Keçid linkləri

Tək son illərdə Qırğızıstanda baş verən iki inqilabdan sonra Mərkəzi Asiyanı donuq və statik region kimi təqdim etmək bir qədər çətindir. Amma o da var ki, müsəlman ölkələrində baş verən inqilablar böyük maraqla və anlaşma ilə müşayiət olunsa da, inqilabdan sonrakı gözləntilər sarıdan bir qədər narahat günlər yaşanır. Bu mənada Qırğızıstanda baş vermiş inqilablar da istisnalıq təşkil etmirlər. Yadıma gəlir, Qırğızıstanda ikinci inqilab baş verərkən qonşu Qazaxıstanın lideri N.Nazarbayev demişdi ki, vaxtında barrikadalar qurmaq yox, iş yerləri açmaq haqqında düşünmək lazım idi. Lakin budur, indi həmin Qazaxıstanın özündə etirazlar başlayıb. Onlar, düzdür, epizodik xarakter və məzmun daşıyırlar. Lakin bunu narazılığın azlığı kimi yox, hökumətin narazı təbəqəyə qarşı yönəlmiş sərt siyasəti ilə izah etmək daha düzgün olardı. Az bir müddət bundan əvvəl keçirilmiş aksiya dağıdılarkən 10-dan çox insan həlak oldu. Bəlkə elə narazılıq dalğasının sönməsinin səbəbi də bu oldu ki, hökumət etirazçılara qarşı çox sərt hərəkət ediləcəyini bəyan etdi. İndi çoxu Suriyadan danışır, orada baş vermiş hadisələri izləməyə cəhd edir. Təbii ki, bu, düzgün addımdır. Lakin Mərkəzi Asiyadakı bəzi despotik rejimlər heç də Suriyadakı rejimdən geri qalmır. Asiya hələ Suriya ilə müqayisə olunmaq və tutuşdurulmaq səviyyəsində deyil – bunu etiraf edirik. Amma fərq daha çox etirazların kəmiyyətində və miqyasındadır.

İMİTASİYALI DEMOKRATİYA İNDİ ASİYAYA YOL AÇMAQ İSTƏYİR...

Son parlament seçkisində Qazaxıstanda ilk dəfə olaraq hakim partiyadan da başqa partiya bir neçə mandat qazandı. Necə deyərlər, ilk dəfə olaraq ölkədə çoxpartiyalı və plüralist parlament görüntüsü yaradıldı. Amma ölkənin ikinci partiyasının mənşəyini axtaranda, o da gedib hakim partiyaya çıxır. Maraqlı cəhət budur ki, Xəzərin bu biri tayında–Azərbaycanda 17 ildir ki, bu praktika uğurla tətbiq olunur, hakim partiyanın siyasi satellitləri rolunu oynayan bəzi partiyalara da az miqdarda mandat verilir. Amma istər o tayda, istərsə də bu tayda insanlar bunun imitasiya xarakteri daşıdığını gözəl başa düşürlər. Bu mənada bir ortaqlıq var, hərçənd ki, ənənəvi olaraq Asiyanı bir qədər geri inkişaflı məkan kimi qəbul edirlər. Lakin sonuncu detal bir qədər mübahisə doğurmaq iqtidarındadır.

Yenidənqurma vaxtı ilk kütləvi aksiya Qazaxıstanda keçirilmişdi - 1986

Yenidənqurma vaxtı ilk kütləvi aksiya Qazaxıstanda keçirilmişdi - 1986

Sovet vaxtında mən qazaxları çox görmüşdüm və onları müşahidə etmək imkanım olmuşdu. Mərkəzi Asiya xalqları arasında o xalq rus dilini ən yaxşı bilən, gözüaçıq və türkmənşəli olduğunu dərk edən insanlar idi. İndi mən bir fikir də deyəcəm, ola bilsin, o, bir qədər mübahisə doğuracaq. «Az və Ya» əsəri məhz Qazaxıstanda yazılmışdı. Yenidənqurma vaxtı ilk kütləvi aksiya Qazaxıstanda keçirilmişdi. İndi bunlar bir az yaddan çıxıb və unudulub, amma bunlar həqiqətən də olmuşdu.

RUSİYANIN ENERJİ DONORU

Bəlkə bu regionun geriliyinin əsas səbəbi odur ki, onu Rusiya ilə bağlayan tellər hələ də zəifləməyib. Rusiya bu ölkələr üçün hələ də mədəni və enerji dəhlizi kimi qalır. Elə Mərkəzi Asiya sözünün özü də bəzi mənalara aydınlıq gətirmək iqtidarındadır, çünki bölgə Asiya ölkələrinin əhatəsində yerləşir...

Regionda inteqrativ meyllər də zəifdir. Hətta Şanxay Birliyi formulu da bura ciddi inteqrasiya tendensiyası gətirmədi. ABŞ və Avropa çox cəhd edir ki, o regionda Rusiyanın təsirini azaltsın, Asiya ölkələrindəki enerjidaşıyıcıları Rusiyanın iştirakı olmadan Qərbə ixrac etmək mümkün olsun. Elə «Nabucco» layihəsi də bunun üçün nəzərdə tutulmuşdu. Amma Türkiyə ilə Azərbaycan qazın nəqli üçün alternativ layihəyə start verdiyindən onu unutmaq zərurəti yarandı, ən azı bir müddət üçün bu layihə reallaşmaq imkanlarını itirdi. İndi Rusiya Asiya qazını nəql etməklə milyardlar qazanır. Lakin regionun sosial durumu o qədər də qənaətbəxş deyil. Təbii ki, onun göstəriciləri ən ağır və geri göstəricilər tək qiymətləndirilə bilməz, lakin ciddi inkişafdan danışmaq da çətindir.

DEMOKRATİYANIN İKİNCİ DALĞASI

Nursultan Nazarbayev və İslam Kərimov

Nursultan Nazarbayev və İslam Kərimov

Diqqət çəkən budur ki, indi bütün avtoritar ölkələrdə təxminən eyni proses müşahidə olunur – insanlar avtoritarizmdən qurtulmaq istəyirlər. Bəzi çalar və xüsusiyyətlərinə görə proseslər həm də oxşardır. Təqdirəlayiq cəhət də budur ki, dünya siyasətində prinsiplər üstünlük təşkil etməyə başlayır.

Mən burada H.Kissinger'in monumental «Diplomatiya» əsərindən bir detalı qeyd etmək istərdim. O, ABŞ və bir sıra ölkələrin siyasətində maraqla prinsiplərin çarpışmasından yazır. İndi tərəzinin prinsiplərə tərəf əyildiyi hiss olunur. Bir detal çox maraqlıdır ki, çox az dövlət despotik rejimləri öz ətrafında görmək istəyir. Artıq «Qərb – Şərq» bölgüsü də özünün əvvəlki məzmununu itirir və demokratiya öz universallığını təsdiq edir, Qərblə Şərq arasında bir dəyər və ideya ortaqlığı hiss olunur. Bu məqamda ən çox özünəməxsusluq, unikallıq haqda danışan despotik rejimlər və onların ideoloqlarıdır, çünki onları dəyər və prinsip ortaqlığı qorxudur. Səbəb də budur ki, tək mədəni dəyərlərin və prinsiplərin yaxınlaşması baş vermir, siyasi dəyərlər də yaxınlaşır. Sonuncu isə həm də despotiyaların sonu deməkdir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG