Keçid linkləri

-


«Burdan» getmək istəyənlər…

Bu günlərdə özlərini pis-yaxşı dolandıran adamların bir məclisində «burdan çıxıb getmək lazımdır» oxunun başına fırlanan söhbətində bulundum. Öncələr «burdan çıxıb getmək lazımdır» dedisinə qarşı çıxanda inamlı olurdum, özümü doğru bilirdim, hərçənd həmin öncələrdə (90-cı illərdə) dolanışıq baxımından Azərbaycan indikindən pis idi.

Bəs, nədən 2012-ci il «burdan çıxıb getmək lazımdır» dedisinə, adətimcə, qarşı çıxmaq istəyəndə, «dilim gəlmədi», «əlim qalxmadı»?

Gördüm ki, nə desəm, mənə qondarma, çürük, zəif görünəcək. Hələ onu demirəm ki, özümün də və bu ölkəni mənəvi subyekt kimi sevən neçə-neçə dostlarımın da başında bu dedinin fırlanması var: bəlkə vaxtında çıxıb getmək lazım idi?!

Təpərsiz arqumentlər silsiləsindən

Cavabında nə deyəsən? Deyəsən ki, sənin peşə bacarıqlarınla orada işləyə bilməyəcəksən, olsa-olsa taksi sürəcəksən?
...nədən 2012-ci il «burdan çıxıb getmək lazımdır» dedisinə, adətimcə, qarşı çıxmaq istəyəndə, «dilim gəlmədi»?

Deyəcək, burada müəllim maaşındansa, orada süpürgəçi pulu on qat yaxşıdır.

Deyəcəksən, vətənimiz belə gözəldi-elə gözəldi, deyəcək, Almaniya, Fransa Liviya ha deyil ki, gözəl olmasın. Əvəzində vətənində maşının yoxdur ki, sən dediyin gözəlliyi görəsən, orada isə maşının da olacaq, başqa rahat transportlar da olacaq.

Deyəcəksən ki, yaxın, əziz qohumlarından ayrı düşəcəksən. Ya qohumlardan gördüyü pisliklərə görə qımışacaq, ya da deyəcək, İnternet və Skype var, hər şəydən xəbərim olacaq.

Deyəcəksən, Avropa insanı istiqanlı deyil, qayıdacaq ki, bu gün bizim camaatda istiqanlılığın ömrü bir iki saatdır, salam-məleykim deyib qurtaranacan. Yoxsa kim kimin dərdini dərindən yaşayır?!

O biri yandan, gör, bizim vergidə, universitetlərdə, polisdə, tibdə nə qədər alçaq var (ya təbiətinə görə alçaqdırlar, ya da işləri alçaqlaşdırıb).

Onların çoxu dostlarına «istiqanlıdırlar», ancaq işlərinə gələndə istiqanlı olsalar, atarlar bayıra (bu nə möcüzədir ki, Azərbaycanda sistem elə qurulub ki, vəzifəni yerinə yetirmək yaxşılıq etməklə çox çətin bir arada ola bilir?! Mərdimazarlıq pul gətirir, yaxşılıq yox!)

Deyəcəksən, axı, sən mühacir olanda xalxın cibinə girəcəksən, fransızın, almanın bacarıq və qazancından yığılmış büdcədən yeyib müftəxorluq edəcəksən?
Ölkəni pinti satıcı, pis yazar, pis jurnalist, biliksizliyə görə yanlış diaqnoz qoyan həkimlər də gözdən gözdən salır.
Biri deyəcək, yaxşı edəcəm, bizdən qazandıqları puldan yeyəcəm, o birisi deyəcək, mənim də onlara xeyirm dəyəcək, nəvəm onların biri olacaq və demoqrafik problemlərinin çözümündə iştirak edəcək.

O gün Avronyusda gördüm ki, bir yunan da deyir: mən, artıq, burada yaşayammıram, çıxıb gedəcəm. Deməli, çıxıb getmək istəyi təkcə bizdə deyil ki, millətimizin pis xasiyyətinə çıxaq. Hətta yunanlar, ruslar, gürcülər kimi milli planda özlərindən razı olanlarda da çıxıb getmək istəyi var.

Bəs necə olsun?

Deməli, çıxıb getmək istəyində bulunanlar qarşısında «filan yeməyi yemə», «filan ayaqqabını geymə» kimi «olmaz!!!»larla bağlı güclü arqumentləri tapammazsan!

Bəs onda nə etməli. Razılaşmalımı?

İnsan mənəvi bağlarla yurduna bağlıdırsa, ona “nəyə görə çıxıb getməməlisən” məsələsində arqument tapmaq asandır (hərçənd özü də tapar). Ancaq aydındır ki, dünyada heç yerdə belələri çox deyil.

Əgər ölkədə dövlət vətəndaşları üçün çox işlər görürsə, o zaman da Kennedinin formulasından çıxış edib qınamaq olar: «sənə bu qədər edilib, bəs sən bu dövlətə nə etmisən?» (niyə onu atıb gedirsən?!)

Ancaq böyük çoxluqla bağlı nə etməli, nə deməli? Bir yolu mən neçə ildən bəridir söyləyirəm: böyük çoxluq üçün vətən yaşamağa sərfəli məmləkət olsa, vətənsevər olarlar.

Deməli, bu çoxluğu vətənə umacaqsız bağlamaq olmur. Onlara «cəhənnəmə ki» demək də olmur (bunu hər ehtimala qarşı dövlət rəsmilərinə deyirəm), çünki çoxdurlar, özü də təkcə bizdə yox, bütün dünyada.

Məsələni belə çevirəndə və vətənin xeyrinə aydın-güclü arqumentlər tapa bilməyəndən sonra bir konuya toxunmaya bilmirsən: ölkəni təkcə dövlət aparatının vətəndaşla bağlı vecsizliyi, amansızlığı, zülmü gözdən salmır.
...mənəvi oluban öz yaxşı işlərini vicdanla yerinə yetirənlərə baxıb heyran olun, «sağ ol!» deyin. Özünüz eləsinizsə, utanmayın özünüzə də «sağ ol!» deyin...

Ölkəni pinti satıcı, pis yazar, pis jurnalist, təsadüfə görə deyil, vecsizliyə və biliksizliyə görə yanlış diaqnoz qoyan həkimlər də gözdən gözdən salır.

Korrupsiyanın çox bəlası var, bir bəlası da odur ki, bir çox xırda yaramazlar pulla işlərində qaldıqları üçün yaramazlıqlarını gizlətmirlər – ancaq nə yaxşı olardı onlar işlərində yaramaz görünməkdən qorxsaydılar!

Bax, bu durumda gəlin dörd yanımıza baxıb bu məmləkətin xeyrinə arqumentlər olan bəstəçilərimizin, müğənnilərimizin, yazarlarımızın, müəllimlərimizin, həkimlərimizin, jurnalistlərimizin, möminlərimizin qədrini bilək.

«Çıxıb getmək lazımdır» düşüncəsinin qarşısına çıxarmaq lazım gəlsə, onları çıxarmaq olardı – çox olsaydılar. Bir düşünün, pis həkimlərin əlindən çıxıb getmək istəyən kəs uşağının ağır xəstəliyinin ən yaxşı həkiminin Bakıda olmasını biləndə necə dili gödək olar.

Ona görə də dostlar, ətrafınıza göz atın – mənəvi oluban öz yaxşı işlərini vicdanla yerinə yetirənlərə baxıb heyran olun, «sağ ol!» deyin. Özünüz eləsinizsə, utanmayın özünüzə də «sağ ol!» deyin ki, bu məmləkətin xeyrinə yüksək və güclü arqumentlərsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG