Keçid linkləri

Təcili xəbərlər

Xarici siyasət növbəti düyündə


İlham Əliyev
İlham Əliyev
Fransa Konstitusiya Şurasının məlum qərarından sonra ölkənin xarici siyasi kursu haqda pessimist tonda yazmaq bir qədər çətindir. Həmin vaxt Fransa dövlətinə qəzəbin kükrədiyi vaxt biz də yazmışdıq ki, hətta pis qanunları da dəyişməyin qanuni və dinc yolları var. Burada Şərq temperamentini nümayiş etdirməkdən, tələsik qərarlar çıxarmaqdansa, Qərb soyuqqanlılığını və təmkinini saxlamaq, tələsmədən məsələni siyasi yolla çözmək daha səlis və düzgün yoldur. Etiraf edək ki, rəsmi Bakının bu məsələdə yürütdüyü dəst-xətt daha effektiv oldu, nəinki Türkiyənin məsələyə emosional münasibəti.

Amma xarici siyasət tək Fransa ilə məhdudlaşmır. İndi ölkənin xarici siyasi kursunda növbəti «düyün nöqtəsi» yaranıb, bu nöqtədən müxtəlif tərəflərə yollar ayrılır. Bakı yollardan hansını seçəcək?

İSRAİLLƏ HƏRBİ SÖVDƏLƏŞMƏ BAKIYA NƏ VƏD EDİR?

İsraildən Azərbaycanın 1.5 milyardlıq silah – sursat alması haqqında xəbər dərhal siyasi analitiklərin diqqətini cəlb etdi. Lakin böyük siyasətdə olan və dövlət siyasəti ilə məşğul olan insanlar belə xəbərləri bir qədər tez, özü də ki, mətbuatdan, televiziyadan deyil, başqa kanallardan alırlar. Ona görə də həmin xəbərin Azərbaycanla bəzi dövlətlərin münasibətlərinə bundan sonra deyil, artıq təsir etdiyini demək daha düzgün olardı. Sadəcə, bəzən bizə elə gəlir ki, dövlət adamları da hansısa məsələdən bizimlə birgə xəbər tuturlar.

Hamı bilir ki, İranla Azərbaycanın münasibətləri son vaxtlar artan istiqamət üzrə pisləşməkdə davam edir. Çox güman ki, İranın siyasi dairələri İsraillə sövdələşmədən artıq çoxdan xəbər tutublar. Elə münasibətlərin pisləşməsi də bununla yozula bilər, hərçənd bu münasibətlər heç vaxt rəvan olmayıb.

Azərbaycanın təkidli bəyanatlarına baxmayaraq, İran həmişə bu ölkəyə özü üçün bir təhlükə zonası, Qərbin forpostu kimi baxıb. Hətta Rusiya da başa düşür ki, Azərbaycan qonşularla balanslaşdırılmış siyasət aparır, amma bu məntiqi reallığı İrana qəbul etdirmək mümkün deyil. Bu, ölkə öz dediyində israr edir. Məntiq də maraqlıdır.
Tehranda hərbi parad
Tehranda hərbi parad
Məsələn, İran Azərbaycandan öz ərazisinə İsrail casuslarının keçdiyini bildirir və buna görə onu təhdid edir. Amma bir detal anlaşılmaz qalır: həmin casuslar varsa, onlar əvvəlcə məhz İranın sərhədindən keçməli idilər. İran sərhədçiləri nədən bunu diqqətdən qaçırıb?

Bir vaxt, Çeçenistan müharibəsi zamanı Rusiya da Azərbaycana qarşı oxşar iradlar irəli sürürdü və onun ərazisindən Rusiyaya silah-sursat keçdiyini iddia edirdi. Amma onlara izah edildi ki, dövlət sərhədinin iki tərəfi var - bir tərəfdə Azərbaycandırsa, o biri tərəfdə Rusiyadır. Maraqlıdır ki, bu cür izahatlar Rusiyanı müəyyən qədər qane etdi. Lakin İranın timsalında bunu demək çətindir.

TÜRKİYƏNİN MÜNASİBƏTİ NECƏ OLACAQ?

İsrail məsələsində tək İran problem deyil, ortalıqda Türkiyə də var. Sonuncu dövlətin də İsraillə münasibətləri heç də ürəkaçan deyil. Türkiyə də bir neçə dəfə Azərbaycana İsraillə münasibətlərə yenidən baxmaq təklifi ilə müraciət etmişdi. Amma burada ton bir qədər fərqlidir və məsələ İran kimi kəskinliklə qoyulmur. İ.Əliyev Türkiyənin istəklərini təmin etmək üçün Bakıda Fələstin liderini böyük təntənə ilə qarşıladı və ölkədə Fələstin nümayəndəliyi açıldı... O vaxt hətta Bakının Yaxın Şərq kursundakı bu ciddi dəyişiklik bir çoxunun təəccübünə səbəb olmuşdu. Amma belə isti qarşılanma Azərbaycanın həm islam ölkələrinə, həm də xüsusilə Türkiyəyə bir diplomatik jesti idi.

İndi biz də hesab edirik ki, Türkiyə müəyyən mənada Azərbaycanın silah-sursatla bağlı problemlərini həll etmək cəhdlərini başa düşməlidir. Münaqişəyə cəlb olunmuş ölkə kimi Azərbaycanın silah alması müəyyən maneələrlə rastlaşır. Xüsusən də nəzərə almaq lazımdır ki, silah bazarında bolluq olsa da, hər ölkənin satdığı silahı almaq olmur.
İ.Əliyev və NATO-nun Baş katibi A.F. Rasmussen
İ.Əliyev və NATO-nun Baş katibi A.F. Rasmussen
Bu, bir siyasi reallıqdır və siyasət də heç də emosional müstəvidə deyil, reallıqlar müstəvisində çözülür.

YENİDƏN QƏRBLƏ...

İ.Əliyevin az müddət bundan əvvəl NATO sammitinə dəvət alması və orada iştirak etməsi də təsadüfi deyildi. Hər halda, bizə belə gəlir. İranın təhdidləri İ.Əliyevi yorub. O, getdikcə daha çox dərk edir ki, ölkənin təhlükəsizlik çətiri o qədər də etibarlı deyil. Düzdür, daxili siyasət, onun və komandasının daha çox üstünlük verdiyi dəyərlər onu Qərblə müəyyən məsafə saxlamağa, çox da irəli getməməyə təhrik edir. Amma regionun da diktə etdiyi reallıqlar var. Bu reallıqlar onu yenidən NATO ilə münasibətləri intensivləşdirməyə, Qərbi o qədər də qıcıqlandırmamağa sövq edir.

Hətta siyasətdən uzaq adama belə aydındır ki, molla rejimini qane edə biləcək «qızıl diplomatik ortanı» tapmaq çətindir. Rusiya ilə münasibətlər də isti olmaqdan daha çox, dözümlüdür və Rusiya hər dəfə imkan düşən kimi Ermənistanla öz münasibətlərinin daha üstün olduğunu diqqətə çatdırır. Belə olan təqdirdə hansı yol qalır? Cavab elə bir siyasi istedad tələb etmir. İ.Əliyev könülsüz də olsa, Qərb üçün daha faydalı və maraqlı olmağa cəhd edir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG