Əliyevin portreti, 2010

Bakıda Heydər Əliyevin portreti, 2010

dövlət institutu və ən başlıcası isə cəmiyyət idarə olunan vəziyyətə gətirilmişdi. Cəmiyyət sözünü təsadüfən işlətmədim.

Bir söhbət heç vaxt yadımdan çıxmaz. Bir dəfə bir nəfərlə H.Əliyevin ölkəni necə idarə etməsi haqda danışırdıq. Mən onda dedim ki, H.Əliyev lazım olan həddən çox təzyiqə müraciət edir, əslindəsə onun buna elə ehtiyacı yoxdur! Həmsöhbətim qayıtdı ki, H.Əliyev bunları özü üçün etmir, o, İ.Əliyevin idarə edə biləcəyi Azərbaycanı yaratmaqla məşğuldur. İndi həmin söhbətdən çox vaxt keçib, amma mən hər dəfə xəyalən o söhbətə qayıdıram. Bəzən mənə elə gəlir ki, İ.Əliyev də H.Əliyevi həddindən çox xatırlatmağa səy edir. Bunu o, tək atasına olan rəğbətdən, ehtiramdan edir, yoxsa insanların H.Əliyevlə bağlı mürəkkəb və qarışıq hisslərini istismar edir? Hər halda, çox istərdim bu sualın cavabını bilim.

QOCALAR SİYASİ SƏHNƏNİ TƏRK ETSƏ...

H.Əliyev oğluna həm də bir məmur komandası miras etdi. Bu özünəməxsus bir komandadır. Onun haqqında nə demək olar?

1. Onun içində bacarıqlı adamlar çoxdur, amma parlaq şəxsiyyətlər və ümidverən siyasi simalar yoxdur. H.Əliyevin öz vaxtında belə deyildi. Hakimiyyət düşərgəsində müsbət siyasi imicə malik olan və yüksək hakimiyyətə iddialı ola biləcək şəxslər vardı. Ata Əliyevin oğluna daha bir hədiyyəsi də bu oldu ki, o, oğlunun siyasətə yolunu maneələrdən təmizlədi.

Ramiz Mehdiyev

Ramiz Mehdiyev

2. Bu gün bir çoxu etiraf edir ki, İ.Əliyevin hakimiyyəti iki yaşlı məmurun və ona sadiq olan şəxsin «çiyinlərində dayanır» - bunlar R.Mehdiyev və bir də A.Rəsizadədir. Birincisi özünün işgüzarlığı, məmur vərdişləri ilə, ikincisi isə öz sadiqliyi və iddiasızlığı ilə İ.Əliyev hakimiyyətinə dayaq verir. R.Mehdiyev onun yazdığı «böyük məqalə»lərə istinad etsək, bir filosof kimi ən çoxu elmlər namizədi səviyyəsindədir. Amma o, çox bacarıqlı administrator, həm də məmurdur. A.Rəsizadə isə İ.Əliyevə onunla xidmət edir ki, prezidentdən sonra ikinci postu tutsa da, heç bir siyasi iddiaya düşmür. Bu iki şəxs həm də siyasi rəqib kimi perspektivsizdir. Siz ölkədə R.Mehdiyev və A.Rəsizadə haqqında ciddi ictimai dayağa və elektoral resurslara malik olan bir siyasət adamı kimi danışan bir nəfər də tapmazsınız. Hərçənd onlar çox yüksək postlar tutur və böyük səlahiyyətlərə malikdirlər.

Ona görə də, 2012-ci ildə və ya yaxın dövrdə dəyişikliyi daha çox dövlətin məmur kəsimində axtarmaq lazımdır. Bu hakimiyyət piramidası heç əbədi deyil, o da dəyişməli və İ.Əliyev ən azı bioloji amillərin diktəsi ucbatından öz komandasını formalaşdırmalıdır. O, bunu bacaracaqmı? Güman ki, ölkənin gələcək siyasi dinamikası da bu sualın cavabından asılı olacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG