Keçid linkləri

.
14 Fevral -- Sevgililər Günü. Şəhərdə heç bir tərpəniş yox.

Sanki tapşırıq verilib. Bu günü bayram etməyək, çünki sevmək suçdur.

Niyə? Nədən?

Ölkə saytlarına baxıram. Açıq-aşkar bu günə nifrət aşılanır. “Mütəxəssis” rəyləri də var. Birində hətta Valentin gününü “dəlilər bayramı” adlandırırlar...

Bir dayanın! Nə olub bizə? Müqəddəs Valentin nədən xoşumuza gəlmədi? Bir neçə il öncəyə qədər “Sevgililər günü” deyibən şəhəri gülə-çiçəyə tutan elə bizlər deyildikmi?
Bəs Yeni İli allı-güllü qeyd etməmizə nə ad qoyaq? O da bizim deyil, axı?

Onda elə oturaq öz evimizdə--öz bayramlarımızı qeyd edək, öz pomidorumuzu yeyək!
Daha dünyaya açılmaqdan danışmayaq!

Daha dünyayla bütünləşməkdən söhbət açmayaq!

Filosof Rəhman Bədəlovun “Qlobal düşün. Lokal yaşa” fikrini-- “Lokal düşün! Lokal yaşa!”—deyə əvəzləyək?!

Nə çıxar? Xoşbəxt olarıqmı?

BİRİNCİ YARPAQ—GÜNƏŞ, GÜNƏŞ, AY GÜNƏŞ!

Bu səhər yuxudan oyanan qızım yanvarın üzücü gərdişindən sonra pəncərədən şəhərin tutqun havasını seyr edib “Yenə günəş yoxdur?!”-deyibən ah çəkdi...

Zarafatla:--“Nə? Günəş istəyirsən? Təşkil edərik! Get əl-üzünü yu...”--söylədim.
Və Allaha dua etdim; “Bir əlçim Günəş göndər, Allahım!”- dedim-- “Qoy sevdiklərim sevinsin”.

Saat 12-dən 13--ədək günəş çıxdı, nə çıxdı!

Yolda işə gedərkən: “Al, sənə Günəş”—dedim qızıma.

“Ayy! Bu necə oldu?”—söylədi balam.

“Sevgi nə möcüzələr yaradır”—deyə düşündüm. Ucadan: “Qoy bu Günəş sənə Sevgililər Günündə məndən hədiyyə olsun”—dedim.

Gülüşdük...

IKİNCİ YARPAQ--ƏLİ VƏ NİGAR

Son illər sevgidən söz düşəndə, mən gənclikdəki kimi ədəbi qəhrəmanları xatırlamıram. Gerçək qəhrəmanları düşünürəm.


Əliağa Şıxlinski və Nigar xanım

Əliağa Şıxlinski və Nigar xanım

Onların ən başında Əli və Nigar gəlir. General Əliağa Şıxlinski ilə həyat yoldaşı Nigar xanımın sevgi tarixçəsi...

X1X əsrin sonlarında bu iki nəfər Tiflisdə Nigar xanımın ata evində görüşürlər. Qohum idilər. Əliağa təhsil almağa gəldiyi Tiflisdə Nigarı görüb ona aşiq olur.

Nigar adlı-sanlı bir ailədən idi. Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin qızı idi. Gözüaçıqdı, təhsilliydi, neçə dil bilirdi--ərəb, fars, rus, fransız.

Tale elə gətirir ki, Tiflisdən sonra Əliağa Peterburqa oxumağa getməli olur. Bu müddətdə yazışırlar. Ancaq...bu arada Nigara tanınmış bir ailədən elçi düşür. Elçi düşən Mirzə Hüseyn Əfəndinin dost dediyi Qazax qəzasının hakimi Məmməd bəy Palavandov olanda, işlər qəlizləşir. Qızı verirlər Məmməd bəyin oğluna. Hüseyn Əfəndi fikirləşir ki, Əliağa hələ uşaqdır, mənim də bir qızım var, gedib yad yerlərə düşməsin.
Əliağa məsələni eşidəndə, dünyadan küsür, qohum-əqrabadan, Vətəndən üz döndərir. İllərlə Vətənə dönmür. Evlənmir. Karyerasında yüksəliş başlayır. Top Tanrısı sayılır. Dünya onu tanıyır. Port-Artur qəhrəmanı olur.

XX əsrin əvvəllərində Krımda müalicə olunanda, doğma yerləri xatırlayır və dözməyib Qazağa gəlir...Onu Tiflisə qonaq çağırırlar. Gedəndə görür ki, Nigar atası evindədir. Deyir, bu niyə burdadır? Deyirlər, əri ölüb, bir oğlu var, qayıdıb ata evinə...
Əliağa qərara gəlir ki, Nigarla evlənsin. Qohum-qardaş ayağa qalxır. Vaxtında qızı vermədi—deyirlər.

Əliağa deyir: Nigarla evlənəcəm!

Bu iki yetkin insan doğrudan da evlənir və həyatlarının sonunacan xoşbəxt yaşayırlar.
O boyda “Top tanrısının Nigar xanıma yazdığı şeiri bir oxusanız! Mən o şeiri iki il öncə saytımızda vermişəm.

Nigar xanım heç altmış yaşına çatmamış Əliağa Şıxlinskidən tez dünyasını dəyişir. Bu, generala dərd olur. Ölənə qədər hər gün ömür yoldaşının Yasamal qəbiristanlığında olan məzarına baş çəkir və vəsiyyət yazıb saxlayır: “Məni sevimli Nigarımın yanında basdırın”.

Yasamal qəbiristanlığına yolunuz düşsə, bu iki şəxsiyyətin birgə uyuduğu məzara da baş çəkin. Əbədi sevgi qalasına bir dəstə çiçək qoyun...

ÜÇÜNCÜ YARPAQ--MƏN SƏNİ SEVİRƏM...


Bu əhvalatsa Bakıda 2003-cü ildə baş verib. Uzaq tanışlarımızdan olan bir cütlük arasında. Bakının ziyalı ailələrinin birində.

Bu iki cütlük uzun və xoşbəxt bir həyat yaşayır. Ancaq qadın heç vaxt ərini sevdiyini dilinə gətirmir. Ərin ən böyük arzusu da bu sözü onun dilindən eşitmək olur. Məsələyə nəvə-nəticələr də qarışır. Bu əhvalat ailə içində zarafat mövzusu olur.

Heyhat! Azərbaycan xanımı bu sözü dilinə gətirərmi?

... Günlərin birində... kişinin halı pisləşir. Təcili yardım çağırırlar. Köməyi olmur...Həkimlər durub çarəsizcə evdən çıxırlar.

Xanım ərini silkələyib onu həyata qaytarmağa çalışır: Qalx ayağa!--deyir--Dur!—söyləyir--Mən səni sevirəm! Getmə! Bax, deyirəm, eşit: Mən səni sevirəm! Mən səni sevirəm!

Bir az gec olmadımı?!..

MƏNDƏN SÖYLƏMƏSİ...

Bax belə! Üç sevgi tarixçəsi danışdım. Ana-bala sevgisini qəsdən qadın və kişi sevgisindən ayırmadım.

Harada olursunuzsa olun, sevdiklərinizdən ayrılmayın!

Həyatı zəhərləyən, sevgililəri bir-birindən ayıran dedi-qodunu, qısqanclıqları, xırdalıqları, xəyanəti... sevginizdən uzaq tutun...

Sevərkən dağlar aşmağı, dənizlər keçməyi gözə alın!

Ən ufaq aşırımdan qorxaqcasına geri çəkilməyin...

Sevginiz uğrunda savaşmağa hazır olun!

Bir də, sevdiklərinizə sevginizi sağlığında söyləyin...

Bir də, ömrünüzü sevdiklərinizlə başa vurun!

Bir də, ildə heç olmasa bir günü sevdiklərinizə ayırın.

Məndən söyləməsi...

Və sonda--bayram etsəniz də, etməsəniz də Sevgililər Gününüz qutlu olsun!

Şərhləri göstər

XS
SM
MD
LG