Keçid linkləri

İlham Əliyevin Brüsselə səfər etməsi və NATO-nun Baş katibi A.Rasmussen'lə görüşməsi bir qədər qəfil xarakter daşıdı. Xatırlayırsınızsa, İ.Əliyev ötən il analoji tədbirə dəvət almamışdı. Üstəlik, bu ərəfədə Münhen Təhlükəsizlik Konfransında baş verən kiçik bir epizod bəzilərində belə fikir yaratmışdı ki, artıq Qərb ölkələri təhlükəsizlik və yeni dünya arxitekturası məsələlərində İ.Əliyevi özlərinə tərəfdaş görmürlər.

Belə fikirlərə baxmayaraq, İ.Əliyev ABŞ Dövlət katibi H.Clinton'la görüşməyə də, NATO tədbirinə dəvət almağa da macal tapdı. Bu isə öz növbəsində bir sıra suallar və mübahisəli məqamlar yaratdı.

1. Azərbaycan NATO ilə əvvəlcə «Sülh naminə tərəfdaşlıq», daha sonra isə «Fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı», həmçinin «Planlaşdırma prosesi və analiz» proqramları çərçivəsində əməkdaşlıq etsə də, ən azı ötən illərlə müqayisədə NATO Azərbaycanın diplomatiya və təhlükəsizlik siyasətində öz tutumunu nisbətən azaldıb. Azərbaycanın NATO-ya inteqrasiyası daha çox ictimai çağırışların və tədbirlərin predmetinə çevrilib. Hökumət, dövlət səviyyəsində isə belə bəyanatlar ya özünə yer almır ya da ehtiyatlı, tənqidi notlarla müşayiət olunur.

2. Ötən il Azərbaycanın neytral dövlətlər blokuna qoşulması da belə bir fikir yaratdı ki, bundan sonra ölkənin NATO ilə əməkdaşlığı daha çox texniki və taktiki xarakter daşıyacaq. Ciddi inteqrasiya prosesindən danışmaq o qədər də real olmayacaq. Düzdür, Azərbaycanın neytral dövlətlər blokuna üzvlük məsələsini taktiki addım kimi qiymətləndirənlər də oldu, çünki BMT TŞ-na üzvlük üçün ölkəyə səs lazım idi. Lakin bu elə məsələdir, burda, necə deyər, özfəaliyyət üçün meydan yoxdur. Bəlkə Azərbaycan özünün neytrallığına elə bir ciddi məzmun vermir, amma digər dövlətlər bunu çox ciddi qarşıladı.

Təbii ki, burada birmənalı seçim olduğunu da demək bir az qüsurludur. Neytral dövlətlərin blokuna daxil olan, hətta bir müddət ona başçılıq edən Misir hər il ABŞ-dan bir milyard dollar tərtibində hərbi yardım alır. O mənada Azərbaycanda da düşünürlər ki, bəyanatlara, sənədlərə, Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009

Azərbaycan-ABŞ hərbi təlimləri, 24 aprel 2009

prinsiplərə bağlılıq siyasət üçün elə də vacib deyil, çünki real siyasət həmişə o bəyanat və sənədlərdən mürəkkəbdir. Mənim heç yadımdan çıxmır ki, ölkənin hərbi doktrinası, milli təhlükəsizlik konsepsiyası müzakirə olunarkən deputatların nəzərinə çatdırıldı ki, bu sənədlər balanslaşdırılmış xarakter daşıyır. Onlar elə tərtib olunub ki, bəzi dövlətlərdə qıcıq yaratmasın. Mən bunları ona görə qeyd edirəm ki, ölkə siyasəti prinsiplərə və sənədlərə o qədər də bağlı deyil, necə ki, ölkənin daxili həyatında və cəmiyyət səviyyəsində qanunçuluq hələ bir ənənə kimi öz təsdiqini tapmayıb.

BAKIDA NATO-NUN NƏYİNDƏN DAHA ÇOX EHTİYAT EDİRLƏR?

Bunun bir neçə səbəbi ola bilər.

1. Əvvəla, NATO ölkələrində demokratik dəyərlər hökm sürür. Bu dəyər və prinsiplər rəsmi Bakını həmişə ehtiyatlandırır, çünki ölkə rəhbərliyinin siyasi baxışları ilə NATO ölkələrinin standartları arasında böyük fərq var.

2. Qonşu ölkələrin təhdidlərini unutmaq olmaz. İlk növbədə İranı və Rusiyanı qeyd etmək lazımdır. Bu ölkələr açıq şəkildə Azərbaycanı NATO ilə ciddi və dönməz münasibətlərdən çəkindirir. Amma elə bu təhdidlər də təhlükəsizlik məsələsi ilə bağlı ciddi düşünməyə vadar edir. Son vaxtlar İranın ölkənin iç siyasətinə belə müdaxilə etmək cəhdləri artıb. Belə bir şəraitdə Azərbaycan çox istərdi ki, özü üçün etibarlı təhlükəsizlik çətiri tapsın. Amma buna mane olan məqamlar da var.

3. Gürcüstan-Rusiya müharibəsi zamanı NATO seyrçi mövqe tutdu. Üstəlik, Gürcüstanın təkidli müraciətlərinə baxmayaraq, Almaniya ilə Fransa faktiki olaraq onun NATO-ya yolunu bağlayıb. Gürcüstan NATO-ya çox can atır və rəsmi Bakı da bunu görür. Amma rəsmi Bakı buna olan münasibəti, Qərb ölkələrinin bununla bağlı davranışını da görür və özü üçün müəyyən nəticə hasil edir. İranda raket sınaqları, 28 iyun 2011

İranda raket sınaqları, 28 iyun 2011

Hətta ara-bir sual yaranır ki, bəlkə də Bakı NATO – ya üzv olmaq üçün israr etməməkdə haqlıdır? Onsuz da yaxın vaxtlarda bu regiondan heç kimi Alyansa üzv qəbul etməyəcəklər! Göründüyü ki, məsələ, necə deyərlər, olduqca qəlizdir. NATO da Rusiyanın «düşərgəsinə» daxil olmaq istəmir və bu «düşərgə»nin ölkələrinin hər biri etnik münaqişələrə cəlb olunub. Alyans bu ölkələrin üzvlüyünə «hə» deməli olsa, onda gərək bu münaqişələri də tez bir zamanda həll etmiş olsun. Amma NATO buna hazırdırmı?

İRANLA QONŞULUĞUN HƏM DƏ DİVİDENTİ

Bu sammit «nüvə sammiti» adlanırdı. İlk baxışda bu da elə təəssürat oyadır ki, burada Azərbaycanlıq bir məsələ yox idi. Lakin qeyri-nüvə dövlətləri də nüvə silahının və materiallarının yayılmaması və onların qaçaqmalçılığının qarşısının alınması üçün öhdəliklər götürüb. Bakı bu məsələdə Qərb üçün həm də ona görə maraq kəsb edir ki, o, İranın qonşuluğunda yerləşir. İranın nüvə proqramı isə indi Qərbi və ABŞ-ı ən çox düşündürən məsələdir. Ona görə bu məsələdə hətta Bakı da yada düşür...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG