Keçid linkləri


Bu yaxınlarda Rusiyada keçirilmiş bir sorğu diqqətimi cəlb etdi. İnsanlar bu dəfə demokrat sözünə münasibət bildirmişdi. Maraqlıdır, rəyi soruşulanların böyük əksəriyyəti buna müsbət reaksiya vermişdi.

Bəlkə də bu detal elə də maraqlı görünməyəcək və hətta bir qədər təəccüblə qarşılanacaq. Amma bir tarixi ştrixi qeyd etməmək mümkün deyil: keçmiş SSRİ məkanında üç sözü həmişə həqarətlə olmasa da bir qədər acıqla qarşılayıblar. Bunlar demokrat, liberal və bir də intelligent sözləridir.

DEMOKRATLARA SƏS VERƏRDİNİZMİ?

Bunların ikisini bir tərəfə qoyaq, daha çox demokrat sözü haqda düşünək. Elə bizdə də son vaxtlaradək demokrat sözü daha çox aciz, əfəl, fəqir, iradəsiz kimi başa düşülürdü. İndisə vəziyyət necədir, mən bunu bilmirəm, çünki bizdə belə sorğular keçirilməyib. Burada bir məsələni də qeyd etmək lazımdır.
...keçmiş SSRİ məkanında üç sözü həmişə həqarətlə olmasa da bir qədər acıqla qarşılayıblar. Bunlar demokrat, liberal və bir də intelligent sözləridir.

Məsələn, indi Rusiyada kimi demokrat adlandırmaq daha düzgün olardı? Bəzi yerlərdə müxalifətdə olanlara bu cür ad verirdilər. Məsələn, bizdə belədir. Elə Rusiyada vəziyyət elə də birmənalı deyil. Orada əsas müxalifət partiyaları kommunistlər və liberal – demokratlar hesab olunur.

Hakimiyyətdəsə ideoloji oriyentasiyası o qədər cilalanmamış siyasi qüvvədir. Deməli, bir çıxış yolu qalır. Orada demokrat sağçı liberalları adlandırmaq lazım gəlir. Elə ölkənin özündə də belə edirlər.

Hər halda, Putin və onun komandasını demokrat adlandırmaq heç kimin ağlına belə gəlmir, o birilər – G.Züqanov və V.Jirinovski haqda isə heç danışmağa dəyməz...

DEMOKRATLARI HƏLƏ DƏ SƏRİŞTƏSİZ HESAB EDİRLƏRMİ?

Azərbaycanda vəziyyət nisbətən birmənalıdır. İndi və elə əvvəllər də ölkədə demokratik qüvvələr deyəndə hakimiyyətə qarşı müxalifətdə olan və əsas hissəsini AXCP və Müsavat təşkil edən partiyaların birliyi başa düşülürdü.

Lakin yazının məqsədi heç də həmin qüvvələri təqdim etmək deyil. Sadəcə, ictimai şüurda bir vaxtlar ən azı səriştəsizlik kimi yozulan demokrat sözünü araşdırmaqdır, çünki adlar həmişə mübahisə doğurur.

Amma çinli filosoflar deyirdi ki, siz şeylərə onların əsl adlarını qaytarın, onda hər bir şey öz yerini tapar. Həm də ötən 18 ildən artıq vaxt da müəyyən nəticələrə gəlməyə əsas verir. Güman edirəm ki, heç YAP-çı liderlərin özləri belə həqiqətə qalsa öz partiyalarını demokratik siyasi qüvvə adlandırmaz. Mən bunu əsassız demir və müəyyən faktlara söykənərək iddia edirəm.

YAP-ın ideoloqları həmişə demokratiyaya bir alternativ axtarıblar və axtarışlarını da modernləşdirmək kimi abstrakt anlayışla yekunlaşdırıblar. Onların zənnincə, indi ölkə və onun cəmiyyəti qarşısında duran əsas vəzifə modernləşməkdir. Amma bunlardan fərqli olaraq son 18 ildə müxalifət ardıcıl olaraq demokratik dəyərlər, seçki islahatı və mülki cəmiyyət uğrunda mübarizə aparıb.
YAP-ın ideoloqları həmişə demokratiyaya bir alternativ axtarıblar və axtarışlarını da modernləşdirmək kimi abstrakt anlayışla yekunlaşdırıblar.
Təbii, onların demokrat kimi qəbul edilib – edilməməsi cəmiyyətin işidir. Amma bu halda bir məsələ də üzə çıxır: müasir azərbaycanlılar demokrat dedikdə nə başa düşür və bu gün ölkədə kimləri daha çox demokrat hesab edirlər?

Təəssüf, bu xüsusda elə bir araşdırma yoxdur. Həmin araşdırmanı bir sualla bitirmək olardı: kimə səs verərdiniz, demokratlara, yoxsa digər siyasi qüvvələrə?

Mən ona görə «digər siyasi qüvvələr» deyirəm ki, dinçi siyasi qüvvələr, millətçilər hələ də iddialı görünürlər. Onlardan birincisi – dini siyasi qüvvələr isə özlərini hələ potensial imkanlarını ortaya qoymamış siyasi qüvvə hesab edirlər və belə iddia edirlər ki, ölkədə bir azad seçkinin keçirilməsi kifayətdir ki, həmin dini qüvvələr hansı elektoral resurslara malik olduqlarını sübut etmiş olsunlar.

HANSI ÖLKƏDƏ DEMOKRATLARA SİFARİŞ OLUR?

Ölkə etnik və dini baxımdan rəngarəng olanda demokratik qüvvələrə daha çox ehtiyac duyulur, çünki o halda heç bir qrup digərinin hegemon olmasını istəmir. Hamı özü üçün Günəş altında bir yer arzulayır. Bir sözlə, cəmiyyət turbulent halda olanda daha mütərəqqi və daha asan formada idarə olunur.

Amma cəmiyyət etnik və dini baxımdan yekcinsliyə yaxın olanda bir etnik və ya dini qüvvənin idarəçiliyi altına düşməsi perspektivi ilə üzə – üzə olur.

Demokratiya müxtəlifliyi qəbul etmək deməkdir. Keçmiş SSRİ məkanında bir çox sosial proseslər dini və etnik müxtəlifliyin azalmasına gətirib çıxardı, bir növ etnik və dini qrupların miqrasiyası baş verdi. İndi Azərbaycanda da etnik baxımdan olmasa da dini baxımdan bir yekcinslik yaranıb. Bəs, ölkədə müxtəliflik necə qəbul olunur? Demokratlar üçün siyasi meydan varmı? Elə bu yazının da məqsədi diqqəti bu məsələyə yönəltmək idi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG