Keçid linkləri

Son zamanlar Azərbaycanın qaz siyasətində maraqlı tendensiyalar yaşanır. Mən deyərdim ki, analoqu olmayan hadisələr baş verir ki, onları şərh etmək bəzən «no comment» bölümünə yönəldilməlidir.

Məsələn, Azərbaycan uzun illər sonra Türkiyə ilə qazın alqı-satqısı, tranzitinə dair Paket qaz sazişi imzalayır. Az qala bütün Qərb dünyası bunu alqışlayır, şirkətlər sevinclərindən «həftə səkkiz mən doqquz» press-reliz dərc edirlər. İqtisadçılar bunun kommersiya mənfəətini hesablayırlar və ilin yekunu məlum olur ki, Türkiyənin Azərbaycandan aldığı təbii qazın həcmi yenə də aşağı düşüb (!).

Bunun ardınca isə Azərbaycan tərəfi Rusiyaya qaz ixracını qədəmlərini yenicə qoymuş yeni ildən iki dəfə artıracağı ilə bağlı müqavilə imzalayır. Yenə Qərbdə çaş-baş düşüblər: Azərbaycan qazı hara gedəcək?

TÜRKİYƏ NİYƏ UCUZ QAZ ALMIR?

2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, «Şah-dəniz» yatağının «Mərhələ-1» layihəsi çərçivəsində ölkənin idxal üzrə minimal öhdəliyi ildə 6.3 mlrd. kubmetrdir. Baxmayaraq ki, illik orta idxal həcmi 6.6 mlrd kubmetrdən hesablanıb və müqavilə müddəti 16 ildir. Bu zaman 2008-ci ildən başlayaraq Türkiyə minimal öhdəliklərə əməl etməli idi. Müqavilədə o da göstərilib ki, qəbul edilməyən həcmlərə görə kompensasiya ödənməlidir.

Ancaq praktikada tam başqa bir mənzərənin şahidi oluruq. Belə ki, 3 iyul 2007-ci ildə «Mərhələ-1» layihəsi çərçivəsində Azərbaycan qazı Türkiyə bazarına daxil oldu. Həmin tarixdən 2008-ci ilin aprelin 15-dək qazın 1000 kubmetri 120 dollara satıldı.

Sonradan uzun sürən danışıqlar nəticəsində 7 iyun 2010-cu ildə İstanbulda Azərbaycanla Türkiyə paket qaz anlaşmasına dair memorandum imzaladılar və qazın yeni formula ilə hesablanmasına qərar verdilər. Bunun nəticəsi olaraq Türkiyə qiymət fərqinin ödənməsinə də razılıq verdi.

2011-ci il 25 oktyabrda iki ölkə Paket Qaz Sazişini imzalayandan sonra Türkiyənin enerji naziri Taner Yıldız bildirmişdi ki, hazırda Türkiyə Azərbaycandan əlavə daha 4 ölkədən (Rusiya, İran, Əlcəzair və Misir) qaz idxal edir. Onlarla müqayisədə Azərbaycan qazı Türkiyə üçün 30%-dək daha ucuz başa gəlir.

Elə isə idxal niyə ildən-ilə azalır?


Bunun məntiqli cavabını mən nə Türkiyə tərəfində, nə «BP-Azərbaycan» şirkətində, nə də SOCAR-da ala bilməmişəm. Təəccüblü olanı budur ki, Türkiyəyə İrandan qaz kəsiləndə, niyə BOTAŞ əlavə qaz üçün «Gazprom Export» şirkətinə, «Mavi axın»a üz tutur?

MÜRGÜLƏYƏN «MƏRHƏLƏ-1»İMİZ

«Mərhələ-1» layihəsi üzrə qazılan quyular əslində çox məhsuldar oldular. Hazırda orada cəmi 4 quyu istismardadır. Yay vaxtlarında isə ehtiyac olmadığından cəmi 3 quyudan hasilat davam etdirilirdi.

İndiyə qədər təqribən bu 4 quyudan 30 mlrd kubmetr qaz hasil edilib. İldə hər quyudan 1.6 mlrd kubmetrdən çox qaz çıxarılır.

Müqayisə üçün Dövlət Neft Şirkətinin yataqlarından analoji həcləri almaq üçün yüzlərlə belə quyular istismar edilir. Ancaq «Mərhələ-1» layihəsi çərçivəsində qaz hasilatını indiki 7 mlrd.-dan 9 mlrd. kubmetrədək artırmaq olardı. Ona görə artırılmır ki, çıxarılacaq qazın satış bazarı yoxdur – nə ölkə daxilində, nə də xaricində! Bu səbəbdən də «Mərhələ-1» layihəsi inkişaf etmək əvəzinə, bir növ mürgüləməkdədir.

Dmitri Medvedev qaz kəmərinə imzasını qoyur

Dmitri Medvedev qaz kəmərinə imzasını qoyur

Məncə, indi oxuculara məlum oldu ki, «Mərhələ-2» layihəsi ilə bağlı niyə belə son dərəcə gərgin və üzücü danışıqlar prosesi gedir. Çünki ora yatırılacaq $22 mlrd. sərmayənin geri qayıtması prosesi daha ağrılı və daha mürəkkəbdir.

«QAZPROM»U KİM YETİRDİ?

2010-cu ildən Azərbaycan Rusiyaya qaz ixrac etməyə başladı. Bundan 10 il əvvəl - 2000-ci ilin oktyabrında isə tərsinə - Rusiyanın «Itera» özəl şirkəti Azərbaycana qaz satmağa başlamışdı. 2004-cü ildən Azərbaycan bazarına «Qazprom» ayaq açdı və 2007-ci ilədək Azərbaycan qaz idxal edən ölkələr sırasında oldu.
Ancaq Rusiyanın 2009-cu ildə gözlənilməz təklifi onunla nəticələndi ki, artıq Azərbaycan hər il bu ölkəyə qaz ixracını artırmaqda davam etdirir. Düzdür, müqavilə həcmlərinə əməl olunmasa da, ancaq fakt budur ki, ildən-ilə «Qazprom»un SOCAR-dan aldığı qaz həcmləri artır.

Dövlət Gömrük Komitəsində bəyan edilən rəqəmləri təhlil edərək deyə bilərik ki, Rusiyaya 1000 kubmetr qazımızı təqribən 220 ABŞ dollarına satırıq. Region bazarı üçün heç də pis qiymət deyil, nəzərə alsaq ki, Gürcüstana ixrac qiymətləri qat-qat ucuzdur (ancaq orada paylayıcı şəbəkələrdən əlavə qazanc da var).

Azərbaycan-Rusiya qaz əməkdaşlığı (mlrd kubmetrlə)
İllər Müqavilə həcmi Faktiki
2010 1 0.799
2011 2 1.5
2012 3 0

Məndən tez-tez soruşurlar ki, Rusiyanın Azərbaycandan qaz idxalında marağı nədədir? Məgər Rusiyanın qazı yoxdur?

Təbii ki, var. Ancaq məsələlərə bu cür bəsit yanaşmaq da olmaz. Onda gərək bir ölkədə nəsə varsa, digər ölkədən o bazara nəyinsə daxil olması ya yasaq edilə, ya da ona siyasi prizmadan baxıla?

Təbii ki, «Qazprom»a ancaq kommersiya qurumu kimi baxmaq da düzgün deyil. Ona görə də, burada «söhbət»in iqtisadi-siyasi əməkdaşlıq üzərində qurulmasından getdiyini vurğulasaq daha düzgün olardı. Çünki Rusiyaya Azərbaycanla enerji sahəsində əməkdaşlıq vacib sahələrdən biridir.

İkincisi, Şimali Qafqazın enerji təhlükəsizliyi məsələsində Azərbaycandan gələn qaz kəmərinin xüsusi rolu var. Moskvada «Qazprom»un baş ofisi

Moskvada «Qazprom»un baş ofisi

​Ötən illərin praktikası göstərdi ki, Mozdok-Mahaçqala istiqamətində qaz kəməri bir-neçə dəfə partladılanda, Dağıstan məhz Azərbaycandan verilən qazın hesabına qış vaxtı donmaqdan xilas oldu.

Digər tərəfdən, son illər Şimali Qafqaz respublikaları ilə Azərbaycanın özü arasında iqtisadi əlaqələr güclənir. Artıq Kreml də anlayıb ki, faktiki olaraq russuzlaşmış bir regionun nəzarətdən çıxmaması üçün orada stabilliyin bərqərar olması daha məqsədəuyğundur. Bunun ən optimal yolu iqtisadi inteqrasiyadır (Kreml hətta Ramzan Kadırovun 2012-ci ildə İstanbulda Çeçenistanın daimi nümayəndəliyinin açılması ideyasını da əngəlləyə bilmir). Bu baxımdan Azərbaycanla əlaqələrin genişləndirilməsi Rusiyanın strateji maraqlarından doğur, bu, elə Bakını da qane edir.

Bizim artıq qaz ehtiyatımız var. Marağımız onu satmaqdır. 2011-ci ilin sonuna yeraltı qaz anbarlarına ilk dəfə olaraq 3.3 mlrd. kubmetr həcmində mavi yanacaq toplaya bildik. SOCAR Gürcüstan bazarında kifayət qədər öz satış həcmlərini artırdı. Yeni bazarlar faktiki olaraq yoxdur. Elə isə niyə Rusiyanın təkliflərindən imtina etməliyik?

Bir şeyi də nəzərdən qaçırmayaq ki, SOCAR-la «Qazprom» arasında imzalanan müqavilənin hüquqi şərtləri yumşaqdır – yəni, tərəflər istənilən vaxt birinin istəyi ilə onun uzadılmasını dayandıra bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG