Keçid linkləri

Bu ay Minsk Qrupunun da yaranmasının 20 ili tamam olur. Bunu yubiley tək qeyd etmək üçün elə bir əsas yoxdur – münaqişə olmasaydı və yaxud da ki, vaxtında həll olunsaydı, ona heç ehtiyac olmazdı. Bu müddət sadəcə proses başlayandan bu vaxta qədər onu izləmək üçün lazımdır. Bu 20 il nə göstərdi və bizi hansı nəticələrə gətirib çıxardı?

- Birmənalı şəkildə demək olar ki, münaqişənin həlli ciddi hüquqi bazisə və prinsiplərə söykənməyəndə, bir müşkülə çevrilir. Qarabağ münaqişəsi üçün hüquqi bazis BMT nizamnaməsi və BMT-nin qəbul etdiyi 4 qətnamə sayıla bilərdi. Amma prosesdə bu, duyulmur, daha çox reallıqdan çıxış etməyə və münaqişənin bugünkü nəticələrinə istinad etməyə cəhd edilir. Hətta bu fakt da nəzərə alınmır ki, işğalın coğrafiyası real münaqişə ocağından böyük və genişdir, çünki Ermənistan Dağlıq Qarabağla bahəm digər əraziləri də işğal edib.

- 20 il ərzində məlum oldu ki, real sülhə məcburetmə mexanizmləri olmasa, tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmayacaq. Minsk Qrupunu isə heç kim belə mexanizmlə təmin etməyib. Qrupun sərəncamında olan tək danışıqlar və bir də gah bu tərəf, gah da o biri tərəfdən qəbul edilməyən bir təkliflər seriyasıdır.

DÜNYANI BAŞA DÜŞMƏK ÇƏTİNDİR...

- İndi dünyadakı proseslərə baxanda, dünya birliyi üçün nələrin önəm kəsb etdiyini demək çətindir. Bir də görürsən, hansısa münaqişə ocağı haqqında bircə saata qərar qəbul edilir, amma daha böyük münaqişələr, daha böyük itkilər yaşayan konfliktlər onillərlə öz həllini gözləyir. Balkanlar və bir sıra başqa münaqişələr istisna olmaqla, etnik münaqişələrin, demək olar, böyük hissəsi bu vaxta qədər həll edilməyib.

Bu günlərdə Minsk Qrupunun həmsədrləri bu il üçün regiona ilk səfərlərini etdilər. Çox güman, bu səfər müəyyən mənada bir simvolik mahiyyət kəsb edir, çünki son illərin də səyləri elə bir nəticə vermədi. Qarabağda erməni əsgəri

Qarabağda erməni əsgəri

D.Medvedevin guya tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün təşkil etdiyi görüşlər nəticəsiz qaldı. Elə digər həmsədrlərin də səyləri elə bir nəticə ilə yekunlaşmayıb. Bir vaxt təşəbbüsü ABŞ və Fransa götürmüşdü, amma onların da bir nəticəsi olmamışdı. Getdikcə aydın olur ki, dünya birliyi iki prinsip arasında ciddi seçim etməlidir və bu seçim olmadan tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmayacaq. Belə seçim ən azı prosesdə bir aydınlıq yarada bilərdi.

Əslində, onları optimal şəkildə uzlaşdırmaq da mümkündür. Çünki millətlərin öz müqəddəratını təyinetmə prinsipi heç də bir dövlətin ərazi bütövlüyünü birmənalı şəkildə pozmaq demək deyil, burada geniş muxtariyyət də bəsdir. Azərbaycan sonuncu dəfə Qarabağ əhalisinə bu gün üçün dünyada təsadüf edilən ən böyük muxtariyyəti – Cənubi Tirolun statusunu təklif etmişdi.

AVROPA BİRLİYİ PROBLEMİ HƏLL EDƏ BİLƏRMİ?

Prosesin gedişində indi hiss olunan bir neçə tendensiya var.

- Avropa Birliyi münaqişənin həllində iştirak etməyə can atır. Hətta bununla bağlı belə fikirlər səslənir ki, Minsk Qrupunda həmsədrlik Fransadan AB-yə verilsin. Amma bu addım atılmadan da AB prosesə öz nümayəndəsini təyin etməklə ona qoşula bilər. Avropa Birliyi

Avropa Birliyi

Təbii ki, Minsk Qrupunun həmsədrlik institutu elə mandat deməkdir ki, o, bilavasitə münaqişə ilə məşğul olmaq səlahiyyəti və bunun üçün lazım olan hüquqları verir.

- Fransada məlum qanun qəbul edilərkən onun həmsədrlikdən çıxması ilə bağlı tələblər və təkliflər çox intensivləşmişdi. İndi qanun ləğv edilib və bu haqda bir qədər seyrək danışılır. Lakin bizim qənaətimizcə, Fransanın Minsk Qrupunda olması onu müəyyən qədər neytrallaşdırır, onu birmənalı şəkildə Ermənistanın tərəfinə keçməkdən saxlayır. Təbii, daha yaxşı olardı üçüncü həmsədr kimi Almaniya kimi əsl neytral dövlət olardı. Almaniya bu istəyini bir neçə dəfə izhar edib. ​Lakin nədənsə rəsmi Bakı onun bu istəyini həmişə soyuq qarşılayır, hətta adamda belə təəssürat oyanır ki, həmsədrlərin seçim prosesində Bakı sanki heç bir rola malik deyil.

Beləliklə, bu il münaqişənin başlanmasının 24, Minsk Qrupunun yaranışının 20 ili tamam olur. O qədər də az müddət deyil. Ən acısı-ağrılısı isə budur ki, son görünmür. Elə məşhur Azərbaycan filmində deyildiyi kimi: «Bu, elə bir səhralıqdır ki, hətta üfüqlərində də keçici qırmızı bayraq görünmür...».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG