Keçid linkləri


Rusiya mətbuatından Azərbaycanın Qəbələ RLS– in icarəsi üçün Rusiyadan ildə 300 milyon dollar istəməsi haqda məlumat sızandan sonra ölkənin əsas analitik dərgilərinin diqqəti yenidən bu məsələyə yönəldi. Düzdür, obyektin ictimai maraq sarıdan heç vaxt kasadlığı olmayıb, o, müxtəlif vaxtlarda həm ekoloqların, həm hərbi ekspertlərin, həm də siyasətçilərin diqqət mərkəzinə düşüb.

Lakin indi bir qədər başqa proses cərəyan edir. Bu gün üçün demək olar ki, obyektin ekoloji tərəfi onun digər aspektləri ilə müqayisədə bir qədər arxa plana keçib. İndiyə qədər ekoloqlar kəskin çıxışlar edib sərt bəyanatlar versələr də hələ ki, onun ekoloji səbəblərdən fəaliyyətinin dayandırılması və stansiyanın sökülməsi real görünmür. İndi diqqətdə olan stansiyanın hərbi və siyasi, xüsusən də geosiyasi aspektləridir. Bu vaxta qədər RLS haqqında minlərlə yazı yazılıb. Lakin bir suala cavab verilməyib: onun fəaliyyətinin bu ölkə üçün xeyri çoxdu, yoxsa ziyanı?

Getdikcə Qərbin siyasi orbitində olan avtoritar dövlətlərin sayı o qədər azalır ki, bu, Bakını həqiqətən narahat etməyə başlayır.
Bir daha qeyd edirik ki, məsələnin tək ekoloji tərəfini götürsək bu sual elə də çətin deyil, çünki hətta kompyuterləri, mobil telefonları Ümumdünya Səhiyyə Təşkilatı şüalanma sarıdan ziyanlı və qorxulu hesab edirsə, stansiyadan danışmağa dəyməz.

Bu baxımdan, onun müdafiəçilərinin gətirdiyi ən ekzotik dəlillər, o cümlədən obyektin həndəsi konstruksiyası ilə bağlı deyilənlər heç bir tənqidə duruş gətirə bilmir. Amma burada diqqət mərkəzində obyektin verə biləcəyi geosiyasi divident, yaxud da, əksinə yaratdığı siyasi problemlər olacaq.

RLS NƏDİR? ÜMUMİ STRATEGİYADAN İSTİSNA, YOXSA...

Siyasət də bir detal var. Maraqlı olmaq heç də həmişə sərfəli deyil, çünki bu siyasət deyilən fenomen heç də sırf bazar qanunları ilə idarə olunmur, bura «siyasi marketinq» üçün meydan deyil.

Ona görə ki, dünyada maraqlar çox rəngarəngdir, çeşidlidir. Mən obyektin hərbi xarakteristikalarına varmaq və bir daha hamıya məlum olan şeyləri xatırlatmaq istəmirəm. Rusiya üçün bu, Azərbaycan ərazisində hərbi iştirakın bir formasıdır, ən azı son məlumatlara inansaq o, Rusiya üçün heç də fövqəl hərbi maraq kəsb etmir, çünki Rusiya artıq bir neçə bu cür alternativ obyektlərə malikdir.

Azərbaycan düşünür ki, o, öz ərazisində Rusiyanın hərbi-siyasi maraqlarını təmin etmək üçün çox optimal variant tapıb. Amma, necə deyərlər, iştah yemək zamanı gəlir. İndi Bakı güman edir ki, mövcud hərbi-siyasi teatr, beynəlxalq siyasətin bəzi məqamları obyektdən daha artıq faydalanmağa imkan verir. Düşünürük ki, səhv də elə buradadır. Təbii ki, RLS-in istifadəsi üçün Rusiyanın hazırda ödədiyi məbləğ gülməlidir.
Qəbələ RLS-in əhatə dairəsi

