Keçid linkləri

-

AzadlıqRadiosunun arxivindən. Yazı 2012-ci ildə dərc olunub.

Novruz astronomik baxımdan yazın başlandığı, gecə ilə gündüzün bərabər olduğu gündür.

Bir çox ölkələrdə xalq arasında populyarlığına görə, 2009-cu ildə UNESCO Novruz bayramını dünyanın mədəni irsi siyahısına saldı.

2010-cu ildə BMT mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan etdi.

Ancaq Novruzun xalq arasında bu nəhəng populyarlığı onu siyasi amilə çevirib.

Novruz dini-siyasi hakimiyyətlərdə, avtoritar rejimlərdə qısqanclıq yaradır, digərləri əksinə, Novruzdan siyasi rəmz kimi istifadə etməyə çalışırlar.

İRAN

İranda da, Azərbaycanda olduğu kimi, Novruzun elə
dərin ənənəvi kökləri var ki, hətta İran İslam İnqilabı da Novruzu qadağan etmədi və ya edə bilmədi. Halbuki Novruz Zərdüşt dövrünə, atəşpərəstliyə gedib çıxır.

İranda Novruzda rəsmi olaraq 6 günlük bayramdır.
Uşaqlar üçün lap böyük bayramdır - məktəblərdə 14 günlük tətildir.

Bununla belə Novruz İranda ruhanilərin daima tənqid hədəfindədir.

Ancaq Novruzla mübarizə asan deyil.

İranın ali lideri Ayatollah Ali Khamenei dəfələrlə verdiyi fitvalarında və dini göstərişlərində dönə-dönə bildirir ki, Novruzun İslama söykənən dini əsası yoxdur, Novruz böyük ziyan vuracaq və mənəvi aşınmaya gətirəcək.
Ancaq Novruzun rəsmi bayram mərasimini birinci Ali Khamenei açır.

Sıravi iranlıların gözündə Novruz - kökləri İranın qədim tarixinə gedən milli simvoldur.

Hətta İran prezidenti Mahmoud Ahmadinejad-ın Ali Khamenei ilə siyasi mübarizədə özünü vətənpərvər kimi göstərməkdə Novruzdan istifadə etməsi faktı var.

Novruza rəğbət prezidentə xeyli siyasi divident qazandırdı.

Keçən il Ahmadinejad Ermənistan prezidenti Serzh Sargsyan-ı Novruz bayramında Tehrana – bayram şənliklərinə dəvət etdi.

Bu il isə Ahmadinejad Novruzu Tacikistanda bayram edir.

Bu da İran üçün səciyyəvidir. Bir çox iranlılar Novruz bayramını qonşu ölkələrə gedib, bayram edirlər.

Novruzu bayram etməyə hətta Ermənistana gedənlər var. Başqaları Dubaya və ya Azərbaycana gedir.

Səbəb isə çox sadədir. İranlılar Novruzu azad və rahat bayram etmək istəyirlər. Buna şərait qonşu ölkələrdə İrandan daha çoxdur.

Ancaq bu il iranlıların çoxu gedə bilmədi. Səbəb İran rialının son aylar 50 faiz dəyərdən düşməsidir.

Iraqda Novruz

Iraqda Novruz

KÜRDLƏR

Türkiyədə, İraqda, Suriyada, İranda yaşayan 30 milyon kürd üçün Novruz nəinki bayramdır, həm də
milli birlik, milli mübarizə simvoludur.

Türkiyədə qadağan olunan Kürdüstan İşçi Partiyası - PKK da, tam qanuni fəaliyyət göstərən Sülh və Demokratiya Partiyası da Novruz bayramında geniş yürüşlərə çağırırlar.

Türkiyədə Novruzun bayram olunması 2000-ci ildən qanuniləşib. Bunu Türkiyədən Avropa Birliyi tələb edirdi.

İraqda keçmiş diktator Saddam Hussein də Novruzu qadağan edə bilməmişdi.

Saddam Hussein-in gücü yalnız ona çatdı ki, Novruzu - martın 21-ni rəsmi olaraq «ağac günü» elan etdi.

Suriyada da prezident Bashar Assad hökuməti kürdlərə söz verir ki, Novruzun bayram olunmasına icazə verəcək.

Halbuki Suriyada Novruz kürd separatizminin simvolu hesab olunur.

Suriyada Novruz 1963-cü ildən qadağandır.

Burda da maraqlı ziddiyyət var. Novruzu Suriyada qadağan edən indiki prezidentin atası Hafez Assad-dır.

Hafez Assad hakimiyyətə gələndə Novruzu qadağan etdi.

Ancaq faktdır ki, Assad ailəsinin özü Novruzu bayram edir.

ƏFQANISTAN

Əfqanıstanda «Taliban» Novruzu qadağan etmişdi. Ancaq rəsmi qadağana baxmayaraq, əfqanlar evlərində Novruzu bayram edirdilər.

«Taliban» rejimi devriləndən sonra Novruz yenidən Əfqanıstanda rəsmi bayram oldu.

ÖZBƏKİSTAN

Orta Asiya ölkələrində yerli liderlər Novruzdan öz populyarlıqlarını artırmaq üçün istifadə edirlər. Ancaq burda da region liderləri orijinaldırlar.

Bütün dünyada Novruzun nə vaxt başlanması heç vaxt mübahisə doğurmur, çünki bu, astronomik hadisədir- gecə ilə gündüz bərabərləşdiyi vaxt Novruz qədəm qoyur.

Ancaq Özbəkistan prezidenti Islam Karimov elan edib ki, Novruzun nə vaxt gəldiyini yalnız o, müəyyən edir.

Şərhləri göstər

XS
SM
MD
LG