Keçid linkləri

84-cü "Oscar" mükafatları paylandı.

“Ən yaxşı film” nominasiyasında sürpriz olmadı.

Ağ-qara “The Artist” filmi 5 nominasiyada mükafat aldı.

Bunlar arasında "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" (Michel Hazanavicius), və "Ən yaxşı aktyor" (Jean Dujardin) nominasiyaları da var.

Hərdən dönüb keçmişə geri boylanmağın nə eybi var?

Mükafat paylayanlar bəlkə də, rəngli, sürətli, zamanın özü kimi qarmaqarışıq filmlərdən bezib Oscar-ı ağ-qara və səssiz filmə verdilər.

Filmə məmnuniyyətlə baxardım.

“Ən yaxşı aktrisa” nominasiyasındakı qalib də diqqət çəkirdi.

Meryl Streep 17-ci Oscar-ını qazandı.

Brad Pitt isə üçüncü dəfə Oscar-a namizəd göstərildi və ala bilmədi. Halbuki deyilənə görə, mükafat öncəsi Tvitter-də ən çox danışılan mövzu bir də bu imiş...

Bu Oscar bir özəlliyi ilə də yadda qaldı.

İki şərq filmi Oscar aldı!

Pakistanlı rejissor Şermin Obaid qadınlara qarşı zorakılıq mövzusunda çəkdiyi “Saving Face” (Üzü qorumaq) filmiylə “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında mükafat aldı.

Film namussuzluq və ərə sədaqətsizlikdə günahlandırılan və üzünə turşu atılan qadınlar haqqındadır...

Mövzunun nə qədər aktual olduğu məlumdur.

Ara-sıra elə AzadlıqRadiosunun saytında belə qadınların taleyindən bəhs edən yazılar oxuyuruq.

Pakistanlı rejissor Sharmeen Obaid-Chinoy Oskar mükafatını alır

Pakistanlı rejissor Sharmeen Obaid-Chinoy Oskar mükafatını alır

Bu öz yerində. Amma məsələ burasındadır ki, “Saving Fase” filmi ölkənin ilk Oscar mükafatı alan filmidir.

Odur ki, mükafatlandırma mərasimində söz alan Obaid mükafatı ölkəsinin “qəhrəmanlar”ı adlandırdığı qadınların şərəfinə aldığını söyləyib.

Dünyanın hər yanında maraqla izlənən mükafatlandırma mərasimi Pakistanda da böyük sevinc yaradıb. Deyilənə görə, hamı ilk Oscar-ı bayram edir.

Bəs İran?

Axı, “Ən yaxşı xarici film” nominasiyasında iranlı rejissor Asghar Farhadin'in çəkdiyi «A Separation» (Boşanma) filmi «Oscar» qazanıb.

Görəsən İranda da Pakistandakı kimi bayramdırmı?

İnanmıram.

Çünki ötən ay İran ABŞ-ın Oscar-ının onlara gərək olmadığını açıqlamışdı.

2011-ci ilin ən yaxşı filmləri arasına düşən filmin Oscar-a namizəd göstərilməsi İranda aləmi qarışdırmışdı.

Mollalara yaxın kəsimlər bunu “Vaşinqtonun siyasi həmləsi” kimi qiymətləndirmişdi.

Hətta rejimə yaxınlığıyla tanınan yazar Mesud Ferasati “filmin Oscar qazanması İranda xoş qarşılanmayacaq”—demişdi.

“ABŞ bir yandan bizə sanksiya tətbiq edir, digər yandan da filmimizə mükafat verərək pozitiv mesaj göndərmək istəyir”—söyləmişdi.

“Bu filmin uğuru bir illüziyadır, yaxşı film deyil” –demişdi.

Odur ki, filmi “Oscar” almış İranın əhval-ruhiyyəsini təsəvvür eləmək elə də çətin deyil.
Demək, bir yanda sevinc var, bir yanda qəzəb...

Beləliklə, 84-cü “Oscar”lar sahiblərini tapdı.

Dünyanın 225 ölkəsinin TV kanalları Oscar həyəcanını birbaşa evlərə daşıdı.

Oscar dayı 85-ci yaşına ayaq basdı.

Görəsən, neçə yaşında biz öz filmimizlə ondan heykəlcik qopara biləcəyik?

Amma heykəlcik gözəldir, a...

Uzunluğu 13, 5 inç , ağırlığı 3, 85 kq. olan heykəl bütün metallardan sonra 24 karatlıq qızılla örtülüb.

Onu əlində tutmuş Vətən övladına bir baxmaq istərdim...

Meryl Streep mükafatı alarkən

Şərhləri göstər

XS
SM
MD
LG