Keçid linkləri

-Sız, -sız şəkilçilərinin məntiqsizliyi

Xeyli dil yanlışları var ki, elm bəyənməsə də saxlayırıq. Əxlaq özünə yaxşını da (fəziləti də), yamanı da (şəri də) qatır, deməli, yamanlıqlar yapanlar da əxlaq çevrəsinin içində fırlanırlar. Biz isə yaramaz adama çox asanca «əxlaqsız adam» deyirik.

Eləcə də mədəniyyət. Elmdə oğrular dünyasının mədəniyyətindən də, söyüşlərin kulturologiyasından da danışırlar. Hətta elə olur ki, belə danışıqlar mədəniyyətdən axta-hamar söhbət açanlardan daha ilginc olur. Oxşar olaraq, biz qrammatikanı cümləni düzgün qurmaqla, məntiqi düzgün düşünməklə bağlayırıq. Ancaq Kamal Abdullanın «Səhvlərin qrammatikası» birdən aydın edir ki, səhvlər dünyası da qrammatika ilə qurulub. Və ya bəyəm biz soruşmuruq bu axmaq adamın məntiqi nədi?!

«Mədəniyyətsiz adamdır» dedisi əsl elmi yanlışlıqdır. Mədəniyyət insanın bioloji yox, düşünən, duyan varlıq kimi yaratdıqlarıdısa, «mədəniyyətsiz adamın» qaba danışığı da mədəniyyət faktıdır. Molla Nəsrəddin, Bəhlul Danəndə, bektaşilər min dəfə göstəriblər ki, «mədəniyyətsizliyin» din, əxlaqi ayıltma, yenilk törətməklə bağlı dərin potensialı var. Azmı olub ki, ötən yüzilin modernist şeirində şeiriyyat qaba sözlərdən yaranıb?! Azmı olub ki, avanqard musiqi, rok musiqi qaba səslərlə melodi yaradıb?!

Bir az da mədəniyyətlərin mürəkkəb mənzərəsindən

Bu girişi neyçün verdim? Onun üçün ki, bizdə «mədəniyyət» sözü və anlayışı pozitivlə yüklənib. Düzü, bu pozitiv o qədər deyil ki, mədəniyyətlə bağlı tənqidlərə yer qoymasın. Mirzə Fətəli, Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə kimi çağdaşlaşma ideoloqları mədəniyyətdə geriləməni göstərib tənqid edirdilər. Bu üzdən Doğu mədəniyyəti, eləcə də gələnəksəl İslam mədəniyyəti mövhumat, ölgünlük kimi «ləkələr» alıb və hətta indiyənəcən də kimlər üçünsə bu ləkələri gəzdirir.

Ancaq biz irəlicil və gericil mədəniyyətləri ayıranda irəli saydığımız kültürü yalnız qlamur, işıqlı, parıltılı aurada, heyranlıq estetikasında düşünürük. Və bu zaman kimsə bu mədəniyyəti ləkəli göstərsə barışa bilmirik.

Mədəniyyət ləkələrinə örnək

Samuel Huntington «Uyqarlıqların toqquşması» (Clash Of Civilizations) kitabının özülündə duran diskursun gücü onun bir araya gəlməzləri bir araya gətirməsidir. Uyqarlıq (sivilizasiya) ilə bağlı «çürüyür» (İbn Xaldun), «quruyur» (Shpengler) ritorikasında suçlamalar olsa da bu ittihamların uyqarlığı pozitivdən çıxarmağa gücü çatmamışdı. Bax, bu durumda Hantinqton göstərdi ki, biz nə qədər barışdan, barışıqda bulunan dünyadan danışsaq da, bu dünyada didişmə və konfliktlər qaçılmazdır. Dünyaların bir-biri ilə düşmənçiliyinin dürlü nədənləri var, ən əsas səbəb isə Uyaqrlıqların gözünün bir-birini götürməməsidir. İslam uyqarlığı Hinduizm, Katolisizm, Buddizm uyqarlığı ilə bitməz, aradan getməz ziddiyyətdədir. Eləcə də o biri uyqarlıqlar bir-biri ilə. Düzdür, bunları deyən Huntington, Pravoslav, Katolik, Buddist uyqarlıqlarının başqaları, bir-biri ilə konfliktlərindən çox az danışır, çünki geniş materialı ona daha çox İslam uyqarlığı verir.

Əsas mətləbim

Bax, irəlidə gətirdiklərimin fonundan indi yaxşı başa düşülən bir paradoksu deyim. Mədəniyyətlərdə nə qədər sevgiyə işləyən təməllər olsa da bütün mədəniyyətlərin mahiyyətində həm də düşmənçiliyi artıran əsaslar durur. Bunu bir örnəkdə Froydizm yaxşı açır: sevginin, erosun alt üzü tanatosdur, nifrətdir. Bir qəbilənin, etnosun qonşusuna nifrəti (deməli, pislik diləməsi) bu qəbilənin içində sevgini artırmağa qulluq edir. Deməli, bir birlik kimi başqalarına düşmən kəsiliriksə, bunun bir nədəni həmin düşmənçilikdən bir-birimizi sevməyi qazanmaqdır. Gördüz, bölgələrin bir-birini bəyənməməsinin, şiə-süni düşmənçiliyini artırmaq istəyənlərin bilməzə amacı nədir? Düşmənçiliyi «sevginin» qulluğuna cəlb etmək.

Bizim dilimiz, adətlərimiz sanki ünsiyyət, yəni bilgi daşımaq araclarıdır. Ancaq bir baxın. Başqa kültür dünyasına girəndə anlamdığınız bu dil, bu adətlər divara çevrilərək bizi içəri buraxmır. Anlamadığınız dil və adətlər bir himə bənddirlər ki, bizdə düşmən, təhlükəli dünya qorxusunu yaratsınlar.

İndi necə olsun?

Mədəni müdriklik öz eyiblərini, nöqsanlarını tapıb onları nəzərə almaqdır. Mənə elə gəlir ki, bizim də öz mədəniyyətimizin mahiyyətində duran düşmənçilik potensialını bilib nəzərə almağımız gərəkdir. Bu düşmənçilik potensialının pozitiv işləməsi olur (elə ona görə də mədəniyyət ondan yapışır). Məsələn, savaşlarda, qonşu uluslardan geri qalmamaq yarışında. Bu faydalarına görə də «mədəniyyətimizin mahiyyətindən düşmənçiliyi qaşıyıb çıxarmalıyıq!» ideologiyası ortaya çıxsa, onu aldanış saymalıyıq, Ən azı ona görə ki, heç bir mədəniyyətə düşmənçilik mahiyyətindən qurtulmaq qismət olmayıb.

Daha düzü budur ki, mədəniyyətdə zərər vuran məqamda düşmənçilik partlayışını qabaqlayan, düşmənçiliyi səngidən mexanizmlər olmalıdır. Azərbaycan siyasi mədəniyyətinin ciddi problemi hakimiyyətlə müxalifət arasındakı düşmənçiliyin dərəcəsini azaldan mexanizmlərin ya olmaması, ya da yaxşı qurulmamasıdır. Hər bir mədəniyyətdə olduğu kimi bizdə də düşmənçilik min yerdə yatmış vulkan kimi gizlənir. Çoxumuz isə nə yerini bilirik, nə əlacını.

Şərhləri göstər

XS
SM
MD
LG