Keçid linkləri

Bir vaxt italiyalı sənayeçi A.Peççei «Roma klubu» adlı təşkilat yaratmışdı. O təşkilatda ailimlər qrupu dünyanın qlobal problemləri ilə məşğul olurdu. Bir türk mənşəli amerikalı (H.Özbəkxan) da vardı onlar arasında. Amma bu əsas məsələ deyil. Əsas məsələ odur ki, o qrupun tədqiqatlarında bir pessimizim notları hiss olunurdu. Sovetlər birliyi dağılandan sonra o qrup özünün əsas diqqətini geosiyasi problemlərə yönəltdi. Bunu başa düşmək elə də çətin və qəliz iş deyil. Biz istəsək də, istəməsək də dünyada geosiyasi reallıqlar var və bu reallıqlar daim özünü diqtə edir.

Hələ İ.Kantdan başlayaraq dünyanın böyük dühaları dövlətlər və millətlər arasındakı münasibətləri nizamlamaq iqtidarında olan və ən başlıcası buna iddia edən çoxlu planetar modellər və sxemlər təklif ediblər. Geopoltika da belə sxemlərdən biridir. Etiraf edim ki, mən geopolitikanı o qədər də sevmir, ona rəğbət bəsləmirəm. Əsas səbəb odur ki, kiçik millətlər geopolitikanın fəal aktyorlarına çevrilmək iqtidarında olmur, onlar daha çox böyük maraqlar deyilən siyasi «tort»un elementləri rolunda çıxış edirlər. Bir başqa səbəb də var. Faşist Almaniyası dövründə bu ölkədə Y.Gebbelsin başçılığı ilə dərc olunan çox «populyar» dərgilərdən birinin adı elə «Geopolitka» idi. Lakin nə etmək olar? İndi nə Y.Gebbels var, nə də ki, Hitler, amma geopolitika bir elm kimi qalır və dünyanın çox nüfuzlu universitet və kolleclərində tədris olunur. Mən bu yazını yazmaqla geosiyasi mətləblərə münasibət izhar etmək fikrində deyiləm. Bu günlərdə Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun bir informasiyasını gördüm və elə dərhal onu sizinlə bölüşmək qərarına gəldim. Əsas məqsəd budur.
STOKHOLM İNSTİTUTU NƏ YAZIR?
Rus hərbiçiləri parada hazırlaşarkən

Rus hərbiçiləri parada hazırlaşarkən

İnstitut belə yazır ki, Rusiya indi hərbi xərclərinə görə dünyada 3-cü yerdə qərarlaşıb. Onun hərbi büdcəsi 72 milyard dollar təşkil edir. Müqayisə üçün deyək ki Böyük Britaniyanın hərbi xərcləri (2011 – ci il üçün) 62.7 milyard, Fransanın hərbi büdcəsi isə 62.5 milyard dollardır. Rusiya hərbi xərclərinin miqdarını son ildə 9.3 faiz artıraraq bu iki ölkədən önə keçib... Birinci yerdə 711 milyard dollarlıq hərbi büdcə ilə ABŞ, ikinci yerdə isə 143 milyard dollar təşkil edən hərbi büdcə ilə Çindir. Ədədlərə diqqət yetirdinizmi? Bu ölkələr BMT TŞ-nın daimi üzvləridir. Adam bu ədədlərə baxanda həmin o ölkələrin daimi üzv olmasının səbəbələrini daha yaxşı anlayır...

Mən kiçik hesablama apardım. Bu beş dövlətin birgə illik hərbi büdcəsi təxminən bir trilyon dollar təşkil edir. İndi özünüz təsəvvür edin, bu qədər pul başqa sahələrə- elm və təhsilə, səhiyyəyə sərf olunsaydı bunun nə qədər effekti olardı! Ən əsası isə bu qədər xərcin arxasında ona bəraət qazandırmaq problemi dayanır. Məhz ona görə müharibələr səngimir, dünyada silah alış- verişi ticarətin böyük bir hissəsini təşkil edir. Bu ədədlər çox ibrətamizdir. Məhz onlar böyük siyasət deyilən səhnənin qanun və qaydalarını diqtə edir. Xərc varsa, buna bəraət də olmalıdır – bəraət isə dünyanın gah bu yerində, gah da başqa bir yerində həyata keçirilən hərbi əməliyyatlar və müharibələrdir ki, bunu bir az əvvəldə qeyd etdik. Amma bu həm də bir dərsdir. Kimin üçün? İndi aydın olacaq. Bu dünyanın reallıqları bu ədədlərdə ifadə olunub. Siyasətsə real olanın sənəti adlanır, siyasətdə reallıq hissini itirmək ayaqların altında dayağı itirmək tək bir şeydir.
KİÇİK DÖVLƏTLƏRƏ NƏ QALIR?
Kiçik dövlətlərin hərbi ambisiya və iddialarına baxanda adam bilmir ağlasın, ya gülsün! Bu da səbəbsiz deyil. Əvvəldə dedim ki, geopolitika kiçik xalqlar üçün deyil. Bəzən deyirlər ki, böyük dövlətlərin arasında ziddiyyətlər var və kiçik dövlətlər də bu ziddiyyətlərdən faydalana, onların fonunda «oynaya» bilərlər. Bəlkə də bu, mümkündür, amma çox təhlükəli «oyun»dur. Bu kiçik dövlətlər bir həqiqəti nə qədər tez qəbul etsələr bir o qədər yaxşıdır- güclər müstəvisində onlara yer yoxdur, burada «ayaq altında qalmaq olar». Həmin dövlətlər beynəlxalq münasibətlərin humanistləşməsinə, onların prinsip və qanun əasında qurulmasına çalışmalıdır. Əks halda onlar həmişə uduzacaq.
Bəzən deyirlər ki, kiçik dövlətlərlə böyük dövlətlər arasındakı fərqlər ötəridir və müvəqqəti xarakter daşıyır. Lakin belədirmi? Həqiqət başqa şey deyir, ən azı ona görə ki, hələki fərqlərin azalması deyil, artımı müşahidə olunur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG