Keçid linkləri

(1955-ci il martın 6-da saat 22-45-də Ankarada Azərbaycan Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin qəlbi dayandı…)

Etiraf edim ki, bu gün - Məhəmməd Əmin Bəyin xatirə günündə xüsusi bir yazı yazmaq istəmirdim.

Hətta qızımın - Rəsulzadə sevdalısının xahişini də geri çevirdim.

Tarixçi Salavat İshakovun müsahibəsini uzun yazışmalardan sonra məxsusi bu gün üçün hazırlamışdım.

Bu yetər- dedim.

Müsahibə AzadlıqRadiosunun saytına qoyulan kimi Almaniyada yaşayan bir Vətən oğlundan - Zaur Qasımovdan zəng gəldi.

O, Azərbaycan mühacirətinin Polşa dövrü ilə, «Prometey» təşkilatı ilə bağlı araşdırmalar apardığını söylədi.

Birdən-birə mənə əziz olan bir gündə xaricdə yaşayan bir gənc araşdırıcının telefon zəngi kefimi necə açdı - bir bilsəniz!

Tez studiyaya keçib səsini yazdım.

Onunla müsahibəni tezliklə AzadlıqRadiosunun saytında oxuyacaqsınız.

Bəs məni bu yazını yazmağa nə məcbur etdi?

Aydın Balayevin ANN.Az saytında çıxan bir yazısı.

Hörmətli tarixçimiz yazısını, bilirsinizmi, necə adlandırmışdı?

Bax belə:

«Никому не нужный Расулзаде?!»

Bundan sonra yazmamaq olmazdı...

Elə bilməyin ki, Aydın bəyin fikrinə etiraz kimi yazıram bunları.

Yox! Qətiyyən yox! Ona, yazdıqlarına böyük hörmətim var.

Bu başlığın hansı ağrıdan doğduğunu da bilirəm.

Amma...doğrudanmı «heç kəsə gərək olmayan, heç kəsə lazım olmayan Rəsulzadə?»

Ürəyimdən qeyri-ixtiyari keçdi bu sual?

Bəs məndən yazı istəyən qızım?

Bəs Almaniyadan bizə telefon açıb xatirə günündə ürəyindəkini bizlərlə bölüşən Zaur Qasımovlar?

Bəs hər il ürəyində Rəsulzadə odu küçələrdə müxtəlif köynəklər geyən cavanlar?

Bəs ildə bir neçə dəfə Novxanıdakı abidənin başına yığışan yaşlılar, gənclər, uşaqlar?

Bəs bu nəhəng şəxsiyyətin dünyadakı araşdırıcıları?

Bəs Aydın Balayevin həmin yazısının başında verilmiş şəkil?

Gənc bir qızın Əmin Bəyin Əsri məzarlığındakı məzarı üzərində əyilib başdaşını öpməsi?

Dünyada məzar daşı öpüşə qərq olan çoxmu qurucu tanıyırıq?

Bəlkə heç tanımırıq?

“Heç kəsə gərək olmayan Rəsulzadə” nələr yaratmadı?

Heçdən bir bayraq yaratdı!

Heçdən bir dövlət yaratdı!

Cümhuriyyət yolunda bütün nəslini heçliyə uğratdı...
Yarı zirzəmilərdə- siçan-siçovullar oynayan «evlərdə» yaşadı.

Ehtiyac gördü.

Amma sınmadı.

Yolundan dönmədi.

Cümhuriyyət sevdasından əl çəkmədi!

Siz tarixdə ölərkən, quruca taxtın üzərində son nəfəsində ancaq «Vətən» deyən, «can...can.. Azərbaycan...» - deyən çoxmu lider tanıyırsınız?

Bəlkə də, heç tanımırsınız...

Bəlkə də, heç eşitməmisiniz...

Ölənəcən, canı ağzından çıxana qədər bu dünyadan yığdıqlarını yerbəyer etməyə çalışan, taxtını əzizlərinə tapşıran o qədər dövlət adamı olub ki tarixdə...

Nə olsun ki, onlara nəhəng heykəllər ucalır?

Nə olsun ki, ad günləri, ölüm günləri təmtəraqla qeyd olunur?

Bütün bu dediklərim o gənc və gözəl qızın soyuq məzara qonan isti və təmənnasız öpüşünə dəyərmi?

Sizdən soruşuram- dəyərmi?!

Şərhləri göstər

XS
SM
MD
LG