Keçid linkləri

Fürsəti əldən verənlər və ya texniki tərəqqinin qurbanları


«Kodak» şirkətinin qurucusu G. Eastman (solda)

«Kodak» şirkətinin qurucusu G. Eastman (solda)

-
«KODAK» FÜRSƏTİ QAPISINDAN NECƏ İTƏLƏDİ

Foto-industriyanın pioneri olan «Eastman Kodak Co.» iflas olub. Ötən il «Kodak» 90 faiz qiymətdən düşdü, şirkət boğaza qədər borc içindədir, onlarla laboratoriyasını bağlayır, minlərlə əməkdaşını isə ixtisar edir.

Düzdür, «Kodak» iflasdan sonra biznesini yenidən qurmaq niyyətindədir...

Vaxtilə «Kodak» hamı üçün ələçatımlı olan fototexnikanın və fotomaterialların (plyonka, kağız) satışından varlanmışdı. «Kodak» tarixində bir neçə zirvə məqamlar olub. Xüsusən də rəngli fotoplyonkanı əldə edəndə. Amma şirkət inqilabi kataklizmin qurbanı oldu – rəqəmsal fotoqrafiya onun axırına çıxdı.

TALEYİN İRONİYASI

İroniya ondadır ki, ilk rəqəmsal fotoaparatı 1975-ci ildə «Kodak»ın mühəndisi Steven Sasson hazırlamışdı. O, sonralar «The New York Times»a deyib ki, bu ixtira «Kodak» rəhbərliyinin xoşuna gəlməyib: «Onlar dedilər ki, bu, yaxşıdır, amma heç kimə göstərmək lazım deyil». «Kodak»ın menecerini əsəbiləşdirən o idi ki, yeni kameranın plyonkaya ehtiyacı yox idi. Şirkət isə bundan böyük gəlir götürürdü.

1980-ci illərdə «Kodak» analitik bölməsinə sifariş verir: rəqəmsal fotoqrafiya onun biznesinə nə qədər ciddi təhlükədir, araşdırılsın. Analitiklər bu nəticəyə gəlirlər ki, inqilab qaçılmazdır. Amma «yaxşı xəbər» də vardı: dramatik dəyişikliklər 10 ildən tez başlamayacaq, deməli, «Kodak» dəyişikliklərə hazırlaşa biləcək.

«Kodak» araşdırmadan maraqlı nəticələr çıxardır. Şirkətin əməkdaşlarından biri kitabında yazır ki, İlk rəqəmsal fotoaparat

İlk rəqəmsal fotoaparat

«Kodak» plyonka aktuallığını itirən zaman mövcudluğunu qoruma yönündə planlar hazırlamaqdansa, başqa yol tutdu - plyonkalı fotoaparatları rəqəmsal texnologiyaya uyğunlaşdırmaq. Şirkət 500 milyon dollar xərclədi, ortaya «Advantix» kamerası çıxdı. Kamera rəqəmsal şəkillər çəkməyə imkan verirdi, amma... Şəkil plyonkaya çəkilirdi.

Nəhayət «Kodak» rəqəmsal texnologiya ilə məşğul olmağa qərar verəndə, iş işdən keçmişdi. Şirkət rəqiblərindən çox geridə qalmışdı və, necə deyərlər, qatar çoxdan keçmişdi.

«DIGITAL EQUIPMENT CORPORATION» EYNİ SƏHVİ ETDİ

O, «mikrokompyuterlər»ə inanmadı. 1980-ci illərdə «Digital Equipment Corporation» kompyuter sahəsində ən yenilikçi və ən yaxşı idarə olunan şirkətlərdən idi. Ekspertlər onun menecmentini alqışlayır, jurnalistlər onu rəqiblərini sıradan çıxaran sürət qatarı ilə müqayisə edirdilər. Hesab olunurdu ki, hətta IBM də özünü güvəndə saya bilməz. Amma bir neçə il sonra durum kökündən dəyişdi. Mikrokompyuterlər (müasir PC) mini-kompyuterlər bazarını (əvvəllər qarderob şkafı boyda olan kompyuterlər belə adlanırdı) sıxışdırmağa başladı.

«Digital Equipment Corporation» isə axıra kimi yeni seqmenti qəbul etməkdən imtina etdi. XX əsrin son on illiyində artıq bu şirkətin izi-tozu qalmamışdı.

«POLAROID» VƏ ONUN HİBRİD KAMERASI İLƏ PRİNTERİ

«Polaroid» fotoaparatı

«Polaroid» fotoaparatı

«Polaroid» onunla şöhrətlənmişdi ki, çəkilişdən dərhal sonra şəkil özü kameradan avtomatik çıxırdı. İlk belə fotoaparatlar İkinci Dünya savaşından sonra peyda olmuşdu. Amma «Polaroid» bazarda bombanı 1970-1980-ci illərdə partlada bildi.

Rəqəmsal texnologiya isə insanlara daha yeni imkan verdi: şəkil çəkilən kimi kadra baxasan.

«Polaroid» dəyişikliklərə hazırlaşa bilmədi. 2001-ci ildə iflas bayrağını qaldırdı və şirkətin aktivləri satıldı.

2008-ci ildə şirkət daha bir cəhd etdi: onu məşhur edən ideyanı modernləşdirdi - printeri olan rəqəmsal fotokameralar buraxmağa başladı. Eksperimenti uğurlu saymaq olmazdı, kağız şəkillər çox da gərəkli deyil. «Polaroid» indi klassik aparatlar - plyonkalı fotoaparatlar buraxır. Gənclər arasında ona tələbat çox deyil.

«FACIT» LAZIMSIZ PEŞƏ İXTİRA ETDİ

1960-cı ildə İsveç korporasiyası «Facit» mexaniki kalkulyator bazarının liderlərindən idi. Onun 100-dən artıq ölkədə bölməsi vardı. Yazı makinası həcmində olan qurğu bütün riyazi əməliyyatları apara bilirdi - vurur, bölür, çıxır, üstə gəlirdi. Bu makinada işləyən ayrıca mütəxəssislər vardı.

«Facit»in biznesi onda çökdü ki, Yaponiyanın ucuz, işlədilməsi elementar və kompakt elektron kalkulyatorları Avropanı və ABŞ-ı başına götürdü. Artıq 1973-cü ildə «Facit» «Electrolux»a satıldı.

«WESTERN UNION» TELEFONA İNANMADI

Telefon, 1896

Telefon, 1896

Əslində, bu qurum da fürsəti qapısından itələyənlərdəndir.

«Western Union» XIX əsrin sonunda ABŞ-ın ən qüdrətli şirkətlərindən biriydi. O zaman yeganə ünsiyyət vasitəsi - teleqrafı inhisarda saxlayırdı. 1876-cı ildə «The Bell» şirkəti ona 100 min dollara telefonun patentini almağı təklif edir. Amma «Western Union» rəhbərliyi Bellin ixtirasını mənasız sayaraq təklifi rədd edir. Bu da nəticədə biznes tarixində ən pis qərarlardan birinə çevrilir.

Düzdür, «Western Union» səhvini dərhal başa düşüb, telefon xidmətlərinə başlayır. Hərçənd, patent müharibəsində uduzduğundan biznesi tərk edir.
«Western Union» birdəfəlik ölmür. Teleqraf xidmətləri hələ uzun müddət gərək olacaqdı. Ancaq şirkətin əvvəlki qüdrəti qalmır. 1980-ci illərdəsə o, kommunikasiya biznesini faktiki tərk edir və pul köçürmələri ilə məşğul olmağa başlayır.

«The Bell Company»nin aqibəti isə fərqli olur. O, adını dəyişib AT&T olur və telefon inhisarçısından ABŞ-ın nəhəng şəbəkə provayderinə çevrilir. İndi onun kapitalı 180 milyard dolları ötür.

Şərhləri göstər

XS
SM
MD
LG