Keçid linkləri

Hüseynbala Səlimov, müstəqil analitik

Ermənistan Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS–lə bağlı danışıqlar prosesinin bitməsini gözləmədi. Bu günlərdə Ermənistanın baş naziri bəyan etdi ki, Azərbaycanla Rusiya arasında danışıqlar bir nəticə verməzsə, onlar öz ərazilərini Rusiyaya yeni RLS tikmək üçün təklif edəcəklər. Baş nazir onu da bildirib ki, Ermənistan dağlıq zona olduğundan onun ərazisi gələcək RLS üçün daha əlverişli olacaq, belə ki, bu halda onun əhatə etdiyi sektor bir az da böyüyəcək. Ermənistan baş nazirinin bu bəyanatını bir neçə aspektdən yozmaq olar. Ermənistan çox böyük həvəslə öz ərazisini Rusiyaya hərbi və hərbi – texniki məqsədlər üçün istifadə etməyə verir. Belə getsə bir gün ölkə bütün ərazisini hərbi baza elan edəcək. Amma baş nazirin bəyanatında həm də Azərbaycana təsir göstərmək cəhdi də vardı. Həmişə Azərbaycan Rusiya ilə bir problem yaşayanda Ermənistan öz «xidmət»ini təklif edir. Amma çox maraqlıdır ki, Ermənistan hökuməti başçısının bəyanatı Azərbaycanda o qədər də həyəcanla qarşılanmadı. Adətən bu iki ölkə bir–birinin hərbi güc və potensialının artmasına çox həssas yanaşır. Lakin indi nədənsə «İsti» və tələsik bəyanatlara rast gəlmədik.

BƏLKƏ RLS ÜÇÜN BAŞQA «MÜŞTƏRİ» TAPILIB?

Prezident Administrasiyasının sözçüsü Ə. Həsənovun məsələyə münasibəti çox ölçülüb – biçilmiş oldu. O bildirdi ki, əgər Rusiya Ermənistan ərazisində yeni RLS inşa etmək istərsə Azərbaycan bunu çox sakit qarşılayacaq. O, bir məsələni də qeyd etdi ki, Qəbələdəki obyekt Azərbaycanın mülkiyyətidir və o bu obyekti istənilən ölkəyə sərfəli şərtlərlə icarəyə verə bilər. Xatırladaq ki Qəbələdəki obyektlə Qərb dairələrinin də maraqlandığı haqda söhbət gəzir və Azərbaycanın bu obyekt üçün icarə haqqını artırması Qərb dövlətlərinin daha böyük vəsait təklif etməsilə izah olunurdu. İndi bunun nə qədər dəqiq olduğunu demək çətindir. Amma Azərbaycan rəsmilərinin tonundan belə bir işarə hiss olunur ki, onlar Rusiya ilə gedən danışıqların nəticələrilə bağlı elə bir narahatlıq keçirmirlər. Əgər narahatlıq olsaydı bu hökumət sözçüsünün müsahibəsində öz ifadəsini tapardı. Bir neçə amil belə təəssürat yaradır ki, Azərbaycan müəyyən mənada bilərəkdən Rusiyaya təklif olunan şərtləri öz maraqları baxımından ağırlaşdırır. Bu ilin ərzində İ. Əliyev həm NATO –nun, həm də Seulda keçirilən nüvə təhlükəsizliyi sammitinin iştirakçısı oldu. Onu da əlavə etmək lazımdır ki, ölkə bir müddət İsraillə bağlanmış silah – sursat müqaviləsinə görə qalmaqal yaşadı. Bütün bunlar Rusiyanın bu ölkə üçün cızdığı diplomatik konturdan bir qədər kənara çıxır. Elə M. Saakashvilinin bu yaxınlarda ölkəyə səfəri və onun Milli Məclisdəki çıxışı təsadüfi hallar sırası kimi yozula bilməz. BMT-dəki fəaliyyət də müəyyən mənada Qərbin maraq və gözləntiləri çərçivəsindədir. Azərbaycan xarici işlər naziri də İstanbulda keçirilən «Suriyanın dostları» sammitinə qatıldı. Bütün bunlar daxili siyasət mühitində heç bir dəyişikliklə müşayiət olunmasa da, xarici siyasətin kursu yenə də məlum istiqaməti – Qərbi göstərir.

DAHA BİR QAYIDIŞ...

Bu amili də istisna etmək olmaz. V. Putin təxminən bir aydan sonra vəzifəsini icra etməyə başlayacaq. Təbii ki, Azərbaycanın siyasətinin bütünlüklə Putin amili üzərində qurulmasını zənn etmək bir qədər sadəlövhlük olardı. Lakin bu da istisna deyil ki, bir vaxt «qayıdışlar epopeyası» yaşayan azərbaycanlıları bu qayıdış bir o qədər də sevindirməyəcək. Amma Putin Rusiyanın sükanını öz istədiyi istiqamətə yönəldə biləcəkmi? Bu yaxınlarda A. Navalny ilə çox maraqlı bir müsahibəni oxudum. O, korrupsiyaya və rüşvətxorluğa qarşı bir uğurlu mübarizə nümunəsi kimi Gürcüstanı göstərir. Bu, nəyin təzahürüdür və nəyə işarə edir? Hakimiyyətdən fərqli olaraq Rusiyadakı cəmiyyət heç də Gürcüstana düşmən kimi baxmır. Yəni ortalıqda bir cəmiyyət faktoru da var.

Amma Rusiya müxalifətinin etirazlarını izləyəndə adamda belə təəssürat və fikir oyanır ki, bütün bunlar Putinin növbəti qayıdışına möhtəşəm görüntü və forma vermək üçün idi, çünki aksiyaların amplitudası prezident seçkisinə uyğunlaşdırılmışdı - seçki bitdi, aksiyalar da söndü. Bəs Azərbaycanla bağlı daha nə demək olar? Mən İ. Əliyevin iki fikrini qeyd etmək istəyirəm. Keçid dövrü ilə bağlı o, bir dəfə bildirdi ki, Azərbaycanda keçid dövrü bitib. Daha sonra Azərbaycanın keçmiş SSRİ respublikası və yeni dövlət adlandırılması onda etiraz yaratmışdı və bununla bağlı bildirmişdi ki, Azərbaycan müstəqil dövlətdir. Mən bütün bunları niyə görə qeyd edirəm? Ölkənin taleyini məhz Rusiya faktoru əsasında yozmaq tendensiyasına da bir gün son verilməli və buna nöqtə qoyulmalıdır, çünki Rusiyadan asılılıq daha çox oturuşmamış dövlətçilik dövrləri üçün xarakterik idi, bu dövr isə artıq bitib. Bəlkə zamanı yetişib ki, Azərbaycanı Rusiyadakı proseslərin və tendensiyaların fonunda təhlil etmək qaydasına da bir əlvida deyilsin?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG