Keçid linkləri

“Titanik”, “Avatar” kimi məşhur filmləri çəkən Hollivud rejissoru James Cameron Mariana çökəkliyinə enə bilmiş 3-cü şəxs oldu.

Dünya okeanının ən dərin yeri olan Mariana çəkəkliyi Sakit Okeanda, Quam adasının 320 km-liyindədir və burda suyun dərinliyi 11 km-ə yaxındır, dəqiq deyilsə, 10898 metrdir.

Cameron bu dərinliyə təkbaşına enməkdə isə dünyada birinci oldu.

Cameron okeanın dibinə xüsusi hazırlanmış sualtı qayıqla enib.

Dünyada indiyə kimi Mariana çəkəkliyinə cəmi iki nəfər enə bilmişdi.

İsveçrəli mühəndis Jacques Piccard və amerikalı hərbi dəniz zabiti Don Walsh Mariana çəkəkliyinə 1960-cı ildə birlikdə enmişdilər.

Onlar suyun dibində 20 dəqiqə qalmışdılar. Cameron isə burda 3 saat olub.

O okeanın dibinin biologiya və geologiyası ilə bağlı şəkillər və videolar çəkib.

VİDEODAN AŞAĞIDA MƏQALƏ DAVAM EDİR...



Cameronun okeanın ən dərin yerinə ekspedisiyanı Cameronun özü, National Geographic və saat şirkəti Rolex maliyyələşdirib.

Cameronun suyun dibinə endiyi bir pilotlu “Challenger Deep” adlı sualtı qayıq isə materialşünaslıqda, struktur mühəndisliyində böyük sıçrayış hesab olunur.

Bu qayıq suda müxtəlif istiqamətlərdə dəqiqədə 150 metr sürətilə gedə bilir.

Suyun dibinə baş virmaq 57 yaşlı Cameron üçün yeni deyil. O, “Titanik” filminin çəkilişi üçün gəmi qalıqlarını görmək üçün 12 dəfə Atlantik Okeanına baş vurmuşdu.

P.S. Arayış üçün qeyd edək ki, Mariana çökəkliyinin dərinliyi dəqiq məlum deyil.

Bakılı adlı oxucumuz Mariana dərinliyinin 11022 metr olduğunu yazır. Ancaq bu hesablama təkrar təcrübələrdə təsdiq olunmur.

1957-ci ildə SSRİ gəmisi “Vityaz”ın ölçməsi 11034 metr göstərdi.

1962-ci ildə ABŞ-ın “Spenser Baird” gəmisi daha dəqiq cihazlardan istifadə etməklə dərinliyin maksimum 10915 olduğunu bildirdi.

1984-cü ildə Yaponiyanın “Takuyo” gəmisinin ölçməsi 10920 metr qənaətinə gəldi. Yaponların fikrincə, səhv 10 metr ola bilərdi.

1960-cı ildə Picard və Walsh Mariana çökəkliyinə düşəndə onların hesablamaları 11521 metr göstərmişdi. Ancaq sonradan bu, təftiş olunaraq 10916 metrə salındı.

Hətta James Cameronun indiki enişi haqda məlumatların bəzilərində deyilir ki, Cameron indiyə kimi məlum olan 10910 metr dərinliyə düşüb.
James Cameronun Mariana çökəkliyinə enməsi haqda Reutersin məlumatında isə dərinlik 10898 metr göstərilir

Şərhləri göstər

XS
SM
MD
LG