Keçid linkləri

-


Sevginin əski disturu

Azərbaycan türkünün ulus və kültür kimi dünyaya göz açdığı çağdan indiyənəcən ən çox söylədiyi konu sevgidir. Bizim düşünərlər, şairlər sevgi ilə bağlı çox ağıllı nəsnələr deyiblər. Məsələn Nəsimi, Füzuli yaxşı bilirdi ki, sevginin düsturu vəhdətdir (birlikdir). Yəni sevgi elədir ki, onun sonucunda sevən və sevilən iki təndə bir can olur.

Mən indi deyə bilərəm ki, çağımızın ciddi Azərbaycan problemi toplumda, sosial məkanda sevginin qıtlığıdır («birliyimiz azdır» deyiminin bir açımı da bu ola bilər). Başda duranların milləti sevməsi ilə bağlı millətdə çox böyük şübhələr var. Başda duranlarsa bəzən elə danışırlar ki, aşağıdakılarn milləti sevməsinə şübhələri sezilir («bu millətə nə etmisiniz?!»).

Adamlarımızın da bir-birinin vətən sevgisinə etibar etmədikləri sezilir. Qalır oğlan-qız sevgisi…

Eşq məsəsləsi

Yeni çağda belə sevgiyə də az rast gələrsən. Ancaq məni narahat edən odur ki, sevgi ilə bağlı millətimizdə və mədəniyyətimizdə çoxlu axmaq şeylər, aldanışlar (illüziyalar) var. Mən, artıq, bir dəfə çalışmışam «görməmiş» sözünün elmi açar olduğunu göstərim. İndi də onu işlədəcəm.
Azad adamın sevgisi az və çətin baş verir, ancaq baş verəndə köklü, əsaslı olur.

Çağımızda oğlanlarla qızlar arasında sevginin çox aşağı düşdüyünü görmək olar. İndi dəli-divanələri tapmaq xeyli çətindir.

Bunun dürlü səbəbləri var, biri də odur ki, oğlanlar da, qızlar da öncələrdəki kimi bir-birinin görməmişi deyillər. Onlar bir-birinin görməmişi olurlar divarlarla, pərdələrlə bir-birinə çətin keçən iki dünyaya bölünəndə.

Sovet məktəbi qızlarla oğlanları təkcə bir sinifdə yox, bir partada oturdanda iki separat dünyanı körpülərlə birləşdirdi. Birləşdirən kimi də görməmişlik XIX yüzilə baxanda azaldı və bu azalmaya uyğun sevgi də XIX yüzilin oğlan-qız eşqinə baxanda xeyli dünyəviləşmiş, romantikasını itirmiş göründü.

Bu gün, qızların xeyli feministləşdiyi, oğlanların bu feminizmlə xeyli barışdığı dönəmdə ötən yüzilə baxanda dəli sevgilərin sayı daha da azalıb, azərbaycanlı gənclər arasında «məhəbbət» romantizmi ekzotik fakta çevrilib.

Görməmişlikdə sevgi alovu

Deməli, bir sevgi var ki, görməmişlərindir. Onlar qadınsız dünyada, yəni kişilər dünyasında yaşadıqları üçün bir baxışa, bir gülümsəməyə bənd olaraq sevgidən dəli düşürlər.

O biri sevgi görməmiş olmayanlarındır. Belələri az sevirlər, sevəndə dəli-divanə olmurlar, ancaq əvəzində sevgiləri çətin sınaqlara dözür. Bu ikinci tip sevgi AZAD, ÖZGÜR ADAMLARIN SEVGİSİDİR. Azad adamın sevgisi az və çətin baş verir, ancaq baş verəndə köklü, əsaslı olur.

Görməmiş adamın sevgisi elədir ki, sevdiyindən daha yaxşısının olmasına asanca inanır, ona görə də sevgilisini daha yaxşısı ilə əvəz etmək istəyi həmişə onun içində pusquda durur.

Guya-sevginin başqa ifşası

Azad olmayan adamlar dünyasında oğlan-qız ilişgiləri bazar münasibətlərində özünü göstərən çoxlu çalarları sezdirir. Məsələn, gələcək əri ilə bağlı çox iddialı olan gözəl-göyçək qız qəfildən maddələr-mübadiləsinin pozulmasına görə şişmanlaşanda iddiası azalır və bu, bazarda puluna görə paltarı almağa çox oxşayır. Bazarda eyni tavar çox olanda, qıtlıq aradan getdiyi üçün qiymətlər də aşağı düşür.
...görünüşcə yaraşığı olmayan oğlanlar və qızlar mədəniyyətin müxtəlif sahələrinə daha çox şey veriblər, nəinki gözəllər.

Şou biznes dünyasında gözəl qızların və oğlanların bolluğu bəzi istisnalarla onları bir-birinə dəyərsiz edir və bunun çox qəribə fəsadları olur. Bu baxımdan millətə gözəllik arzulamaq yaxşı deyil. Millətdə gözəl qız və oğlanlar çox olanda gözəllik dəyərdən düşür.

Həm də tarixi öyrənsək, görərik ki, görünüşcə yaraşığı olmayan oğlanlar və qızlar mədəniyyətin müxtəlif sahələrinə daha çox şey veriblər, nəinki gözəllər. Gözəl oğlan və qızlar çox neməti asan aldıqları üçün əziyyətsiz uğura öyrəşirlər, yaş keçəndə isə bunun ziyanını görürlər. Gözəl oğlan və qızların arasında vətəni sevənlər o birilərinə baxanda az olur. Hərçənd ulusun gözəlləri və çirkinləri başqa mövzudur, onu sonraya saxlayaq.

Ədəbiyyatımızda sevgi

Azərbaycan ədəbiyyatı və Azərbaycan düşüncə tarixi gerçəkliyimizi saxtalaşdıraraq reallığımızdan bizə elə sevgilər verib ki, «azad adamın eşqi» ideyasına uyğun gəlib, halbuki gerçəkliyimizdə belə sevgi çox az olur.

Elə ona görə də Azərbaycan ədəbiyyatı və Azərbaycan düşüncəsi sufizmi çıxmaq şərti ilə «sevginin» psixolojisini açmaq, sevgidə ağlın dərinliyinə girmək məsələsində belə zəif olub. Elə ona görə də Azərbaycan romanları və hekayələrində sevənlər belə maraqsızdırlar (Anarın Təhminə və Zaurundan başqa). Bu, sevgi ilə bağlı çağımızın bir gerçəyidir.

Gördüz ki, onu əldə etmək üçün mən Azərbaycan sevgisini dekonstruksiya etməli oldum, yəni sökdüm ki, içində nələr gizləndiyini tapım.

Sevgini sökəndə nələr açılır

Sevgi ilə bağlı çağımızın o biri gerçəyini əldə etmək üçün sevgini ayrı yöndən dekonstruksiya edim. İş burasındadır ki, yüzillər boyu ədəbiyyat və mədəniyyət bizi inandırıb ki, sevgi mahiyyətinə, təbiətinə görə ruhanidir, yəni ruhun qaydalarına tabedir və mexanikanın qanunları onunla bağlı işləmir.
Azad adamın, yəni mexanikanın qanunlarına tabe olmayan kəslərin sevgisi başqa cürdür, nadir olur, ancaq olanda vedrə suyu kimi bölünüb azalmır.

Ona görə də eşqə düşmüş azərbaycanlılar nəsə ruh insanı olmalarına inanırlar. Ancaq bizim bu adamları müşahidə edəndə görürsən ki, onların çoxunda sevgi daha çox mexanikanın qanunlarına tabedir.

Mexanikanın qanunu nə deyir? Deyir ki, bir vedrə suyu iki paya bölmək olar və böləndə hər payda su daha az olacaq. İndi, əgər on iki uşağı olan ananın sevgisi on iki yerə bölünürsə və bu zaman hamankı vedrənin suyu kimi azalırsa, deməli, mexanikanın qanunu işləyir.

Azad adamın, yəni mexanikanın qanunlarına tabe olmayan kəslərin sevgisi başqa cürdür, nadir olur, ancaq olanda vedrə suyu kimi bölünüb azalmır.

Sevgini ona görə dekonstruksiya etdim ki, göstərim: biz azərbaycanlılar bəzi gözəl saydığımız xasiyyətlərimizə, özəlliklərimizə elə heyran oluruq ki, onların hər birində gizlənmiş eybimizi, ikiüzlülüyümüzü bilmirik. Halbuki özü haqqında aldanışlarda, miflərdə bulunmamaq ayıq insan kateqoriyasına düşməkdir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG