Keçid linkləri

-


2012-ci il aprelin 17-i. Həmin gün Azərbaycanın enerji tarixində iz buraxacaq bir hadisə baş verdi. Belə ki, Şahdəniz yatağının “Mərhələ-2” layihəsi çərçivəsində ilkin mühəndis-layihələşdirmə işlərinin başlanmasına start verildi.

Bundan sonra qalır 2013-cü ildə əldə olunan bütün təfsilatlı məlumatlar əsasında Azərbaycan hökumətinin bu layihəni sanksiyalaşdırması.

Yəni, bununla Azərbaycan tərəfi Şahdəniz layihəsi iştirakçıları qarşısında hüquqi öhdəlik götürəcək ki, layihəyə yatırılan kapitalın kommersiya şərtlərinə uyğun olaraq geri qaytarılmasına və müqavilədə hökumətin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə razıdır.

Beləliklə, layihələndirilməsinə 2006-cı ildən başlanan “Mərhələ-2” kimi meqa bir layihə nəhayət ki, tamamlanmaq üzrədir.

Meqa layihə

“BP-Azerbaijan” şirkətinin rəhbəri Rəşid Cavanşir hesab edir ki, əslində “Mərhələ-2” özü ayrı-ayrı 6 layihənin birləşməsindən ibarətdir və bunların biri həyata keçməzsə, onun icrası da baş tutmaz.

Nədir bu layihələr?

  • Dənizdə quraşdırılacaq iki platformanın tikintisi,
  • 26 sualtı quyunun qazılması və 550 km sualtı boru xəttinin çəkilməsi (Xəzərdə ilk dəfə olaraq hasilat dəniz dibində quraşdırılmış avtomatlaşdırılmış modullar vasitəsilə həyata keçiriləcək),
  • Səngəçal qaz terminalının genişləndirilməsi,
  • Azərbaycan ərazisində yeni ixrac infrastrukturunun yaradılması,
  • Gürcüstan ərazisində mövcud boru kəmərinin buraxıcılıq gücünün artırılması,
  • Türkiyə ərazisində Transanadolu magistral qaz kəmərinin çəkilməsi və nəhayət, “Mərhələ-2” layihəsi çərçivəsində hasil ediləcək qazın böyük hissəsini Avropaya ixrac edəcək infrastrukturun seçimi.

Bu son 3 layihənin uğurlu həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq Xəzər sahilindən Şərqi Avropanın ən ucqar hissəsinədək 4 min kilometrdən artıq bir infrastruktur yaradılması planlaşdırılır və bunun böyük bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.

“Mərhələ-2” niyə bahalaşdı?
...ilk dəfə olaraq Xəzər sahilindən Şərqi Avropanın ən ucqar hissəsinədək 4 min kilometrdən artıq bir infrastruktur yaradılması planlaşdırılır və bunun böyük bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.

Aprelin 17-də BP şirkəti (“Şahdəniz”in texniki operatoru) rəsmən “Mərhələ-2” layihəsinin qiymətini elan etdi - $25 mlrd.

Bu məbləğ və “Mərhələ-2” layihəsi çərçivəsində ilkin mühəndis-layihələşdirmə işlərinin başlanmasına start verilməsi elə həmin gün Azərbaycan prezidenti İlham Əliyevin BP Plc. şirkətinin-nin baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüşdən sonra rəsmən elan edildi.

Dadli Bakıya Ankaradan gəlmişdi. Bundan əvvəl o, Bakıda 5 ay əvvəl olmuşdu və yenə də Ankaradan gəlmişdi. Özü də hər dəfə Bakıya gəlməzdən öncə Türkiyədə yüksək səviyyədə qarşılanır və mötəbər görüşlər keçirir.

Hazırkı səfər zamanı Şahdəniz qazının Qərb istiqamətində irəliləməsi üçün görünür ki, böyük hazırlıqlar görülüb və hər iki ölkənin siyasi rəhbərliyi səviyyəsində həlli müşkülə düşmüş məsələlərin çözülməsi də həllini tapıb. Əks təqdirdə BP bu cür ümidverici mətbuat məlumatı yaymazdı.

Yəqin diqqətli oxucuların yadındadır ki, “Mərhələ-2” layihəsi təqdim edilərkən 2008-ci ildən üzü bəri həmişə onun qiymətinin $20 mlrd ətrafında olacağına dair fikirlər səsləndirilirdi. Ancaq indi məlum olur ki, layihənin dəyəri 25% artır.

Düzdür, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəsmiləri bildiriblər ki, real qiymət layihə üzrə müqavilələr imzalananda bəlli olacaq və ola bilsin qiymətlər ucuzlaşsın. Ancaq ola da bilər ki, qiymət bahalaşsın.

Əslində isə layihənin qiymətinə təsir edən ən başlıca amil Azərbaycan ərazisində yeni infrastrukturun yaradılması ilə bağlıdır.

Əvvəlki layihələrdə mövcud kəmərin genişləndirilməsindən söhbət açılırdısa, indi Gürcüstan sərhədinədək 56 düyməlik yeni qaz kəmərinin tikintisi planlaşdırılır. Özü də bu kəmər elə layihələndiriləcək ki, ilkin zaman onunla 16 mlrd m3 qaz ixrac etmək mümkün olsun, sonralar nasos stansiyalarının gücünü artırmaqla nəqletmə qabiliyyətini də yüksəltmək olar.

Borular üzərində nəzarət

SOCAR artıq elan edib ki, TANAP-a nəzarət paketini özündə saxlamaq şərti ilə xarici şirkətlərin bu layihəyə cəlb edilməsi prosesinə başlayıb. Bununla bağlı hətta SOCAR-a Ukrayna hökuməti də müraciət edibmiş.
...kim şərtləri qəbul edəcəksə, o da yaxın 40 il üçün Xəzərdən Avropaya uzanacaq infrastrukturda özünə yer edəcək. Bu isə həm biznesdir, həm siyasət, həm də bəlkə daha çoxsahəli bir ticarət.

Ancaq rəsmi Kiyevə bildirilib ki, bu layihədə o şirkətlər iştirak edə bilərlər ki, onlar hasilatla məşğul olsunlar, ikincisi də onların TANAP-a vurula biləcək qazı olsun. Bu baxımdan yerli və xarici mətbuatda qeyd edilir ki, SOCAR 51% özündə saxlamaqla xarici şirkətlərə 29% pay ayıra bilər, çünki yerdə qalan 20% Türkiyəyə məxsus olacaq.

Ancaq bir məsələ var. TANAP layihəsində təkcə BP deyil, Azərbaycandakı qaz layihələrinə cəlb olunmuş 3-4 şirkət iştirak etsə necə? Onda SOCAR nəzarət paketini hətta 35%-ə qədər də endirə bilər. Sual olunur nəyin müqabilində?

Cavabı artıq danışıqlar predmetindən asılıdır: kim şərtləri qəbul edəcəksə, o da yaxın 40 il üçün Xəzərdən Avropaya uzanacaq infrastrukturda özünə yer edəcək. Bu isə həm biznesdir, həm siyasət, həm də bəlkə daha çoxsahəli bir ticarət.

P.S.
Ötən ilin sonlarında BP və onun “Şahdəniz” konsorsiumundakı tərəfdaşları Orta Doğu Texniki Universitetinə (Ankara) Türkiyə mühəndisləri üçün yeni bir texniki təlim və beynəlxalq sertifikat verilməsi proqramını həyata keçirməkdə dəstək verəcəklərini elan etdilər. 2012-ci ildən başlayaraq 4 il müddətində bu proqram nəticəsində 300-dən artıq boru xətti mühəndisinin beynəlxalq sertifikat alacağı gözlənilir. Onlar boru kəmərlərinin istismarında lazım olacaqlar.

Bunu oxuyandan sonra şübhəm qalmadı ki, Azərbaycan qazı Avropaya BP-nin təklif etdiyi SEEP marşrutu ilə gedəcək. Yoxsa bu qədər mühəndis nəyə gərəkdir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG