Keçid linkləri

-

… Görəsən, Şuşada erməni uşaqları üşüyürmü?

Bakıda tək-tük gözə çarpan qumrular soyuqdan büzüşüb və qanadlarında buz bağlamış qar qatını çıpmağa da taqətləri qalmayıb. Adamın ayaqlarında gəzişir və titrək, həm də susqun-çaşqın tövrləri ilə heç adamdan kömək də istəmirlər...
...Qumrular adamları yaxşı tanıyır və bizlərin insaf-mərhəmət-yanımcıllıq böhranımızdan onlar da yetikdirlər...

Cib telefonundan ürkməyin cəzasını çəkirəm. İndi, gör, necə fotoşəkil alınacaqdı -- ayaqlarda gəzən qumru... qanadlarını qısıb və başını boynunun islaq tüklərində gizlətməyə çalışır!..

Və... dəhşətə bax: bir ağacın daldasında, bir ağacın budağında, bir ağacın buz bağlamış iynə yarpaqları arasında özünə çox yox – düz özü boyda, hələ bir az da balaca yer tapmaq istəyən qumruları... daha ətli-canlı, daha sağlam və daha az üşümüş həmcinsləri dimdikləyib qovur və bu ağacların, bu budaqların, bu yarpaqların bütün qumrulara çatacağının fərqinə varmırlar...

Görəsən, Şuşada erməni uşaqları quşlara baxırlarmı?

Quşlarla oynayır, onlardan ləzzət alırlarmı?

Onlara yem daşıyırlarmı?

Onlara qızınmaq üçün taxta-tuxtadan, kağızdan-kartondan və ələ düşən hər nədənsə evcik düzəldirlərmi?..

Görəsən, Şuşanın quşları tam başqa dildə danışan, başqa mahnıları oxuyan, amma-ancaq və lakin eynən onlar kimi, soyuqlarda üşüyən, şaxtalarda bürüşən biriləri üçün darıxıblarmı?..

Və onların düzəltdiyi evcikləri, xoş xatirə kimi, dilə gətirirlərmi?..

Quşlar adamları yaxşı tanıyır və bizlərin insaf-mərhəmət-yanımcıllıq böhranımızdan onlar da yetikdirlər...

Və bəlkə Şuşanı o üşüyən quşlara Bakıda daldalanacaq bir yer buraxmadığımız üçün qaytara bilmirik? Axı bizim qumrular öz quş həmcinslərinə xəbər göndərməyin min yolunu bilirlər!..

Görəsən, erməni uşaqları Şuşada üşüyürlərmi?

Şərhləri göstər

XS
SM
MD
LG