Qəbələ RLS-in əhatə dairəsi


Araşdırmalar göstərir ki, Rusiya digər ölkələrin ərazisindən hərbi məqsədlər üçün istifadə etməyə görə daha böyük məbləğ ödəyir. Bu baxımdan icarə haqqının artırılması təbii görünür. Amma bir sıra analitik və siyasətçilər bunda Rusiya ilə Azərbaycanın dinc, mədəni şəkildə ayrılmaq cəhdini görürlər. Əvvəl Rusiya, sonra isə Azərbaycan Qərbi həmin obyektlə maraqlandırmağa cəhd etdi. Amma məlum olduğu kimi ABŞ buna elə də ciddi reaksiya vermədi. Azərbaycan rəsmiləri hələ ümidlərini itirməyiblər, onlar güman edir ki, bu obyekt Qərbin hərbi-siyasi dairələrini potensial olaraq maraqlandırmaq iqtidarındadır.

Fəqət, bu marağın qiyməti nə qədərdir? Onun qiyməti Azərbaycan-İran münasibətlərinin dəyəri qədər hesab oluna bilər.

Açığı Qəbələ RLS öz sektoru daxilində İranın ərazisindən olan uçuşları izləmək üçün maraq kəsb edə bilər. Tutaq ki, Rusiya icarənin kəskin şəkildə artması ucbatından bu obyektdən imtina etdi və Qərb onunla maraqlandı, ondan istifadə etməyə başladı. Bəs onda Azərbaycanın İranla bağlı verdiyi silsilə vədlər, öz ərazisindən İrana qarşı istifadə etməyə razılıq verməyəcəyi ilə bağlı dedikləri nə olacaq?

Bu gün bəlkə də Bakı qədər beynəlxalq siyasətin «güc balansı» (H.Kissincer) üzərində və əsasında qurulmasını istəyən çox az dövlət var. Çünki o, indi başqa cür maraqlı ola bilmir...
Düzdür ki, RLS hücum xarakterli obyekt deyil, o, müdafiə qurğusudur. Amma ABŞ və Qərb onunla yalnız bir halda maraqlana bilər ki, bu obyektdən İranla bağlı bilgilər alsın, çünki onun sektoru hüdudlarında başqa bir potensial nüvə dövləti yoxdur.

Mən məhz o səbəbdən əvvəldə dedim ki, maraqlı olmaq siyasətdə heç də həmişə sərfəli deyil, çünki hətta analitik mərkəz də potensial nüvə hədəfi ola bilər. Təbii ki, belə perspektiv Azərbaycana lazım deyil.

MARAQLI OLMAĞIN BAŞQA YOLU VARMI?

Var. Amma rəsmi Bakı bunu qəbul etmir. Çox ziddiyyətli məqam yaranır. Bir tərəfdən Bakı Qərbin əsas hərbi-siyasi alyansından – NATO-dan müəyyən məsafə saxlamağa çalışır. Digər tərəfdən də özünün tranzit və elə coğrafiya imkanlarını da Qərbə onun geosiyasi ambisiyalarını ödəmək üçün verir. Bir ölçüdə Qərblə yaxınlaşma baş verir, o biri ölçüdə isə, əksinə uzaqlaşmaq və kənarda qalmaq meyli müşahidə olunur.

Belə hal, heç də unikal deyil və bəzi qərbçi avtoritar sistemlərin təcrübəsində buna çox rast gəlinib. İndi bu statusa Azərbaycan da iddia edir. Bu iddianın da əsasında yalnız fizioloji maraqlara bənzər bir şey dayanır – Bakı da kimin güclü olmasının fərqindədirr və başa düşür ki, Qərb tərəfdə olmaq geosiyasi baxımdan sərfəlidir. Amma o, Qərb tərəfdə olan dövlətlərə və siyasi quruluşlara baxanda özünü orada yad hesab edir. Getdikcə Qərbin siyasi orbitində olan avtoritar dövlətlərin sayı o qədər azalır ki, bu, Bakını həqiqətən narahat etməyə başlayır.

Bu gün bəlkə də Bakı qədər beynəlxalq siyasətin «güc balansı» (H.Kissincer) üzərində və əsasında qurulmasını istəyən çox az dövlət var. Səbəb birdir. O, indi başqa cür maraqlı ola bilmir, çünki ya hakimiyyət maraqlı olmalıdır, ya da dövlət. O baxımdan Bakının seçimi aydındır – o daha çox hakimiyyət üzərində dayanır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG