Keçid linkləri

Hüseynbala Səlimov, müstəqil analitik

«Belarus vağzalı» filmindən sonra Belarus sözü ilə uğurlu birləşmə tapmaq o qədər də asan deyil. Üstəlik, bu yazının mövzusu da heç də Belarusda və onun ətrafında baş verən proseslər deyil. Baxmayaraq ki, bu proseslər də çox tipik və xarakterikdir və elə əsas məsələ də budur ki, bir neçə ildir ölkə elə proseslər yaşayır ki, bunlar MDB-nin digər ölkələri və Azərbaycan üçün də səciyyəvidir. Ona görə da yazının adını «Belarus sindromu» qoyduq. Bu mövzuya müraciət etməyimizin bir özəl səbəbi də var: indi hara baxırsan və hansı qəzeti nəzərdən keçirirsən hamı Azərbaycan–Rusiya əlaqələrindən, o əlaqələrin indiki vəziyyətindən yazır. Biz bu yaxınlarda bu mövzuya ötəri olsa da müraciət etmişdik. İndi bir daha onu nəzərdən keçirməyi və bir sıra detalları yenidən təhlil etməyi qərara aldıq.

«BELARUSBAŞI»NIN STRATEGİYASI

Rusiya mətbuatında ironiya ilə Belarusbaşı adlandırılan A. Lukashenko neçə illərdir ki, Rusiya ilə siyasi oyun oynayır, nə birləşən tək birləşir və nə də ki, ayrılan kimi ayrılır. Məsələ bundadır ki, bu, uc variantların heç biri onun özəl maraqlarına cavab vermir. Rusiyaya birləşəcəyi təqdirdə Lukashenko ölkənin tək ağası ola bilməyəcək, bu isə bir ambisiyalı adam tək onun üçün heç də sərfəli deyil. Rusiyadan ayrılacağı və ondan böyük siyasi məsafə götürəcəyi təqdirdə o, hakimiyyətini tamam itirəcək və bəlkə də təzədən öz sovxozuna qayıtmalı olacaq, çünki bu halda o, Qərbin soyuq nəfəsi ilə qarşılaşacaq. Bu o qədər xarakterik detallardır ki, tək Lukashenko deyil, digər MDB liderləri də bu strategiya ilə silahlanıblar, onlar Rusiyadan olan siyasi məsafəni özlərini qorumaq üçün tənzimləyirlər. Bir vaxt İ. Karimov da ABŞ-la yaxınlaşmaq və Rusiyadan bir qədər artıq məsafə götürmək istədi. Lakin Əndican olayından sonra o «səhv» etdiyini başa düşdü və anladı ki, onun kimi diktatorlar üçün ən gözəl sığınacaq elə Rusiyadır. N. Nazarbayev də Rusiya ilə münasibətlərə xüsusi önəm verir və daim onun qlobal layihələrini dəstəkləyir. Bununla öz siyasi personası haqda inteqrasiya tərəfdarı olan lider obrazı yaradır və son nəticəsi onsuz da naməlum olan, heç vaxt baş tutmayacaq layihələrdən özü üçün bir növ siyasi sipər düzəldir – yəni, həmişə demək istəyir ki, mən buna da dəstək verdim, amma alınmadı. V. Putinin artıq 2013–cü ildən başlayaraq dövlət xidməti üçün vahid iqtisadi məkanda istehsal olunan avtomobillərin istifadə olunacağı haqda bəyanatını Azərbaycanda ironiya və hətta bir növ lağ etməklə qarşıladılar. Qazaxıstanda buna dəstək verirlər və vahid iqtisadi məkan siyasətinə qoşulurlar. Amma bir məsələ qaranlıqdır. Qazaxıstanın da siyasi elitası Azərbaycan rəsmiləri kimi Putinin qlobal layihələrinə gizlində gülmürlər ki? Şəxsən mən bu suala böyük tərəddüdlə yox cavabı verərdim və inanmıram ki, qazaxlar Rusiya ilə iqtisadi inteqrasiyanın perspektivinə o qədər də böyük ümidlər bəsləmiş olsunlar. Türkmənistan da eyni vəziyyəti imitasiya edir, Rusiya ilə oynayır. Faktiki olaraq Rusiyanın valyuta donoru rolunu oynayan bu ölkənin qazdan gələn gəlirləri özünün və Rusiyanın baş siyasi elitasını təmin etmək iqtidarındadır. Ona görə də onlar bundan artıq nəyəsə can atmağa tələsmirlər.

İ. ƏLİYEVİ RUSİYA İLƏ NƏ BAĞLAYIR?

İ. Əliyevi və onun məmurlarını Rusiya ilə təkcə siyasət bağlamır. Onun yaxın adamları Rusiyada məskunlaşıb. Təbii ki, bu da nəzərə alınmalı faktdır. Zira bu ölkənin Rusiya siyasəti Mərkəzi Asiya bölgəsinin siyasətindən bir qədər qəlizdir. İ. Əliyev özünü elə aparır ki, guya Rusiya təzyiq etmək və onu tutaq ki, Qarabağ məsələsində güzəştə getməyə vadar etmək istəyir. Amma bunu etmək üçün onun resursları varmı? Yaxın günlərdə rus analitikinin yazısını oxudum. O, qeyd edirdi ki, Gürcüstanı NATO yolundan döndərmək üçün bir qədər güzəşt etmək lazımdır, cənubi Osetiya və Abxaziya ərazilərini təzədən onun yurisdiksiyasına qaytarmaq lazımdır. Rusiyanı elə Azərbaycan-NATO əlaqələri də çox düşündürürdü, bəlkə də bu ölkə Azərbaycanın NATO ilə bu vaxta qədər olan münasibətlərinə Gürcüstandan daha çox diqqət yetirirdi. Bəs İ. Əliyev nə etdi? Tələsik Azərbaycanı neytral dövlətlərin blokuna qoşdu və Rusiyaya işarə etdi ki, onun NATO ilə bağlı o qədər də ciddi planları və məqsədləri yoxdur. Digər bir məsələ. «Nabucco» Rusiya ilə sövdələşmək üçün predmet ola bilərdi. Amma İ. Əliyev yenə də tələsik Türkiyə ilə anlaşma qurdu və onu da bu planın icrasından vaz keçməyə vadar etdi. Beləliklə, bir nəticə hasil edirsən ki, Azərbaycan Rusiya münasibətləri bir nəfərin siyasi maraqlarının təmin edilməsinə yönəlib. Bu münasibətlər vaxtaşırı pisləşir, o saat bizdə elə təəssürat yaranır ki, bəli, ölkə Rusiyadan uzaqlaşmaq istəyir.

Təbii ki, Rusiya İ. Əliyevin nüfuz sferasını başqa ölkələrə nisbətən daha çox məhdudlaşdırmağa cəhd edir. Buna görə də o, hərdənbir bundan qurtulmaq istəyir. Amma o biri tərəf də onun üçün «darısqal»dır, çünki Qərb daha otuz il hakimiyyət sükanını əlində saxlayan ikinci H. Mübarəklər istəmir...

Şərhləri göstər

XS
SM
MD
LG