Keçid linkləri

-

Uzun müddətdən sonra hakimiyyətin siyasi aksiyalara razılıq verməsi və bu razılığa adekvat reaksiya tək müxalifətin təyin edilən yerdə aksiya keçirməsi tərəflər arasında kövrək bir razılıq görüntüsü yaratdı. Müxalifətin sayəsində bu razılıq hələki qüvvədədir, belə ki, o, aprelin 22-nə təyin olunmuş aksiya üçün də qeyri yer aramır və onu icazə verilən ünvanda keçirmək əzmindədi. Amma hökumətin rüblük hesabatına həsr olunmuş iclasdakı çıxışında ölkə başçısı İ.Əliyev maraqlı bir ifadə işlətdi. O dedi ki meriya o insanlar üçün ən məqbul və onlara yaraşan yer seçib. Qeyd edim ki, müxalifətə münasibətdə İ.Əliyev birinci dəfə deyil ki, bu cür ifadələrdən istifadə edir və bu yanaşma bələ təəssürat yaradır ki, müxalifətin nəinki demokratiyaya yumşaq keçidlə bağlı təklif etdiyi yol xəritəsi və hətta yaxın perspektiv üçün nəzərdə tutulan digər mühüm məsələlər də həll edilməmiş qala bilər. Bu gün üçünsə həmin o mühüm məsələlər siyasi aksiyalarla bağlı qadağaların götürülməsi və bir də böyük mahnı festivalı ərəfəsində siyasi məhbusların azadlığa çıxmasıdı.

İcazəli yerlərdə aksiya keçirməklə müxalifət birinci məsələ ilə bağlı izafi bir problem yaratmayacağına, məsələni qəlizləşdirməkdə israrlı olmayacağına işarə edir. O, biri məsələ – siyasi məhbusların azadlığa buraxılması isə hələ qeyri – müəyyən olaraq qalır. Bir neçə hüquq müdafiəçisi bildirib ki, onların azadlığa buraxılması haqda artıq prinsipial razılıq var və böyük ehtimalla bu insanlar mahnı festivalına qədər azadlığa buraxılacaqlar. Amma bir az əvvəl qeyd etdiyimiz kimi, hakimiyyətin müxalifətlə bağlı siyasi ritorikası ortalıqda ciddi bir razılaşmanın olmasına ümid etməyə o qədər də əsas vermir. Bəlkə də buna hakimiyyətin tanış «siyasi mentaliteti» kimi yanaşmaq və məsələyə əhəmiyyət verməmək də olardı, amma bu siyasət 19 ildir ki, davam edir və o artıq bəzi siyasi özəllikləri sistemləşdirməyə imkan verir.

ZƏİF GÖRÜNMƏMƏK ÜÇÜN

Hakimiyyət özünü güclü siyasi vektor kimi təqdim edir. Lakin nədən bu ölkə dinc siyasi fəaliyyət üçün bu qədər əlverişsizdir? Nədən hakimiyyətin siyasi ritorikasında barışıq və anlaşma notları hiss olunmur? Hər məsələdə özünü öymək, rəqiblərini aşağılamaq və bəzən də onları hətta təhqir etmək! Bütün bunlar tanış sindrom deyilmi? Siyasi məhbusların azadlığa buraxılması ona görə yubadılır ki, cəmiyyətdə belə bir təsəvvür yaranmasın ki, hakimiyyətin bu addımı ölkə müxalifətinin və beynəlxalq institutların təzyiqləri sayəsində baş tutmuş oldu. Siyasi aksiyalara da müxalifətin istədiyi yerlərdə həm də o səbəbdən icazə verilmir ki, bu, insanlarda hakimiyyətin geri çəkilməsi fikrini yarada bilər. Mən bu haqda çox düşünmüşəm və bu gün üçün qənaətim də olduqca sadədi. Fikrimcə, bir çox hallarda hakimiyyətlər tutduqları mövqeyi nəzərə almırlar, onun fərqində olmurlar və siyasətə, bizim dildə desək, onun tələb etdiyi səviyyədən yanaşmırlar, öz fərdi psixologiyalarını ümumi norma və prinsiplərə çevirməyə cəhd edirlər.

Muammar Qaddafi

Muammar Qaddafi

Uşaqlıq vaxtı insan hər addambaşı öz mənini təsdiq etməyə, özünün daha üstün olduğunu sübut etməyə, özünün yaşından böyük görünməyə cəhd edir. Siyasətdə də belə simptomların izini görmək mümkündür. M.Gaddafi öz böyüklüyünə o qədər inanmışdı ki, hətta özünə vəzifə də seçə bilmirdi, özünə layiq vəzifə də tapa bilmirdi, bütün titul və vəzifələr ona kiçik görünürdü. Türklərin bir yaxşı sözü var: «dəliqanlı». O söz səhv etmirəmsə, daha çox çılğın gənclərə tətbiqən işlədilir. Mən indi bu sözü eşidəndə B.Assadi düşünürəm. O adam başa düşə bilmir ki, hər bir gün və hər bir öldürülən adam onun özünün qurtuluş yolunu, dayanmaq şansını və barış imkanlarını heçə endirir və yaxud S.Türkmənbaşını yada salın. Bu adam öz nazirlərini döyürdü, onları qaçırdırdı, özünün əcaib planlarını belə bildirməkdən çəkinmirdi, pinqvinlər üçün səhrada düşərgə salmaq istəyirdi və hətta bir xalq kimi türkmənlərin nankorluğundan gileylənirdi. Hətta Stalin otağının divarlarını müxtəlif dərgilərdən kəsdiyi şəkillərlə bəzəyirdi. Bunları problemsiz olaraq siyasi infantilizmə şamil etmək olar. Lakin bu hələ hamısı deyil...

AVTORİTAR SİSTEMLƏRİN İKİ NÖVÜ

Tədqiqatçılar avtoritar sistemləri iki qrupa bölürlər. Birincisi özünün xüsusi sosial- siyasi layihəsi olan sistemlərdir. Bunlar macəraçı uşaqlara bənzəyir və daim macəralar axtarır, başqalarını da bu macəralara inanmağa və onlara qoşulmağa vadar edirlər. İkinci qrup isə belə layihəsi olmayan və daha çox stabilliyi dondurmaqla mövcud olan sistemlərdir. Bunlar da tənbəl uşaqları xatırladırlar. Onlar istirahətə, müxtəlif əyləncələrə daha çox meylli olurlar və bütün ölkəni özlərinin oyuncaqlarına çevirirlər. Son nəticə hər iki sistemdə eynidir- ölkə bütünlüklə bir nəfərin oyuncağına çevrilir. Siyasi infantilizmin əsl təzahürü də elə budur. İnfantillik avtoritar liderlərə bir özəllik verir, çünki uşaqlar da müxtəlif olur. Bəzən avtoritar liderlərin törətdikləri əməlləri belə unudub onların xarakterindəki müxtəlif zəifliklərə və idarəçilik üsullarındakı özünəməxsus detallara ürəkdən gülürük. Bizə elə gəlir ki, bunlar həyatda ola bilməz, bu sadəcə bir nağıldır, bir multikdir. Hətta onu da unuduruq bu nağıl və ya multik bəzən on illərlə davam edir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG